Təcili tibbi yardım xidmətində kiberfiziki geosistemlərin yaradılmasının konseptual əsasları işlənilir  
08.04.2025 11:30

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda iki struktur bölmənin “Qlobal çağırışlar kontekstində təcili tibbi yardım xidmətində kiberfiziki geosistemlərin yaradılmasının konseptual əsasları” mövzusuna həsr olunmuş birgə elmi seminarı keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, məruzəni təqdim edən Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov kiberfiziki geosistemlərin təcili tibbi yardım xidmətlərini təkmilləşdirmək üçün tətbiq edilən informasiya texnologiyaları, geoməkan məlumatları və tibbi yardımı birləşdirən innovativ yanaşma metodlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sistemlər xəstələrin yerləşdiyi yerlər, tibbi resurslar və yol şəraiti haqqında məlumatların səmərəli toplanmasına, təhlilinə və ötürülməsinə imkan verir ki, bu da tibbi vəziyyətlərə sürətli və dəqiq cavab verməyə kömək edir.

 

Məruzəçi qeyd edib ki, tədqiqat işinin məqsədi təcili tibbi yardımda kiberfiziki geosistemlərin yaradılması üçün istifadə olunan texnologiyaları və metodları nəzərdən keçirmək və onların effektivliyini araşdırmaqdan ibarətdir. Müasir tibb və ictimai səhiyyə kontekstində mühüm nəticələrə malik olan tədqiqat işi kiberfiziki geosistemlərin uğurla həyata keçirilməsi və inkişafı üçün tibb müəssisələri və dövlət qurumlarının birgə səylərinin vacibliyini önə çəkir. O, əlavə edib ki, təcili tibbi yardım xidmətlərinin qarşılaşa biləcəyi çatışmazlıqların aradan qaldırılması koordinasiya, maliyyə, texniki təchizat və kadr hazırlığının təkmilləşdirilməsini tələb edir: “Kiberfiziki geosistemlərin tətbiqi təcili tibbi yardım xidmətlərinin səmərəliliyini və əlçatanlığını yaxşılaşdırmağa kömək edə bilər”.

 

A.Səmidov kiberfiziki geosistemin yaradılması metodologiyasını təqdim edib, təcili tibbi yardım sistemində kiberfiziki geosistemlərdən istifadənin reaksiya vaxtının azaldılması, koordinasiyanın yaxşılaşdırılması, marşrutun optimallaşdırılması, teletibbin həyata keçirilməsi kimi əhəmiyyətli üstünlüklərinin müəyyən edildiyini vurğulayıb. O, həmçinin kiberfiziki geosistemlərin təcili tibbi yardım xidmətlərində tətbiqinin üstünlükləri ilə yanaşı, məlumatların məxfiliyi, texniki çətinliklər və maliyyələşmə ilə bağlı bir sıra məhdudiyyətlərin olduğuna da diqqət çəkib.

 

Sonda A.Səmidov qeyd edib ki, süni intellekt və data analitika kimi yeni texnologiyaların tətbiqi kiberfiziki geosistemlərin funksionallığını təkmilləşdirə və sistemin daha səmərəli işləməsinə kömək edə bilər.

 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev məruzəyə dair təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev ən son texnologiyaların imkanlarından istifadə etməklə təcili tibbi yardım xidmətinin müasir dövrün tələblərinə uyğun təşkilinə dair beynəlxalq təcrübənin, bu istiqamətdə keçirilmiş konfransların, tədris materiallarının və problemlərin daha dərindən araşdırılmasının vacibliyini qeyd edib. Alim, həmçinin təcili tibbi yardım xidmətinin səmərəli təşkili zamanı onun dayanıqlı enerji təminatına malik olması ilə bağlı təkliflərin işlənilməsinin əhəmiyyətinə toxunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev