Elmi anatomiyanın banisi  
29.09.2026 11:06

Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, dünyaşöhrətli alim, ölkəmizdə elmi anatomiyanın banisi, təcrübəli pedaqoq və bacarıqlı təşkilatçı kimi Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası (indi "İnsan anatomiyası və Tibbi terminologiya") kafedrasının müdiri vəzifəsində çalışmış Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Kamil Balakişiyevin 120 illik yubileyi qeyd edilir. 

 

Kamil Əbdülsalam oğlu Balakişiyev 1906-cı il sentyabrın 20-də Bakının  Novxanı kəndində dünyaya göz açmışdır. O, orta təhsilini ikinci dövlət kişi gimnaziyasında aldıqdan sonra, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU) Tibb fakültəsinə daxil olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə böyük maraq göstərdiyinə görə İnsan anatomiyası kafedrasına qəbul olunmuşdur. Onun qabiliyyət və bacarığı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və bir qədər sonra İnsan anatomiyası fənni üzrə sərbəst məşğələlər aparmasına şərait yaradılmışdır.

 

Beşinci kurs tələbəsi olarkən K.Balakişiyev öz müəllimi A.Valenkaya ilə birlikdə rus dilində "Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik" adlı dərs vəsaiti yazmış və həmin dərslik 1926-cı ildə çap olunmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində isə o, Azərbaycan dilində latın qrafikası ilə silsilə dərslik və dərs vəsaitləri çap etdirərək ölkə anatomiyası tarixində yeni səhifə açmışdır.

 

1930-cu ildə 24 yaşında elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə Kamil Balakişiyev privat-dosent elmi adına layiq görülmüşdür. O, praktik məşğələlər aparmaqla yanaşı, tələbələrə həm rus, həm də Azərbaycan dillərində normal anatomiya fənni üzrə mühazirələr oxumağa başlamışdır. Hələ tələbəlik illərindən mütəmadi olaraq elmi-tədqiqat işləri ilə məşğul olan alimə 1935-ci ildə dövri mətbuatda çap etdirdiyi sanballı elmi-tədqiqat işlərinin nəticələrinə görə, tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir. Həmin illərdə Kamil müəllim bud sinirinin kötükdaxili quruluşunu öyrənməklə Azərbaycanda periferik sinir sisteminin morfo-funksional xüsusiyyətlərinin öyrənilməsinin əsasını qoymuşdur.

 

Kamil Balakişiyev 1936-cı ildə 30 yaşı olarkən Azərbaycan Dövlət Tibb İnstitutunun (indi ATU) elmi şurasının açıq iclasında "Sidik kanalı soğanağı (Meri və Kuper) vəziləri" mövzusu üzrə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Gənc alim müdafiə ərəfəsində Sankt-Peterburqda 6 ay müddətində elmi ezamiyyətdə olmuş, onun elmi-tədqiqat işi Rusiyanın məşhur alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

 

1937-ci ilin avqust ayında Azərbaycan Dövlət Tibb İnstitutunun Normal anatomiya kafedrasına ilk dəfə olaraq milli kadr - professor Kamil Balakişiyev rəhbərlik etməyə başlamışdır. O, bu məsuliyyətli və çətin vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Kamil müəllim eyni zamanda 1937-1941-ci illərdə Bakı Dövlət Universitetinin Anatomiya kafedrasına, 1938-1940-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun Anatomiya və fiziologiya kafedrasına rəhbərlik etmişdir.

 

1942-ci ildə Azərbaycanda səhiyyənin, tibb elmi və təhsili sisteminin inkişafında, eləcə də yüksəkixtisaslı tibb kadrlarının yetişdirilməsindəki xidmətlərinə görə Kamil Balakişiyev "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. O, 1943-1945-ci illərdə ATİ-nin müalicə-profilaktika fakültəsinin dekanı, 1944-1945-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının "Tibb" bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.

 

Kamil Balakişiyevin kafedraya rəhbərlik etməyə başladığı dövr çox çətin və təzadlı olsa da, kafedraya istedadlı azərbaycanlı gənclər cəlb olunmuş, burada sanballı milli kadr potensialı yaranmışdır. Bu dövrdə K.Balakişiyev həm də tələbəlik illərindən kafedranın nəzdində təşkilində iştirak etdiyi muzeyi hərtərəfli inkişaf etdirmişdir. Müzey tezliklə nəinki keçmiş SSRİ-nin, həm də dünyanın ən qabaqcıl, ən zəngin anatomiya muzeylərindən biri kimi tanınmışdır. 

 

Uzun illər bu kafedraya rəhbərlik etmiş Əməkdar elm xadimi, professor Vaqif  Şadlinski deyir ki, o zaman tibb sahəsi üzrə xaricdən Azərbaycana gələn qonaqlar K.Balakişiyevin rəhbərlik etdiyi kafedraya gətirilir və onlara muzey, anatomiya teatrı, dərs otaqları göstərilirdi. Tibbi terminologiya kafedrasının beynəlxalq əlaqələri zaman-zaman genişlənib. A.Natişvili adına Tbilisi Eksperimental Morfologiya İnstitutu,  İ.Seçenov adina Moskva Tibb Akademiyası, eləcə də Rusiya, Ukrayna Gürcüstan və  Türkiyənin bir sıra ali məktəblərinin tibb fakültələrində çalışan anatomlar arasında elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq məqsədilə uzunmüddətli  müqavilələr imzalanıb və bir sıra layihələr həyata keçirilib. Kafedra rəhbərliyinin təşəbbüsü və əməkdaşların novatorluğu sayəsində mühazirə və təcrübə dərslərinin təchizatı yenilənib, tədrisin keyfiyyəti, aparılan elmi işlərin aktuallığı yüksəlib, mövcud anatomiya muzeyləri yenidən qurularaq dünya standartları səviyyəsinə qaldırılmışdır. Bu ənənə hazırda da davam etdirilir. Sevindirici haldır ki, muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ictimai əsaslarla fəaliyyət göstərən rəsmi muzeylər reyestrinə daxil edilmişdir.

 

Görkəmli alimin əsas iş yeri Azərbaycan Dövlət Tibb İnstitutunun Normal anatomiya kafedrası olsa da, o, Bakının digər ali məktəblərində də insan anatomiyası kafedraları təşkil etmişdir. Bununla yanaşı, o, Azərbaycanda təkcə anatomiya deyil, histologiya elminin də inkişafına güclü təkan vermişdir. Kamil müəllim Azərbaycanda ilk dəfə olaraq ana dilində histoloji terminlərin yaradıcısı olmuş və bu haqda dəyərli kitab çap etdirmişdir. O, həmçinin Bakının bir sıra xəstəxanalarının cərrahiyyə şöbələrində həkim-cərrah kimi fəaliyyət göstərmişdir.

 

Kamil Balakişiyev milli elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirirmiş və bilavasitə onun rəhbərliyi altında 15 nəfər elmlər doktoru və namizədi yetişdirilmişdir. O, 100-ə yaxın elmi işin, o cümlədən orijinal dərslik və dərs vəsaitinin, lüğət və terminologiyanın, elmi-kütləvi məqalənin müəllifi olmuşdur. Alim əldə etdiyi çoxillik elmi-pedaqoji təcrübə əsasında hazırda monumental abidə kimi dəyərləndirilən elmi məqalələr, əvəzsiz dərslik və dərs vəsaitləri, habelə nomenklaturalar yaratmışdır.

 

Professor Kamil Balakişiyevin Azərbaycan anatomiya tarixində ən mühüm xidmətlərindən biri də onun ana dilində tibb terminlərini işləyib hazırlaması olmuşdur ki, bunun da əsasında alimlərimiz milli dildə tibb dərslikləri və vəsaitləri hazırlaya biliblər. Azərbaycan dilində anatomiyaya aid ilk dərs vəsaitlərinin hazırlanması məhz K.Balakişiyevə aiddir. 

