Azərbaycan və Türkiyə arasında səhiyyə menecmenti sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılması və müasir idarəetmə modellərinin tətbiqinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi istiqamətində mühüm addım atılıb. “From Science to Health” MMC ilə Türkiyənin “Medihit” Şirkəti arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Aztibb.az-a "From Science to Health” MMC-dən məlumat verilib.
Bildirilib ki, sənəd “From Science to Health” MMC-nin təsisçisi və direktoru Fəqan Həsənzadə və “Medihit” Şirkətinin təsisçisi və direktoru Meri İstiroti tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində xəstəxanaların idarə olunması və inkişafı, xəstəxanalara konsaltinq xidmətlərinin göstərilməsi, səhiyyə müəssisələrində xidmət keyfiyyətinin və idarəetmə sistemlərinin təkmilləşdirilməsi, akkreditasiya, təlim və sertifikatlaşdırma, rəqəmsal səhiyyə və tibbi texnologiyalar, eləcə də səhiyyə layihələri üzrə investisiya və məsləhət xidmətləri istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
Tərəflər səhiyyə müəssisələri, həkimlər, sərmayəçilər və texnologiya şirkətləri arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin hazırlanması, eləcə də konfrans, seminar və digər peşəkar tədbirlərin təşkili istiqamətində əməkdaşlıq edəcəklər.
“From Science to Health” MMC səhiyyə menecmenti və xəstəxana idarəçiliyi üzrə konsaltinq xidmətlərini institusional şəkildə təqdim edən ilk rəsmi şirkət kimi bu sahədə yeni əməkdaşlıq modellərinin formalaşdırılmasını hədəfləyir. “Medihit” ilə qurulan tərəfdaşlıq isə bu istiqamətdə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi və iki ölkə arasında yeni səhiyyə menecmenti layihələrinin reallaşdırılması üçün mühüm imkan yaradır.
Tərəflər qarşıdakı dövrdə yalnız mövcud təcrübənin paylaşılması ilə kifayətlənməyərək, səhiyyə menecmentində innovativ yanaşmaların tətbiqi, yeni konsaltinq və idarəetmə modellərinin yaradılması və bir sıra istiqamətlərdə ilklərə imza atılması məqsədilə birgə fəaliyyət göstərəcəklər.

