Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti iclası baş tutub. İclasın əsas gündəliyini fakültə TEC sədrliyinə keçirilən seçki təşkil edib.
Aztibb.az-a verilən xəbərə görə, tədbirdə ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova, I MPF-in dekanı Törə Sadıqova, I MPF TEC-in elmi rəhbəri Səbinə Şadlinskaya, ATU TEC sədri Nigar Babayeva, sədr müavinləri, fakültə şura üzvləri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.
Çıxışçılar Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi-tədqiqat fəaliyyətinə yönəldilməsində, onların potensialının üzə çıxarılmasında və gələcək həkim-mütəxəssis kimi formalaşmasında mühüm rola malik olduğunu vurğulayıblar.
Seçkidə fakültə sədrliyi uğrunda 5 namizəd — Ali Ghorbaniazar, Məryəm Quliyeva, Aytən Ələkbərova, İsa Mehmanlı və Şahin Məmmədov mübarizə aparıblar. Namizədlər gələcək fəaliyyət proqramları və layihələri barədə məlumat veriblər.
Şəffaf və demokratik şəraitdə keçirilən səsvermənin nəticələrinə əsasən, Ali Ghorbaniazar I Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri seçilib. O, göstərilən etimada görə təşəkkürünü bildirərək, fakültə tələbələrinin elmi fəallığının artırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində fəal çalışacağını qeyd edib.

