Həkim öd kisəsində 50 yaşdan sonra yaranan və əksər hallarda normal sayılan 5 dəyişikliyi açıqlayıb
02.06.2026 11:20

Yaş artdıqca insan orqanizmində təkcə xarici görünüş deyil, daxili orqanlar da müəyyən dəyişikliklərə məruz qalır. Bu dəyişikliklərin bir çoxu təbii yaşlanma prosesinin tərkib hissəsi hesab olunur və xüsusi müalicə tələb etmir.

 

Aztibb.az xəbər verir ki, "Life" portalına müsahibəsində Akademik B.V. Petrovski adına Elmi Cərrahiyyə Mərkəzinin Ultrasəs diaqnostikası bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Ayna Kuzumova  50 yaşdan sonra öd kisəsində müşahidə olunan və əksər hallarda narahatlıq doğurmamalı olan dəyişikliklərdən danışıb.

Mütəxəssisin sözlərinə görə, insanlar profilaktik müayinələrdən daha çox keçdikcə ultrasəs müayinəsinin nəticələrini özləri şərh etməyə çalışırlar. Halbuki bəzi hallarda rəy hissəsində qeyd olunan dəyişikliklər yaşla əlaqədar normal variant hesab olunur.

1. Öd kisəsinin yığılma qabiliyyətinin zəifləməsi

Yaşlandıqca öd kisəsinin hərəkətliliyi və yığılma qabiliyyəti müəyyən qədər azala bilər. Bu, əksər hallarda fizioloji dəyişiklik sayılır. Lakin orqan böyüyüb və qida qəbulundan sonra kifayət qədər yığılmırsa, onun funksional vəziyyətinin qiymətləndirilməsi üçün qastroenteroloqa müraciət etmək tövsiyə olunur.

2. Öd kisəsi divarının qalınlaşması

Gənc insanlarda öd kisəsi divarının qalınlığı normal olaraq 2–3 millimetrə qədər olur. 60 yaşdan sonra isə iltihab əlamətləri olmadığı halda bu göstəricinin 3,4–3,6 millimetrə qədər artması qəbul edilə bilər.

Bu vəziyyət adətən yaşla əlaqədar fibroz prosesləri ilə bağlıdır. Belə hallarda elastik toxumanın bir hissəsi birləşdirici toxuma ilə əvəz olunur. Bununla yanaşı, divarın konturları hamar və aydın qalmalı, assimetriya və digər patoloji əlamətlər müşahidə edilməməlidir.

3. Öd çöküntüsünün (sladjın) aşkarlanması

Ultrasəs müayinəsi zamanı bəzən öd kisəsində xırda hissəciklərdən ibarət çöküntü – “sladj” aşkar edilir. Bu hissəciklər bədən vəziyyəti dəyişdikdə yerini dəyişir və ya yavaş-yavaş çökür.

Həkimin sözlərinə görə, bu hal xüsusilə arterial təzyiq, osteoporoz, xolesterini azaldan preparatlar və hormonal dərmanlar qəbul edən şəxslərdə daha çox rast gəlinir. 50 yaşdan sonra təxminən hər üç nəfərdən birində belə xüsusiyyət müşahidə olunur.

Lakin ultrasəsdə çöküntü deyil, daşlar aşkarlanarsa, öd daşı xəstəliyinin əlamətsiz keçə bilməsi səbəbindən cərrah məsləhəti vacib hesab olunur.

4. Bitişmələr və öd kisəsinin aşağı enməsi

50 yaşdan sonra ultrasəs müayinələrində öd kisəsinin müxtəlif hissələrində bitişmələrə daha tez-tez rast gəlinir. Adətən bunlar keçmişdə simptomsuz və ya zəif əlamətlərlə keçmiş mikroskopik iltihabi proseslərin nəticəsi olur.

Bundan başqa, yaşlanma ilə əlaqədar öd kisəsi digər daxili orqanlarla birlikdə bir qədər aşağı yerləşə bilər. Tibbdə bu vəziyyət “ptoz” adlanır. Əgər öd axınının pozulması müşahidə olunmursa, belə dəyişiklik təhlükəli hesab edilmir.

5. Xolesteroz

Yaşla əlaqədar daha bir geniş yayılmış dəyişiklik xolesterozdur. Bu zaman öd kisəsinin divarında kiçik xolesterin yığıntıları əmələ gəlir və ultrasəs müayinəsində 1,5 millimetrə qədər lokal qalınlaşmalar şəklində görünür.

Mütəxəssis bildirir ki, bu vəziyyət xüsusilə menopauza dövründə olan və 60 yaşdan yuxarı qadınlarda daha çox rast gəlinir. Bununla belə, hər bir hal xəstənin şikayətləri və digər müayinələrin nəticələri nəzərə alınmaqla fərdi şəkildə qiymətləndirilməlidir.

Ultrasəs rəyi həmişə klinik vəziyyətlə birlikdə dəyərləndirilməlidir

Həkim vurğulayır ki, ultrasəs müayinəsinin nəticələri heç vaxt təkbaşına qiymətləndirilməməlidir. Hətta yaşla əlaqədar normal dəyişikliklər belə qarın ağrısı, həzm pozğunluğu və ya digər narahatedici əlamətlərlə müşayiət olunarsa, əlavə müayinələrə ehtiyac yarana bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır