Gələcəyin və sağlamlığın keşiyində: ekoloji siyasətdən fərdi məsuliyyətə doğru  
29.07.2026 13:12

Bu gün bəşəriyyət texniki tərəqqinin yüksək zirvəsini yaşasa da, dünya təbiətə vurulan zərərlərin ağır və təhlükəli nəticələri ilə də üz-üzədir. Qlobal istiləşmə, içməli su qıtlığı, havanın çirklənməsi, meşələrin məhvi kimi amillər artıq gündəlik həyatımıza və birbaşa insan sağlamlığına təsir edən acı reallıqlardır.

 

Son illərdə baş verən kəskin iqlim dəyişmələri, gözlənilməz təbii fəlakətlər, anomal istilər, zəlzələ, sunami, sel və daşqınlar, torpaq sürüşmələri və s. planetin ekoloji balansının kəskin pozulmasından xəbər verir.    

 

Digər tərəfdən, sənaye müəssisələrinin havaya buraxdığı zərərli qazlar "parnik effekti" yaradaraq, atmosfer havasının keyfiyyətinə ciddi mənfi təsir göstərir. Bu isə tənəffüs sistemi xəstəliklərinin, ürək-damar fəsadlarının və allergik patologiyaların kütləvi artımına səbəb olur.

 

Ekoloji tarazlığın pozulması artıq təkcə təbiətin deyil, ümumən planetin hər bir canlı sakininin, o cümlədən insanların sağlamlığı üçün böhrana yol aça biləcək ciddi siqnaldır.

 

Ölkəmizdə ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına uyğun olaraq, həyata keçirilən qlobal layihələr çərçivəsində genişmiqyaslı yaşıllaşdırma marafonları təşkil edilir, alternativ enerji mənbələrindən istifadə genişləndirilir və su ehtiyatlarının səmərəli idarə olunması üçün zəruri addımlar atılır. O cümlədən, işğaldan azad edilmiş ərazilərin "Yaşıl Enerji" zonasına çevrilməsi regionda ekoloji tarazlığın bərpası və gələcək sakinlərin sağlam mühitdə yaşaması baxımından mühüm strateji konsepsiyanın əsasını təşkil edir.

 

"Yaşıl Enerji”yə keçid zərərli texnogen tullantıları azaltmaqla, nəfəs aldığımız havanın təmizliyində və əhalinin xroniki xəstəliklərdən qorunmasında əvəzsiz rol oynayacaq. Bu sahədə Azərbaycan hətta regional liderə çevrilməkdədir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurun tamamilə "Yaşıl Enerji" zonası elan edilməsi, Qaradağ, Ələt, Suraxanı və Pirallahıda yaradılan Günəş Elektrik Stansiyaları, eləcə də Xəzər dənizinin nəhəng külək enerjisi potensialı yaxın gələcəkdə bütün Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verəcək.

 

Rəsmi statistikaya görə, hər il dünyada 400 milyon tondan çox plastik məhsul istehsal olunur. Çürüyərək ziyansızlaşması üçün yüzillər tələb olunan bu nəhəng sintetik kütlə Yer kürəsində həyati vacib sərvətlərə - torpaqlara, çaylara, dənizlərə, okeanlara və burada yaşayan canlı aləmə zəhərləyici təsir göstərir. Ən təhlükəli cəhət isə odur ki, xırdalanaraq mikroplastiklərə çevrilən belə tullantılar qida zənciri vasitəsilə insan orqanizminə daxil ola bilir. Nəticədə daxili orqanların zədələnməsinə, hormonal pozuntulara və xərçəng riskinin artmasına qədər bir çox ağır patologiyalara yol açılır.

 

 Qeyd etmək lazımdır ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da plastik tullantı problemi son dərəcə aktual olaraq qalmaqdadır. Respublikamızda bu problemlə mübarizə zəminində birdəfəlik plastik qabların və polietilen torbaların istifadəsinə qanunvericiliklə məhdudiyyətlərin qoyulması istiqamətində addımlar atılır. Lakin bu tədbirin səmərəli nəticə verməsi üçün hər bir vətəndaşın fərdi məsuliyyətinin də yüksək səviyyədə olması vacib şərtdir.

