İnsanlar sağlamlıq haqqında düşündükdə adətən xəstəxanaları, həkimləri və ya dərmanları təsəvvür edirlər. Halbuki ictimai səhiyyə daha erkən mərhələdə, xəstəlik baş verməmişdən öncə cəmiyyətin sağlamlığını qoruyan sistemləri formalaşdırır. O, fərqli bir suala cavab verməyə çalışır: İnsanların xəstələnməsinin qarşısını necə almaq olar?
Bu düşüncə tərzi minilliklər boyu bəşəriyyətin inkişafına təsir göstərib. İki min il öcə mövcud olan qədim cəmiyyətlər təmiz su, qida və sağlam yaşayış mühiti kimi digər amillərin insanların sağlamlığına və rifahına birbaşa təsir etdiyini dərk etmişdilər. Keçmiş zamanlarda insanlar vəba, qarın yatalağı və vərəm kimi dəhşətli epidemiyalarla üzləşir və həyatlarını itirirdilər. Lakin ictimai səhiyyə müstəqil elm sahəsi kimi XIX əsrdə formalaşmağa başladığı andan xəstəliklərin qarşısını almağa yönəlmiş addımlar atılmağa başladı. Epidemiyaları qaçılmaz “təbii hadisə və ya ilahi cəza” kimi qəbul etmək əvəzinə, alimlər və digər elm adamları onların səbəblərini elmi əsaslarla araşdırmağa başladılar. Bu istiqamətdə ən mühüm hadisələrdən biri 1854-cü ildə İngiltərə, Londonda baş verdi. Həkim Jon Snow vəba epidemiyasının mənbəyini çirklənmiş su nasosu ilə əlaqələndirərək sübut etdi ki, sistemli müşahidə və elmi sübutlara əsaslanan qərarlar minlərlə insanın həyatını xilas etmək olar. Bu hadisə müasir epidemiologiyanın əsasını qoymuş və xəstəliklərin profilaktikasına yanaşmada əsaslı dönüş nöqtəsi olub.
Həmin dövrdən etibarən ictimai səhiyyə yalnız yoluxucu xəstəliklərlə mübarizə sahəsi olmaqdan çıxaraq əhalinin sağlamlığına təsir göstərən çoxşaxəli problemləri əhatə edən bir elm sahəsinə çevrilib. Bu gün ictimai səhiyyə ürək-damar xəstəlikləri və şəkərli diabet kimi xroniki, qeyri-infeksion xəstəliklərdən tutmuş iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, qida təhlükəsizliyi, antimikrob rezistentlik, yeni yaranan infeksiyalar, psixi sağlamlıq, reproduktiv sağlamlıq, sağlamlığı təşviqi, sağlamlıq bərabərsizlikləri, eləcə də süni intellekt və rəqəmsal texnologiyaların səhiyyədə rolu kimi qlobal çağırışları əhatə edir.
İctimai səhiyyəni digər sahələrdən fərqləndirən əsas xüsusiyyət onun multidissiplinar (çoxşaxəli) xarakterə malik olmasıdır. İctimai səhiyyə mütəxəssisləri həkimlər, mikrobioloqlar, baytar həkimlər, ətraf mühit üzrə mütəxəssislər, iqtisadçılar, pedaqoqlar, mühəndislər, dövlət siyasətini formalaşdıran qurumlar və data analitiklər ilə sıx əməkdaşlıq edirlər. Çünki əhalinin sağlamlığı ilə bağlı problemlərin həlli yalnız bir peşənin fəaliyyəti ilə mümkün deyil; bu, bioloji, sosial, ekoloji və iqtisadi amillərin qarşılıqlı təsirinin kompleks şəkildə qiymətləndirilməsini tələb edir.
İctimai səhiyyə ixtisası üzrə məzunlar geniş karyera imkanlarına malikdirlər. Bu ixtisas üzrə məzunların peşə fəaliyyəti epidemioloji nəzarət və xəstəliklərin araşdırılması, səhiyyə siyasətinin hazırlanması və qiymətləndirilməsi, səhiyyənin idarə olunması, sağlamlığın təşviqi və səhiyyə kommunikasiyası, sağlamlıq proqramlarının və layihələrinin idarə olunması, səhiyyə xidmətlərində keyfiyyətin idarə olunması, sağlamlıq məlumatlarının analizi, ətraf mühit və peşə sağlamlığı risklərinin qiymətləndirilməsi, fövqəladə hallara hazırlıq və cavab tədbirləri, elmi tədqiqatların aparılması və əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş digər fəaliyyət istiqamətlərini əhatə edir. Onlar müxtəlif sektorlarda fəaliyyət göstərə bilərlər:
Dövlət qurumları: Səhiyyə Nazirliyi və onun tabeliyindəki mərkəzlər, sanitariya-epidemioloji xidmətlər, ictimai səhiyyə müəssisələri və digər dövlət səhiyyə qurumları.
Tibb müəssisələri: Dövlət və özəl xəstəxanalar, klinikalar, tibb mərkəzləri, laboratoriyalar (keyfiyyətin idarə olunması, infeksiyaya nəzarət, səhiyyə analitikası, səhiyyə idarəçiliyi və xəstə təhlükəsizliyi bölmələri).
Elm və təhsil: Elmi-tədqiqat institutları, universitetlər və digər ali təhsil müəssisələri.
Beynəlxalq sektor: Beynəlxalq və humanitar təşkilatlar (məsələn, ÜST, UNICEF), qeyri-hökumət təşkilatları (QHT), beynəlxalq inkişaf agentlikləri.
Əczaçılıq və özəl sektor: Əczaçılıq və biotexnologiya şirkətləri, özəl tibb müəssisələri, tibbi sığorta və tibbi turizm şirkətləri.
HSE (Health, Safety and Environment) və sənaye sektoru: Əməyin mühafizəsi, peşə sağlamlığı (əmək gigiyenası) və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumlar, eləcə də neft-qaz, metallurgiya, kimya, energetika, tikinti, qida və digər sənaye müəssisələri (məsələn, SOCAR, BP, STP və digər iri istehsalat kompleksləri). Bu sahədə ictimai səhiyyə mütəxəssisləri HSE üzrə mütəxəssis və ya menecer, ətraf mühit üzrə ekspert, korporativ sağlamlıq proqramlarının koordinatoru, risk analitiki və ESG üzrə mütəxəssis kimi fəaliyyət göstərərək işçilərin sağlamlığının qorunması, peşə risklərinin idarə olunması, istehsalat təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitə təsirin azaldılmasına töhfə verirlər.
Nəticə etibarilə, ictimai səhiyyə insanların daha uzun, sağlam və məhsuldar ömür sürməsi üçün zəruri şəraitin yaradılmasına xidmət edən strateji elm sahəsidir. Təhlükəsiz peyvənd proqramları, keyfiyyətli içməli su sistemləri, effektiv tütünə qarşı mübarizə siyasətləri və qarşısı alına bilən xəstəliklərin azalması çox vaxt cəmiyyət tərəfindən görünməyən, lakin ictimai rifah üçün əvəzsiz rol oynayan ictimai səhiyyə mütəxəssislərinin sistemli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Kamran Abbasov, ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşı

