İnfeksiyaların profilaktikası və nəzarəti (İPN) İctimai səhiyyənin mühüm tərkib hissəsi olub, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına, pasiyentlərin, səhiyyə işçilərinin və cəmiyyətin sağlamlığının qorunmasına yönəlib. İPN epidemiologiya, mikrobiologiya, klinik tibb, ətraf mühit sağlamlığı və əmək sağlamlığı kimi bir sıra sahələrlə sıx əlaqədə fəaliyyət göstərir. Bu sahələr arasında epidemiologiya infeksiyaların yayılma qanunauyğunluqlarının öyrənilməsi, epidemioloji nəzarətin aparılması, risk amillərinin müəyyənləşdirilməsi və profilaktik tədbirlərin effektivliyinin qiymətləndirilməsi üçün elmi əsas yaradır.
ATU-dan Aztibb.az-a verilən məlumata görə, bu multidissiplinar əməkdaşlıq pasiyent təhlükəsizliyinin artırılmasına, səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına və infeksiyaların effektiv profilaktikasına imkan verir.
Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin məzunları üçün bu magistr ixtisası infeksiyaların profilaktikası və nəzarəti sahəsində yüksək ixtisaslı mütəxəssis kimi formalaşmaq və geniş karyera imkanları əldə etmək üçün əlverişli imkan yaradır.
İPN təhlükəsiz və keyfiyyətli tibbi xidmətin əsas komponentlərindən biridir. Xəstəxanalarda immun sistemi zəifləmiş, invaziv tibbi cihazlardan istifadə olunan və müxtəlif infeksiyalara həssas pasiyentlərin müalicəsi səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların yayılma riskini artırır. Eyni zamanda, antimikrob rezistentliyin artması, yeni (COVID-19, Ebola, meymunçiçəyi) və yenidən yayılan (qızılca, suçiçəyi, qrip və s.) infeksiyalar İPN proqramlarının gücləndirilməsini zəruri edir.
Müasir İPN məlumatlara və rəqəmsal epidemioloji nəzarət sistemlərinə əsaslanır ki, bu da infeksiya alovlanmalarının erkən aşkarlanmasına və operativ tədbirlərin görülməsinə imkan yaradır. Süni intellekt və digər innovativ texnologiyaların tətbiqi gələcəkdə İPN-in effektivliyini daha da artıracaq.
İnfeksiyaların profilaktikası və nəzarət üzrə mütəxəssisi iş yerində:
▪️İPN üzrə rəhbərlik və səhiyyə işçilərinə peşəkar dəstək göstərir.
▪️İPN təlimat və standart əməliyyat prosedurlarını hazırlayır və tətbiq edir.
▪️Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyalar üzrə epidemioloji nəzarəti təşkil edir və infeksiyaların monitorinqini aparır.
▪️Epidemioloji məlumatları təhlil edir, hesabatlar hazırlayır və profilaktik tədbirlər təklif edir.
▪️İnfeksiya alovlanmalarını araşdırır və nəzarət tədbirlərini həyata keçirir.
▪️Əl gigiyenası və digər İPN profilaktik qaydalarına əməl olunmasına nəzarət edir.
▪️Səhiyyə işçiləri üçün İPN üzrə təlimlər keçirir.
▪️Antimikrob rezistentliyi və antibiotik istifadəsinin monitorinqində iştirak edir.
▪️Pasiyent təhlükəsizliyi və səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir.
▪️İnfeksiya risklərini qiymətləndirir və onların azaldılması üçün tədbirlər hazırlayır.
Karyera imkanları
İnfeksiyaların profilaktikası və nəzarəti ixtisası məzunlar üçün geniş karyera imkanları yaradır. İnfeksiyaların profilaktikası və nəarət üzrə mütəxəssislər üçün fəaliyyət sahəsi genişdir:
Dövlət sektoru
▪️Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
▪️Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəxanaları və tibb müəssisələri
▪️Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
▪️Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
▪️İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
▪️Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və regional mərkəzlər
▪️Ali təhsil və elmi-tədqiqat müəssisələri
▪️İctimai səhiyyə və islahatlar mərkəzi (İSİM)
▪️Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi
▪️Respublika QİÇS-lə Mübarizə Mərkəzi
▪️Respublika Sanitariya-Karantin Mərkəzi
Özəl sektor
▪️Özəl xəstəxanalar
▪️Özəl tibb mərkəzləri
▪️Dializ mərkəzləri
▪️Özəl diaqnostik laboratoriyalar
▪️Beynəlxalq təşkilatlar
▪️Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi
▪️CDC proqramları və nümayəndəlikləri
▪️BMT İnkişaf Proqramı (UNDP) Azərbaycan
Qeyri-hökumət təşkilatları
▪️İctimai səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lər
▪️Beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi səhiyyə layihələri
Məzunlar İPN mütəxəssisi, xəstəxana epidemioloqu, epidemioloq, pasiyent təhlükəsizliyi üzrə mütəxəssis, keyfiyyətin idarə olunması üzrə mütəxəssis, antimikrob stewardşip proqramı üzrə mütəxəssis, biotəhlükəsizlik və bioterrorizmə hazırlıq üzrə mütəxəssis üzrə mütəxəssis, risklərin qiymətləndirilməsi üzrə mütəxəssis, təlimçi və auditor kimi çalışa bilərlər. Bu ixtisas gələcəkdə doktorantura təhsili və elmi-tədqiqat fəaliyyəti üçün də geniş imkanlar yaradır.
İPN yalnız bir peşə deyil. Bu, pasiyentlərin, səhiyyə işçilərinin və cəmiyyətin sağlamlığını qoruyan, infeksiyaların qarşısını alan və səhiyyə xidmətlərinin keyfiyyətini artıran mühüm bir sahədir. İPN sahəsini seçməklə siz gələcəyin təhlükəsiz və keyfiyyətli səhiyyə sisteminin formalaşmasına töhfə verən mütəxəssis olacaqsınız.

