Qandakı kiçik “qabarcıqlar” beynin vəziyyəti barədə nə deyir?
06.10.2026 09:22

Alimlər mürəkkəb və invaziv prosedurlara ehtiyac olmadan alkoqol asılılığı olan insanların beyninin vəziyyətini qiymətləndirməyə imkan verən yeni üsul müəyyən ediblər. Hazırda alkoqol asılılığı diaqnozu əsasən insanın davranışlarına əsasən qoyulur, çünki standart qan analizləri bu vəziyyətə xas spesifik dəyişiklikləri aşkar etmir.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, qanda dövr edən mikroskopik “mesajlar” – hüceyrələrarası informasiya mübadiləsində iştirak edən hüceyrədənkənar vezikullar sinir sisteminin vəziyyəti barədə məlumat verə bilər. Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr gələcəkdə orqanizmin vəziyyətini daha obyektiv qiymətləndirən testlərin hazırlanmasına, yüksək risk qruplarının əvvəlcədən müəyyənləşdirilməsinə, onkoloji xəstəliklərə qarşı diqqətin artırılmasına və insanların alkoqoldan sui-istifadədən imtina etməsinə motivasiya verməyə imkan yarada bilər.

Bununla belə, ekspertlər metodun effektivliyini qiymətləndirmək üçün daha geniş iştirakçı qrupları ilə klinik tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayırlar.

Alkoqol asılılığı necə müəyyən edilir?

Həkimlər adətən “alkoqol asılılığı” diaqnozunu pasiyentin davranışlarına əsasən qoyurlar. Bunun səbəbi rutin qan analizlərinin bu xəstəliyə xas spesifik dəyişiklikləri aşkar edə bilməməsidir.

Yeni yanaşma isə qanda dövr edən mikroskopik vezikulların – hüceyrələr arasında informasiya mübadiləsində iştirak edən hüceyrədənkənar kiçik qabarcıqların öyrənilməsinə əsaslanır.

Seçenov Universitetinin alimləri Rusiya Elmlər Akademiyasının Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutunun, V.A. Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzinin və Skoltech mütəxəssisləri ilə birgə ilk dəfə asılılığı olan pasiyentlərin xəstəxanaya yerləşdirildiyi andan müalicənin 10-cu gününədək bu göstəricilərdə baş verən dəyişiklikləri izləyiblər.

Əldə olunan nəticələr alkoqoldan imtina dövründə insanın vəziyyətinə fərdiləşdirilmiş nəzarət imkanının yarana biləcəyini göstərir.

Hüceyrədənkənar vezikullar nədir?

Kiçik hüceyrədənkənar vezikullar ölçüsü 200 nanometrədək olan, insan saçından yüzlərlə dəfə nazik mikroskopik membran qabarcıqlarıdır. Onlar hüceyrələr tərəfindən ifraz olunur və orqanizmin bir növ “poçt sistemi” rolunu oynayırlar.

Hüceyrələr zülalları, lipidləri və nuklein turşularını, o cümlədən mikroRNT-ni bu vezikulların daxilinə “qablaşdırırlar”. Daha sonra vezikullar hüceyrədən ayrılaraq orqanizmdə dövr edir və siqnal molekullarını digər hüceyrələrə çatdıraraq onlarda müəyyən reaksiyaları işə salırlar. Neyronlar da bu mexanizmdən istifadə etməklə informasiya mübadiləsi aparırlar.

Hüceyrədənkənar vezikullar qan-beyin baryerini keçə bildiyinə görə sinir sisteminə bir növ “çıxış pəncərəsi” rolunu oynaya bilər.

Seçenov Universitetinin Psixiatriya və Narkologiya kafedrasının assistenti, tibb elmləri namizədi Vsevolod Severtsovun sözlərinə görə, canlı insandan beyin toxuması nümunəsinin götürülməsi son dərəcə çətin olduğundan qandakı vezikulların öyrənilməsi depressiya və alkoqol asılılığı da daxil olmaqla müxtəlif xəstəliklərin diaqnostikası və müalicə üsullarının seçilməsi üçün yeni imkanlar yaradır.

Alkoqoldan imtina zamanı qandakı göstəricilər dəyişib

Tədqiqat çərçivəsində alimlər vezikullardakı dəyişikliklərin dinamikasını ilk dəfə izləyiblər. Qan nümunələri pasiyentlərin xəstəxanaya qəbul edildiyi gün, müalicənin 3–5-ci günlərində və 9–11-ci günlərində götürülüb.

Mikroskopik araşdırma sağlam insanlarda vezikulların daha homogen olduğunu göstərib. Onların əsas hissəsinin ölçüsü 30–90 nanometr arasında olub. Alkoqol asılılığı olan pasiyentlərdə isə ölçüləri 20–100 nanometr arasında dəyişən hissəciklərlə yanaşı, forması dəyişmiş strukturlar da aşkarlanıb.

Sağlam könüllülərlə müqayisədə ayrı-ayrı vezikul növlərinin konsentrasiyasında da fərqlər müəyyən edilib.

Alimlər müəyyənləşdiriblər ki, müalicənin 3–5-ci günlərində alkoqol asılılığı olan insanlarda trombosit mənşəli vezikullar olan CD62P+ səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

Trombositlər qanın laxtalanmasına cavabdeh qan hüceyrələridir. Toxuma zədələndikdə və ya iltihab zamanı onlar aktivləşir, daha “yapışqan” olur və bir-birinə birləşərək zədələnmiş nahiyəni bağlayan laxta əmələ gətirirlər.

Bu səbəbdən trombositlərin aktivləşməsinin bir növ “izləri” olan CD62P+ vezikulların miqdarındakı dəyişikliklər alkoqoldan imtina sindromu zamanı normal tromb əmələgəlmə prosesinin pozulmasına işarə edə bilər.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasında təlim: “Tibb işçilərinin peşəkar davranış qaydaları”   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb