Xroniki yuxusuzluq zamanı beyin sanki özünü “yeməyə” başlayır. Bu, sadəcə jurnalistik məcaz deyil, müəyyən elmi tədqiqatların nəticələrinə əsaslanan bioloji prosesin sadələşdirilmiş təsviridir.
Aztibb.az "Medikforum"a istinadən yazır ki, keyfiyyətsiz yuxunun təsiri səhər yorğunluğu ilə məhdudlaşmır, beynin özünütəmizləmə və bərpa mexanizmlərinə də təsir göstərir. Mikroqliya hüceyrələri beyindəki tullantıların təmizlənməsində və neyronlar arasındakı əlaqələrin tənzimlənməsində mühüm rol oynayır. Tədqiqatların nəticələrinə görə, uzunmüddətli yuxusuzluq zamanı bu hüceyrələr həddindən artıq aktivləşərək normal şəraitdə qorunmalı olan bəzi sinir əlaqələrini də aradan qaldıra bilər.
“Beyin özünü yeyir” ifadəsi məhz bu proseslə əlaqədardır. Bu ifadə elmi mexanizmi sadələşdirilmiş formada əks etdirsə də, onun əsasında real bioloji proses dayanır.
Xroniki yuxusuzluq diqqəti cəmləmək və öyrənmək qabiliyyətinin zəifləməsinə, yaddaş problemlərinə, iltihabi proseslərin və hüceyrə stressinin artmasına səbəb ola bilər. Eyni zamanda, yuxu zamanı beynin tullantılardan təmizlənməsi prosesi pozula, uzunmüddətli perspektivdə isə sinir sisteminə mənfi təsirlər yarana bilər.
Mütəxəssislərin diqqətə çatdırdığı əsas məqamlardan biri də budur ki, yuxu itirilmiş vaxt deyil. İnsan yatarkən beyin bərpa olunur, orqanizmin fəaliyyət mexanizmləri tənzimlənir və gün ərzində toplanmış tullantıların təmizlənməsi prosesi davam edir. Buna görə də keyfiyyətli və kifayət qədər yuxu beyin sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.

