Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri üç dəfə azaldan elmi nəticə əldə edib  
31.07.2026 15:46

Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi, dissertant Afaq Nurullayeva radioproteksiya sahəsində apardığı tədqiqatlarla mühüm elmi nəticələr əldə edib. Onun araşdırmaları CRMP2 zülalının radioprotektiv təsir göstərərək qamma-şüalanmanın (γ-şüalanmanın yaratdığı genetik zədələnmələri üç dəfə azaltdığını ortaya qoyub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, aparılan eksperimental tədqiqatlar kobalt-60 mənbəyindən birdəfəlik 8 Qrey dozada γ-şüalanmaya məruz qalan siçovullar üzərində həyata keçirilib. Nəticələr göstərib ki, şüalanma sümük iliyi hüceyrələrində nüvə anomaliyalarının səviyyəsini beş dəfədən çox artırır. Kollapsin cavab mediator zülalı-2 (ing. Collapsin Response Mediator Protein-2, CRMP2) şüalanmadan öncə tətbiq edildikdə isə həmin genetik zədələnmələrin səviyyəsi nəzarət qrupu ilə müqayisədə təxminən üç dəfə azalıb. Eyni zamanda, şüalanmanın törətdiyi klinik əlamətlər — çəki itkisi, iştahasızlıq və mədə-bağırsaq pozuntuları — CRMP2 tətbiq edilən qrupda daha yüngül müşahidə olunub.

 

Tədqiqatın diqqətçəkən nəticəsi ondan ibarətdir ki, zülal beyin mədəciyinə yeridilsə də, qoruyucu təsir bədənin uzaq nöqtəsində — sümük iliyində qeydə alınıb. Bu, mərkəzi sinir sistemindən periferik toxumalara ötürülən qoruyucu siqnal mexanizminin — bir növ “beyin–bədən oxu”nun mövcudluğuna işarə edir və radioproteksiya sahəsində yeni elmi istiqamət açır.

 

Tədqiqatın nəticələri CRMP2-nin HSP70 zülalı ilə bağlı stres-cavab mexanizmləri vasitəsilə radioprotektiv təsir göstərə biləcəyini ortaya qoyur. Alimlərin fikrincə, bu üsul gələcəkdə radiasiya təhlükəsi olan sahələrdə, o cümlədən neft-qaz sənayesi, nüvə texnologiyaları və kosmik tədqiqatlarda, həmçinin xərçəng şüa terapiyası zamanı sağlam toxumaların qorunmasında tətbiq perspektivinə malikdir. Əldə olunan nəticələr radioproteksiya sahəsində yeni elmi yanaşmaların inkişafı və γ-şüalanmanın orqanizmə təsirinin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

 

Qeyd edək ki, layihənin elmi nəticələri ilə əlaqədar həmmüəllifləri Arif-Ala Mehdiyev, Afaq Nurullayeva və Elşad Şamilov olan “Heyvanlarda dihidropirimidinazaoxşar zülal-2-nin (CRMP2) intraserebral yeridilməsinə əsaslanan radioproteksiya üsulu” adlı ixtira üzrə EA 049754 nömrəli Avrasiya Patenti də əldə edilib.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib