Beynəlxalq Uşaq Günü: Hüquqlar, sağlamlıq və təhsildə bərabər imkanlar
01.06.2026 18:30

Hər il iyun ayının 1-də qeyd olunan Beynəlxalq Uşaq Günü sadəcə bir bayram deyil, həm də dünya ictimaiyyətinə uşaqların rifahını qorumaq və onların hüquqlarını təmin etmək öhdəliyini xatırladan mühüm bir tarixdir. Bu günün tarixi 1925-ci ildə Cenevrədə keçirilən "Uşaqların Rifahı üzrə Ümumdünya Konfransı"na söykənir. İkinci Dünya Müharibəsindən sonra, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Moskva sessiyasında uşaqların sülh və sağlamlıq şəraitində böyüməsi üçün bu günün qeyd olunması qərara alınıb.

 

Uşaq hüquqlarının qorunması sahəsində ən ali sənəd 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş "Uşaq Hüquqları Konvensiyası"dır. Bu konvensiya uşaqları sadəcə himayəyə ehtiyacı olan varlıqlar deyil, həm də öz hüquqları olan şəxsiyyətlər kimi tanıyır. Konvensiyanın dörd əsas prinsipi mövcuddur:

  • Ayrı-seçkiliyə yol verməmək: Hər bir uşaq irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bərabər hüquqlara malikdir.
  • Uşağın ən yaxşı maraqlarının təmin edilməsi: Dövlət və özəl qurumlar uşaqlarla bağlı qərar qəbul edərkən onların mənafeyini hər şeydən üstün tutmalıdır.
  • Yaşamaq və inkişaf hüququ: Dövlət uşağın yaşaması və tam inkişafı üçün bütün imkanları səfərbər etməlidir.
  • İştirak hüququ: Uşaqlar öz həyatlarına təsir edən qərarlarda fikir bildirmək hüququna malikdirlər.

 

Azərbaycan həm beynəlxalq səviyyədə, həm də milli qanunvericilik çərçivəsində uşaq hüquqlarını qəbul edərək təminat altına alıb. Ölkənin bu sahədəki əsas hüquqi bazaları aşağıdakılardır:

  • Beynəlxalq Saziş: Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin "Uşaq Hüquqları haqqında Konvensiya"sını ratifikasiya edərək uşaqların hüquqlarının qorunması öhdəliyini beynəlxalq səviyyədə qəbul etmişdir.
  • Milli Qanunvericilik: Ölkə daxilində uşaqların hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası və 1998-ci ildə qəbul edilmiş "Uşaq hüquqları haqqında" Qanun ilə tənzimlənir.

 

Müasir dövrdə uşaq hüquqlarının hüquqi təminatı, xüsusilə infeksion risklər və qlobal böhranlar şəraitində daha da aktuallaşıb və dövlətlərdən bu hüquqların realizasiyası üçün xüsusi mexanizmlər tələb edir. Uşaqlar cəmiyyətin ən həssas təbəqəsi olmaqla yanaşı, onların sağlam fiziki və psixi inkişafı gələcək nəsillərin intellektual və reproduktiv potensialını birbaşa müəyyən edir. Uşaq sağlamlığı və keyfiyyətli təhsil hər bir dövlətin prioritet məsələsi olmaqla, milli təhlükəsizlik məsələsi sayılır. Ümundünya Səhiyyə Təşkilatının «Uşaq və yeniyetmələrin sağlamlığı və inkişafı» Avropa strategiyasında(2005) qeyd edilir: «Uşaqlar cəmiyyətin gələcəyinə bizim sərmayəmizdir. Qarşıdakı onilliklərdə Avropa Bölgəsi ölkələrində rifah və sabitlik səviyyəsi onların sağlamlıq vəziyyəti, böyümə-inkişaflarını, o cümlədən, yetkinlik yaşına çatanadək yeniyetməlik dövrünü necə təmin etməyimizdən asılı olacaqdır.»

 

Uşağın sağlam inkişafı həyatın ilk illərindən başlayaraq formalaşan çoxşaxəli prosesdir. Genetik xüsusiyyətlərlə yanaşı, ailə mühiti, qidalanma, səhiyyə xidmətlərinə əlçatanlıq, ekoloji şərait və sosial rifah bu prosesə bilavasitə təsir göstərir. Müasir elmi tədqiqatlar sübut edir ki, erkən yaş dövründə sağlamlıq üçün yaradılan əlverişli şərait gələcəkdə fiziki və zehni potensialın formalaşmasında həlledici rol oynayır. Əksinə, qeyri-sağlam mühit, ekoloji çirklənmə, psixososial gərginlik və tibbi xidmətlərə məhdud çıxış uşaqların sağlamlıq göstəricilərinə mənfi təsir edir və uzunmüddətli nəticələr doğurur.

 

Uşaqların sağlam böyüməsi ilə keyfiyyətli təhsil hüququ bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Təhsil yalnız bilik əldə etmək vasitəsi deyil, həm də şəxsiyyətin formalaşması, sosial bacarıqların inkişafı və gələcək həyat imkanlarının genişlənməsi üçün əsas platformadır. Təhlükəsiz, inklüziv və sağlam məktəb mühiti uşaqların öyrənmə motivasiyasını, psixoloji rifahını və akademik nailiyyətlərini birbaşa müəyyən edir. Məktəblərdə sanitar-gigiyenik şəraitin, daxili hava keyfiyyətinin, işıqlandırmanın və psixoloji təhlükəsizliyin təmin olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası hər bir uşağın sağlamlıq və təhsil hüququnu fundamental hüquq kimi təsbit edir. Bu sənədin ruhunda mühüm bir fikir dayanır: heç bir uşaq yaşadığı coğrafiya, sosial status və ya iqtisadi imkanlara görə keyfiyyətli təhsil və sağlam həyat şəraitindən məhrum olmamalıdır. Müasir dünyada davamlı inkişaf məqsədlərinin reallaşması da məhz uşaqların rifahına qoyulan investisiyalardan keçir.

 

Rəqəmsallaşma, urbanizasiya və iqlim dəyişiklikləri dövründə uşaqların sağlamlığı və təhsil hüquqları yeni çağırışlarla üz-üzədir. Hava çirklənməsi, hərəkətsiz həyat tərzi, psixoemosional yüklənmə və sosial bərabərsizlik kimi amillər uşaq sağlamlığını risk altına sala bilir. Bu səbəbdən profilaktik səhiyyə proqramlarının gücləndirilməsi, sağlam məktəb mühitinin formalaşdırılması və təhsil sistemində bərabər imkanların təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.

 

Beynəlxalq Uşaq Günü bizə sadə, lakin dərin məzmunlu bir həqiqəti xatırladır: uşaqların hüquqlarını qorumaq gələcəyi qorumaq deməkdir. Sağlam böyüyən, təhlükəsiz mühitdə yaşayan və keyfiyyətli təhsil alan hər bir uşaq sabahın daha güclü, daha humanist və daha inkişaf etmiş cəmiyyətinin təməlidir. Buna görə də uşaqlara göstərilən qayğı yalnız sosial vəzifə deyil, həm də gələcəyə yönəlmiş ən dəyərli sərmayədir.

 

ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub