İlk 2 il: immunitetin təməli, tolerantlığın başlanğıcı
05.08.2026 14:48

Bu gün biz körpə qidalanmasında yalnız qida maddələrinin qəbulunu deyil, eyni zamanda immun sistemin formalaşması və allergenlərə qarşı tolerantlığın qazanılmasında sübuta əsaslanan klinik rəhbərlikləri nəzərdən keçirdərək, ilk olaraq Beynəlxalq Ana Südü Akademiyasının (ABM) rəsmi mövqe bəyanatını və 12–24 aylıq dövrdə əmizdirmənin elmi əsaslarını təhlil etməliyik. Daha sonra isə əlavə qidaya keçiddə "İmmunoloji Tolerantlıq Pəncərəsi" adlandırdığımız 4–6 aylıq kritik dövrün mexanizmləri haqqında danışmalıyıq.

 

“ABM Position Statement” nədir və əsas prinsipləri

 

İlk növbədə ABM Mövqe Bəyanatının nə olduğuna aydınlıq gətirək. ABM (Academy of Breastfeeding Medicine, Ana südü Akademiyası) — beynəlxalq ana südü və tibb mütəxəssislərinin birləşdiyi, tamamilə sübutlu təbabətə əsaslanan və uzunmüddətli əmizdirməni tənzimləyən qlobal rəsmi klinik sənədlər hazırlayan bir qurumdur. Bu sənədin əsas prinsipləri iki mühüm sütuna söykənir: 

 

Bioloji normallıq: Cəmiyyətdə, bəzən təəssüf ki, tibb işçiləri arasında belə 1 yaşından sonra əmizdirməyə qeyri-adi və ya faydasız bir proses kimi baxmaq meyli var. Lakin ABM təsdiqləyir ki, 12–24 ay arasında əmizdirmə insan üçün bioloji olaraq tam normal və təbii fizioloji prosesdir. 

Sübutlu klinik dəstək: Protokol pediatrları, neonatoloqları, ginekoloqları və terapevtləri analara süni təzyiq göstərməməyə, əksinə onları dəstəkləməyə səsləyir. Əmizdirmənin dayandırılması kənar təsirlərlə deyil, yalnız ana və uşağın fərdi istəyinə əsasən baş verməlidir. 

 

2-ci İldə qida dəyəri və beynəlxalq uyğunluq

Bəs 2-ci ildə ana südünün qida dəyəri azalırmı? Elmi faktlar bunun tam əksini deyir. Uşağın ikinci ilində də ana südü onun günlük enerji tələbatının əhəmiyyətli hissəsini — 38%-dən 45%-ə qədərini qarşılayır. Bu dövrdə də süd zəngin protein, keyfiyyətli yağ turşuları, kalsium, vitamin A və digər mikronutriyentlərin unikal mənbəyi olaraq qalır. 

 

Qlobal strategiyalara baxdıqda, ABM-in bu tövsiyələri Ümumdünya Səhiyyə Təşkilatı (WHO), UNICEF, Amerika Pediatriya Akademiyası (AAP) və Amerika Ailə Həkimləri Akademiyasının (AAFP) rəsmi mövqeyi ilə tam uzlaşır. Yəni ilk 6 ay eksklüziv ana südü, 6 aydan sonra yaşa uyğun əlavə qidalar və əmizdirmənin ən azı 2 yaşa qədər davam etdirilməsi qızıl standartdır. 6 aydan əvvəl isə hər hansı bir allergiya profilaktikası və ya dəmir statusunu yaxşılaşdırmaq bəhanəsi ilə əlavə qidaların verilməsi elmi cəhətdən əsaslandırılmır. 

 

Uzunmüddətli əmizdirmənin uşaq sağlamlığına faydaları

Uzunmüddətli əmizdirmənin uşaq orqanizminə təsiri çoxşaxəlidir və biz bunu üç əsas istiqamətdə qruplaşdırırıq: 

 

İmmunoloji qorunma: İkinci ildə də südün tərkibindəki immunqlobulinlər, laktoferrin və bioaktiv komponentlər körpəni respirator infeksiyalardan, orta qulaq iltihabından (otit) və kəskin ishal riskindən etibarlı şəkildə qorumağa davam edir. 

 

Neyro-koqnitiv inkişaf: Klinik tədqiqatlar aşkar edib ki, 12 aydan daha uzun müddət əmizdirilən uşaqların intellektual testlərdə koqnitiv və emosional inkişaf göstəriciləri daha yüksək olur. 

Xroniki risklərin azalması: Bu, gələcək nəsillərin sağlamlığı üçün metabolik bir investisiyadır. Uzunmüddətli əmizdirmə gələcəkdə uşaqda artıq çəki (piylənmə), tip 2 diabet və digər metabolik pozulmaların yaranma ehtimalını minimuma endirir. 

 

Klinik dəstək və taktikalar

 

Pediatr və neonatoloq olaraq bizim valideynlərlə münasibətimiz necə qurulmalıdır? Sənəd bizə 4 mühüm taktika təklif edir: 

 

Doğru dialoq: Valideynlərlə qınayıcı, təzyiqedici deyil, dəstəkləyici dildən istifadə etməliyik. 

Fərdi qiymətləndirmə: Ananın iş fəaliyyəti, sosial, fiziki və psixoloji vəziyyəti mütləq nəzərə alınmalı, əmizdirmə ssenarisi ailəyə uyğun tənzimlənməlidir. 

Maneələri aşma: Süd vəzi iltihabları (mastit) və ya qidalanma çətinlikləri yarandıqda əmizdirməni dayandırmaq yox, peşəkar laktasiya dəstəyi ilə problemi həll etmək lazımdır. 

 

Təbii demə (Süddən ayırma): Əmizdirmə birtərəfli və qəfil qərarla deyil, yalnız ana və uşağın qarşılıqlı hazırlığı əsasında, təbii və tədricən bitməlidir. 

 

“İmmunoloji tolerantlıq pəncərəsi”

 

Tibbdə uzun illər belə bir yanaşma var idi: allergiya riskini azaltmaq üçün allergen qidaları uşağa gec vermək lazımdır. Lakin müasir immunologiya sübut edir ki, uşağın inkişafında 4-cü aydan başlayıb 6-cı aya qədər davam edən xüsusi bir "İmmunoloji tolerantlıq pəncərəsi" mövcuddur. 

 

Bu dövrün xüsusiyyətləri nələrdir?

 

Bağırsaq toxunulmazlığının yetişməsi: Məhz bu pəncərədə bağırsaq epitelinin keçiriciliyi, mukozal İgA istehsalı və mikrobiota tərkibi elə bir vəziyyətdə olur ki, daxil olan allergenlərə qarşı immun sistemində requlyator T-limfositlər (Treg) cavabı, yəni tolerantlıq formalaşır. 

Sensibilizasiya və tolerantlıq: Əgər biz allergenik qidaları bu pəncərədə, xüsusən də ana südü fonunda mütəmadi olaraq uşağa təqdim etsək, immun sistemi onu "düşmən" kimi yox, "dost" kimi qəbul edir (oral tolerantlıq). 

 

Gecikdirmənin riski: Köhnə yanaşmanın əksinə, allergen qidaların 6 aydan sonra uzun müddət gecikdirilməsi allergiya riskini azaltmır, əksinə, bəzi genişmiqyaslı tədqiqatlarda riskin daha da artdığı nümayiş etdirilib. 

Yekun olaraq, ana südü ilə qidalandırma əlavə qidalarla yanaşı, ən azı 2 il davam etdirilməlidir (ABM). 4–6 aylıq “immunoloji tolerantlıq pəncərəsi” isə allergenlərin təqdimi üçün ən əlverişli dövr hesab edilir.

 

Gültəkin Novruzova, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru 

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının və 27 nömrəli Şəhər Poliklinikasının baş həkimləri təltif olunub
 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün simulyasiya təlimi keçirilib   
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Kəlbəcərdə axtarış tədbirləri zamanı itkin düşmüş şəhidlərə aid insan qalıqları aşkarlanıb   
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
Hamilə pasiyent üzərində laparoskopik öd kisəsi əməliyyatı uğurla icra olunub
        Abituriyentlərə təhsil və karyera imkanları təqdim olunub          
Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Antibiotiklərin bağırsağa təsiri
 Pirallahıda 53 yaşlı qadının 35 il sonra ilk övladı dünyaya gəlib   
ÜST Avropa regionunda uşaq və yeniyetmələrin psixi sağlamlığı xidmətlərinin keyfiyyətini gücləndirir
 Dövlət Gömrük Komitəsinin rəhbər əməkdaşı beynəlxalq səviyyəli MBA proqramını fərqlənmə ilə başa vurub   
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
Mərkəzi Neftçilər Xəstəxanasının terapevti Pərizad Baxşəliyeva Baku TV-yə müsahibə verib