Virus hepatitləri və qlobal səhiyyənin aktual problemi  
28.07.2026 11:45

Virus hepatitləri XXI əsrin ən ciddi infeksion xəstəliklərindən biri kimi dünya üzrə milyonlarla insanın sağlamlığı üçün təhlükə yaradır.
Hepatit A, B, C və D virusları qaraciyərin iltihabi zədələnməsinə səbəb olaraq, kəskin və ya xroniki gediş göstərə bilir. Ümumdünya Səhiyyə Təşkilatının 2025–2026-cı illər üzrə son hesabatlarına əsasən, dünyada təxminən 287 milyon insan xroniki hepatit B və C infeksiyası ilə yaşayır.

 

Bu barədə Aztibb.az-a ATU-nun Yoluxucu xəstəliklər kafedrasının assistenti Məlahət Bağırova məlumat verib.

Onun sözlərinə görə, hepatit A - əsasən fekal-oral yol ilə, çirkli su və qida vasitəsilə yayılır. Xəstəlik daha çox uşaqlar və sanitariya şəraiti zəif olan bölgələrdə müşahidə edilir. Hepatit A adətən xronikləşmir, lakin yaşlı insanlarda və qaraciyər patologiyası olan xəstələrdə fulminant hepatit və qaraciyər çatışmazlığına səbəb ola bilər. Son illərdə peyvənd proqramlarının genişlənməsi nəticəsində xəstələnmə hallarında azalma müşahidə olunsa da, inkişaf etməkdə olan ölkələrdə epidemioloji risk qalmaqdadır.

Məlahət Bağırova qeyd edib ki, hepatit B - dünyanın ən geniş yayılmış xroniki virus infeksiyalarından biridir. 2024-cü il statistikasına əsasən, dünyada təxminən 240 milyon insan xroniki hepatit B daşıyıcısıdır və hər il 900 minə yaxın yeni yoluxma qeydə alınır. Xəstəlik əsasən qan yolu, cinsi əlaqə və anadan uşağa vertikal ötürülmə ilə yayılır. Xüsusilə yenidoğulmuşlarda yoluxma zamanı xronikləşmə riski çox yüksəkdir. Hepatit B qaraciyər sirrozu, fibroz və hepatosellulyar karsinomanın əsas səbəblərindən hesab olunur. Müasir antiviral terapiya xəstəliyin proqressiyasını zəiflətməyə imkan versə də, tam eradikasiya hələ mümkün deyil. Ən effektiv profilaktik tədbir isə doğuşdan başlayan vaksinasiya hesab olunur.

"Hepatit C - əsasən qan vasitəsilə ötürülür və uzun illər simptomsuz gediş göstərə bilir. Son məlumatlara görə, dünyada təxminən 47–50 milyon insan xroniki hepatit C infeksiyası ilə yaşayır. Ən yüksək rastgəlmə tezliyi 30–54 yaş qrupunda müşahidə edilir. Hepatit C-nin təhlükəsi onun gizli gedişi və illər sonra sirroz və qaraciyər xərçəngi yaratması ilə bağlıdır. Müasir birbaşa təsirli antiviral preparatlar vasitəsilə xəstələrin 95%-dən çoxunda tam sağalma əldə edilir. Buna baxmayaraq, effektiv vaksin hələ hazırlanmayıb", - deyə o, bildirib.

Həkim əlavə edib ki, hepatit D - yalnız hepatit B virusu olan şəxslərdə inkişaf edir və ən ağır virus hepatit formalarından biri hesab olunur. Delta virusu qaraciyər toxumasında sürətli fibrozlaşma və erkən sirroz yaranmasına səbəb olur. Xəstəlik daha çox hepatit B-nin geniş yayıldığı regionlarda müşahidə edilir. Hepatit D-yə qarşı spesifik vaksin olmasa da, hepatit B peyvəndi dolayı yolla hepatit D-dən də qorunmanı təmin edir.

Onun sözlərinə görə, müasir dövrdə virus hepatitləri ilə mübarizədə əsas istiqamətlər erkən laborator diaqnostika, donor qanının ciddi yoxlanılması, steril tibbi alətlərdən istifadə, təhlükəsiz tibbi prosedurlar və vaksinasiya proqramlarıdır. Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilə qədər virus hepatitlərini ictimai səhiyyə problemi kimi aradan qaldırmağı əsas məqsəd kimi müəyyən edib. Bunun üçün əhalinin maarifləndirilməsi, skrininq proqramlarının genişləndirilməsi və vaxtında müalicə xüsusi əhəmiyyət daşıyır.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub