Professor Çingiz Rəhimov EACMFS səfiri oldu
21.09.2026 18:53

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Afinada keçirilən Avropa Kəllə-Çənə-Üz Cərrahları Konqresində (EACMFS) geniş tərkibdə iştirak edib.

ATU-nun Ağız və Üz-çənə Cərrahiyyəsi kafedrasının müdiri, Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin (AzOMFS) sədri, professor Çingiz Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyətində kafedranın dosenti Toğrul Əliyev, assistentlər Eldar Fərəcov, Rafiq İbrahimov, Elmar Əliyev, Bilal Əliyev və doktorant Günel Əliyeva təmsil olunublar.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, ağız və üz-çənə cərrahiyyəsi üzrə dünyanın aparıcı elmi-praktik platformalarından biri olan EACMFS-də 100-dən çox ölkədən 3000-dən artıq mütəxəssis bir araya gəlib.

 

Konqresin əsas məruzəçiləri sırasında yer alan professor Ç.Rəhimov üz-çənə nahiyəsinin travmatik zədələnmələri zamanı orbitanın rekonstruksiyasına dair müəllif yanaşmasını təqdim edib. Elmi məruzədə funksional və estetik nəticələrin yaxşılaşdırılmasına imkan verən müasir cərrahi yanaşmalar diqqətə çatdırılıb. Professor, həmçinin “Dayanıqlı Ağız və Üz-çənə Cərrahiyyəsi” sessiyasına moderatorluq edib. Sessiya çərçivəsində onun rəhbərliyi ilə tətbiq olunan “Yaşıl Klinika” konsepsiyasının praktiki təcrübəsi beynəlxalq mütəxəssislərin diqqətinə təqdim olunub. Müzakirələrdə səhiyyədə ekoloji dayanıqlılıq, resurslardan səmərəli istifadə, tibbi tullantıların azaldılması və rəqəmsal texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə edilib.

 

Tədbir ATU professoru üçün daha bir mühüm beynəlxalq platformaya çevrilib. O, 18 mütəxəssisdən biri kimi ixtisaslaşmış tədris kursu – “Master class” keçirmək hüququ əldə edib. Professorun rəhbərliyi ilə keçirilən kurs zamanı müasir cərrahi yanaşmalar və praktiki klinik məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

ATU nümayəndə heyətinin digər üzvləri də konqresin elmi proqramında fəal iştirak ediblər. Toğrul Əliyev, Eldar Fərəcov, Rafiq İbrahimov, Elmar Əliyev və Günel Əliyeva ağız və üz-çənə cərrahiyyəsinin aktual istiqamətlərinə həsr olunmuş elmi təqdimatlarla çıxış ediblər.

 

Konqresin yekununda ATU professoru, AzOMFS sədri Çingiz Rəhimov EACMFS səfiri statusuna layiq görülüb. Onun səfir statusuna layiq görülməsi Azərbaycan ağız və üz-çənə cərrahiyyəsi məktəbinin beynəlxalq peşəkar mühitdə təmsilçiliyi baxımından diqqətçəkən hadisə olub.

 

EACMFS səfiri statusu Avropa Kəllə-Çənə-Üz Cərrahları Assosiasiyası ilə milli peşəkar cəmiyyətlər arasında əməkdaşlığın inkişafına, elmi əlaqələrin genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verən mütəxəssislərə təqdim olunur.

 

Ümumilikdə ATU nümayəndə heyətinin Afinada keçirilən konqresdə iştirakı universitetdə ağız və üz-çənə cərrahiyyəsi sahəsində aparılan elmi-tədqiqat və klinik fəaliyyətin beynəlxalq peşəkar auditoriyaya təqdim edilməsi baxımından əhəmiyyətli olub. Elmi təqdimatlar, moderatorluq fəaliyyəti və Master Class formatında tədris proqramının təşkili ATU mütəxəssislərinin beynəlxalq elmi platformalarda fəal iştirakını nümayiş etdirib.

 

Qeyd edək ki, iki ildən bir keçirilən EACMFS Baş Assambleyası ağız və üz-çənə cərrahiyyəsi üzrə elmi yeniliklərin, qabaqcıl klinik təcrübənin və ixtisasın inkişaf istiqamətlərinin müzakirə olunduğu mühüm beynəlxalq tədbirlərdən biridir. Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti də beynəlxalq elmi əməkdaşlıq çərçivəsində bu tədbirlərdə iştirak edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb