Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında Azərbaycan dilində hazırlanmış “Hematologiya” dərsliyinin təqdimatı keçirilib.
Dərsliyin müəllifləri ATU-nun II Daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənov və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri, professor Elmira Qədimovadır.
228 səhifədən ibarət, 12 fəsli əhatə edən nəşrdə hematologiyanın tarixi, hematopoetik sistem, qan xəstəlikləri, anemiyalar, hemoglobinopatiyalar və talassemiya, leykozlar, limfoproliferativ xəstəliklər, koaqulopatiyalar, trombosit patologiyaları və transfuziologiya kimi mövzular yer alıb.
Tədbirdə çıxış edən professor Rafiq Məmmədhəsənov bildirib ki, hematologiyanın ayrıca fənn kimi tədrisinə başlanılması tələbələr üçün Azərbaycan dilində müasir, sistemli və anlaşıqlı dərsliyə ehtiyac yaradıb. Onun sözlərinə görə, nəşrdə mürəkkəb tibbi məlumatlar tələbələrin asan qavraya biləcəyi formada təqdim olunub.
Professor Elmira Qədimova yeni dərsliyin hazırlanmasında Hematologiya kafedrasının əməkdaşlarının da yaxından iştirak etdiyini bildirib. O, Azərbaycanda hematologiyanın inkişafında kafedranın uzunillik fəaliyyətini qeyd edərək, onun 1967-ci ildə yaradıldığını diqqətə çatdırıb.
Dərsliyin rəyçisi, Hematologiya kafedrasının dosenti Natella Yusifova nəşrin hematologiyanın fundamental biliklərini sistemli şəkildə təqdim edən mühüm mənbə olduğunu vurğulayıb. O, xüsusilə hemofiliya və talassemiya ilə bağlı müasir məlumatların kitabda əksini tapmasını əhəmiyyətli hesab edib.
Hematologiya kafedrasının assistenti Günel Əlizadə qeyd edib ki, hematoloji dəyişikliklər müxtəlif xəstəliklər zamanı müşahidə olunduğundan bu sahə üzrə əsas biliklər digər ixtisas həkimləri üçün də vacibdir.
II Daxili xəstəliklər kafedrasının dosenti Gülər Fətəliyeva isə bildirib ki, dərsliyin hazırlanması zamanı yalnız mövcud mənbələrdən istifadə edilməyib, müəllimlərin elmi və klinik təcrübəsi də nəşrdə əksini tapıb. O, gələcəkdə kitabın müasir elmi məlumatlar əsasında yenilənməsinin vacibliyini vurğulayıb.
Təqdimat zamanı bildirilib ki, yeni dərslik tələbə və rezidentlərin hematologiya üzrə fundamental biliklərinin formalaşmasına və klinik düşünmə bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
Tədbirdə ATU-nun professor-müəllim heyəti və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları iştirak ediblər.