 

Dövlətin və iri sənaye müəssisələrinin üzərinə düşən öhdəliklər bəllidir. Sıravi vətəndaş olaraq hər bir kəs təbiəti qorumağa məsuldur. Ekoloji mədəniyyət və sağlam həyat tərzi ilk növbədə ailədən və hər bir vətəndaşın özündən başlanır. İnsanların gündəlik həyatda ata biləcəyi sadə, lakin böyük təsir gücünə malik addımlar resursları qorumaqla belə mədəniyyətə xidmət edə bilər: gündəlik alış-verişlərdə birdəfəlik plastik torbalar yerinə parça çantalara, plastik su qabları əvəzinə təkrar istifadə olunan şüşə qablara üstünlük vermək, mənzillərdə suyu boşuna axıtmamaq, elektrik enerjisinə qənaət etmək və s.

 

Ekoloji problemlər içində boğulan və xəstəliklərlə mübarizə aparan bir dünya, yoxsa sağlam ekoloji şəraitdə yaşayan bəşəriyyət? Bu ritorik sualın cavabı hər birimizin gündəlik seçimindən çox asılıdır. Məşhur deyimdə bildirildiyi kimi: "Biz təbiəti əcdadlarımızdan miras almamışıq, onu gələcək nəsillərdən borc götürmüşük." Əvvəlki nəsillərin yaratdığı sivilizasiya, təbiətlə qarşılıqlı əlaqə təcrübəsi və yaşayış mühiti bizlərə ötürülən əmanətdir. Bu əmanəti tükətməyə, məhv etməyə haqqımız yoxdur; biz onu necə təhvil almışıqsa, eləcə də, - hətta daha yaxşı vəziyyətdə növbəti nəsillərə çatdırmalıyıq.

 

Təbiəti qorumaq hər kəsin mənəvi borcudur. Çünki təbiəti qorumaq öz sağlamlığımızı və gələcəyimizi qorumaq deməkdir.

 

Müasir dövrdə ekoloji problemlər artıq regional xarakter daşımır, onlar daha çox qlobal təhlükəyə çevrilir. Bu kontekstdə Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının əsas fəaliyyət istiqaməti tələbələrə nəzəri biliklər verməklə yanaşı, onlarda fərdi ekoloji məsuliyyət hissinin formalaşmasına çalışmaqdan ibarətdir. Tələbələrə aşılanmalıdır ki, təbiəti qorumaq və yaşıl enerjiyə keçid sadəcə iqtisadi məsələ deyil, həm də mənəvi öhdəlikdir.

Kafedramız elmi-tədqiqat işləri aparmaq, tələbələrə ətraf mühit amillərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinin insan orqanizminə təsirlərini izah etməklə yanaşı, düzgün ekoloji təfəkkürə malik gənc nəslin yetişdirilməsi yolunda öz töhfəsini vermək üçün var qüvvəsi ilə çalışmaqdadır.

 

Fəridə Əli, ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Professor Rəna Şirəliyeva Respublika Diaqnostika Mərkəzində pasiyentlərin xidmətindədir     
 Kəlbəcərdə axtarış tədbirləri zamanı itkin düşmüş şəhidlərə aid insan qalıqları aşkarlanıb   
 İsti havalarda günəşdən necə qorunmalıyıq?   
Travmatoloq-ortoped Müseyib Əhmədov ayaqqabı seçərkən diqqət edilməli əsas məqamları açıqlayıb
 İSİM-in nümayəndələri
Oğuz rayonunda 220-dən çox uşaq tibbi müayinələrə cəlb olunub
NDU-nun Tibb fakültəsinin tələbələrinin Türkiyədə beynəlxalq klinik təcrübə proqramı uğurla başa çatıb