Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” Tədris İdman Mərkəzində Bakının 2026-cı il üçün Dünyanın İdman Paytaxtı seçilməsi münasibətilə tələbələr arasında keçirilən futzal və 3x3 basketbol turnirlərinə yekun vurulub.
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
Bildirilib ki, yarışlarda ATU-nun altı fakültəsini təmsil edən 110 tələbədən ibarət 12 komanda mübarizə aparıb.
Futzal üzrə Hərbi tibb fakültəsinin VI kurs tələbələrindən ibarət komandası birinci, Müalicə-profilaktika fakültəsinin komandası ikinci, Hərbi tibb fakültəsinin II kurs tələbələrindən ibarət komanda isə üçüncü yeri tutub.
3x3 basketbol yarışında isə II Müalicə-profilaktika fakültəsinin komandası qalib olub. I Müalicə-profilaktika fakültəsinin komandası ikinci, Stomatologiya fakültəsinin komandası üçüncü yeri qazanıb.
Mükafatlandırma mərasimində “Təbib” Tədris İdman Mərkəzinin sədri Qələndər Aslanov bildirib ki, yarışlar yalnız idman nəticələrinin müəyyənləşdirilməsi deyil, həm də tələbələrin sağlam həyat tərzinə, komanda ruhuna və mübarizə əzminə bağlılığının göstəricisidir. Onun sözlərinə görə, idman insana intizam, iradə və məsuliyyət aşılayır, qarşıya qoyulan məqsədə inamla çatmaq bacarığını formalaşdırır. Q.Aslanov mərkəzin fəaliyyət fəlsəfəsini ifadə edən “Bədən tərbiyəsi və idman həkimin ikinci peşəsidir” şüarını da diqqətə çatdırıb.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov tələbələrlə yenidən görüşməkdən və qalibləri təbrik etməkdən məmnunluğunu ifadə edib. O, bu cür tədbirlərin ölkədə idmana göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, yarışların təşkilində əməyi olanlara təşəkkür edib və qaliblərə uğurlar arzulayıb.
Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev yarışların şəhidlərin əziz xatirəsinə ehtiram ruhunda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Fakültənin VI kurs tələbələrindən ibarət komandanın turnirdə qalib gəlməsinin onu qürurlandırdığını qeyd edən M.Rzayev bütün iştirakçıların yarışda uğur qazandığını vurğulayıb. O, gələcəyin həkiminin yalnız savadlı mütəxəssis deyil, həm də geniş dünyagörüşünə, biliyə və elmi düşüncəyə malik şəxsiyyət olmasının vacibliyini diqqətə çatdırıb.
II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli tələbələrin idman yarışlarında iştirakını təşviq etdiyinə görə Qələndər Aslanova təşəkkürünü bildirib. O, fakültə tələbələrinin belə tədbirlərdə iştirakına hər zaman dəstək göstərdiklərini qeyd edib.
Çıxışlarda Bakı Şəhər Gənclər və İdman İdarəsi və Nəsimi Rayon Gənclər və İdman Sektoru ilə birgə təşkil olunan bu yarışların artıq ənənə halını aldığı vurğulanıb.
Mərasimin sonunda futzal və 3x3 basketbol yarışlarının qaliblərinə mükafatlar təqdim olunub. Həmçinin taekvando üzrə ustad dərslərində iştirak edən tələbələr sertifikatlarla, məşqçi-müəllimlər isə təşəkkürnamələrlə təltif ediliblər.