 

Kamil Balakişiyev qayğıkeş müəllim, görkəmli alim olmaqla yanaşı, həm də ictimai işlərin fəal iştirakçılarından idi. Onun çoxillik elmi-tədqiqat və pedaqoji fəaliyyəti inzibati və ictimai işlərlə bağlı olmuşdur. O, uzun illər səhiyyə sahəsində müxtəlif mötəbər vəzifələrdə çalışmışdır. 17 il Azərbaycan Tibb İnstitutunda tədris işləri üzrə prorektor, Səhiyyə Nazirliyində idarə rəisi, Azərbaycan Elmlər Akademiyasının Terminologiya Komitəsinin tibb bölməsinin sədri vəzifələrini layiqincə yerinə yetirmişdir. İşlədiyi bütün kollektivlərdə daim öz ideal səliqə-sahmanı, səmimiyyəti, insani keyfiyyətləri ilə dərin izlər qoymuş, rəğbət qazanmışdır.

 

ATU-nun İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrasının dosenti Şöhrət Qasımovun dediklərindən: "Professor Kamil Balakişiyev həm də gözəl natiq idi. Onun söylədiyi mühazirələr həmişə böyük maraqla dinlənilərdi. O, institutun I kurs tələbələrinə böyük həvəslə söylədiyi ilk mühazirələrini bu ibrətamiz cümlələrlə başlayardı: "Siz həyatınızı tibbə həsr etmək qərarına gəlmisiniz. Tibb elmi onu başqa elmlərdən fərqləndirən səciyyəvi xüsusiyyətlərə malikdir. Əgər, ümumiyyətlə, elm həqiqətə xidmət edirsə, təbabət elmi eyni zamanda həm həqiqətə, həm də xeyirxahlığa xidmət edir. Bu isə gərgin əmək tələb edir". Onun bu müdrik fikirləri, tövsiyələri həmişə bizimlədir.

 

Kamil müəllim keçmiş SSRİ-nin iri şəhərlərinin tibb müəssisələrində keçirilən anatom, histoloq və embrioloqların qurultay, konqres və simpoziumlarında yaxından iştirak etmiş, elmi məruzələr söyləmiş, Azərbaycan morfologiya elminin ən layiqli nümayəndələrindən, təmsilçilərindən birinə çevrilmişdir. O, uzun illər SSRİ Anatom, Histoloq və Embrioloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü olmuş,1953-1973-cü illərdə bu cəmiyyətin Azərbaycan şöbəsinə rəhbərlik etmişdir.

 

Böyük alim və pedaqoq Kamil Balakişiyev ömrünün 67-ci payızında, 1973-cü il noyabrın 22-də əbədiyyətə qovuşmuşdur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin göstərişi ilə Fəxri xiyabanda dəfn edilmişdir. Kafedranın əməkdaşları hər il sentyabr ayının 20-də I kurs tələbələri ilə birlikdə Azərbaycanın böyük alimi professor Kamil Balakişiyevin doğum günündə məzarını ziyarət edir, yeni dərs ilinə onun nurlu xatirəsini anmaqla başlayırlar.

 

Professor, təcrübəli pedaqoq Kamil Balakişiyevin tibb sahəsindəki çoxillik  fəaliyyəti qədirbilən xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölkəmizdə səhiyyənin inkişafı və tibb kadrlarının yetişdirilməsində xidmətlərinə görə "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" (2 dəfə), "Oktyabr inqilabı" ordenləri, "SSRİ səhiyyə əlaçısı" döş nişanı, habelə bir sıra medallar və digər mükafatlarla təltif edilmişdir. Bakı şəhərindəki küçələrdən biri professor Kamil Balakişiyevin adını daşıyır.

 

"Azərbaycan" qəzeti

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Tanınmış şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub