Anus kənarında qəfil yaranan ağrılı düyün trombozlaşmış hemorroyla əlaqəli ola bilər.
Aztibb.az xəbər verir ki,cərrah-proktoloq və endoskopist PhD Anar Əliyevin sözlərinə görə, bu vəziyyət xarici hemorroy düyünündə qan laxtasının yaranması nəticəsində meydana gəlir və qəfil başlayan ağrı, şişkinlik və toxunma zamanı həssaslıqla müşayiət oluna bilər.
Trombozlaşmış hemorroyun əsas əlamətləri anal nahiyədə qəfil yaranan ağrılı şişkinlik, düyünün göyümtül və ya bənövşəyi rəng alması, oturarkən və hərəkət zamanı narahatlıq, bəzi hallarda isə qanaxmadır. Ağrının şiddəti fərqli ola bilər və simptomlar gündəlik fəaliyyəti çətinləşdirə bilər.
Belə vəziyyətlə qarşılaşdıqda düyünü sıxmaq, deşmək və ya özbaşına müdaxilə etmək olmaz. Ağrı qəfil başlayıbsa və ya güclüdürsə, xüsusilə ilk 72 saat ərzində proktoloqa müraciət etmək məqsədəuyğundur. Bu müddətdə həkim müayinəsi müalicə variantlarının qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Müalicə üsulu ağrının şiddəti, simptomların nə vaxt başlaması və müayinə nəticələri nəzərə alınmaqla seçilir.
Qeyd etmək lazımdır ki, anal nahiyədə yaranan hər ağrılı düyün hemorroy deyil. Bənzər əlamətlər digər xəstəliklərdə, o cümlədən anal abses zamanı da müşahidə oluna bilər. Qızdırma, artan şişkinlik, irinli axıntı və ya güclənən ağrı olduqda təcili tibbi qiymətləndirmə vacibdir.
Qəfil yaranan ağrılı düyünü adi hemorroy hesab edərək müayinəni gecikdirməyin. Vaxtında həkimə müraciət düzgün diaqnozun qoyulmasına və uyğun müalicənin seçilməsinə kömək edir.

