Tanınmış cərrah-transplantoloq, tibb elmləri doktoru Rəşad Şolan Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasında dosent vəzifəsində rəsmi olaraq tədrisə başlayıb.
Aztibb.az xər verir ki, həkim bu barədə sosial şəbəkədə paylaşım edib.
Paylaşımda bildirilir: "Tibb Universitetinin Normal fiziologiya kafedrasında dosent vəzifəsində rəsmi olaraq tədrisə başladım.
Həm tibb üzrə fəlsəfə doktoru, həm də tibb elmləri doktoru dissertasiyalarım urologiya ilə fiziologiyanın kəsişməsində olub. Tibb elmləri doktoru elmi dərəcəmi urologiya və patoloji fiziologiya üzrə, dosent diplomumu isə məhz patoloji fiziologiya ixtisası üzrə almışam.
Uzun illər Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İmmunofiziologiya laboratoriyasına rəhbərlik etmişəm. Bu işi hazırda Canlı Sistemlərin Tədqiqi İnstitutu adlanan həmin müəssisədə davam etdirirəm. Eyni zamanda Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzində baş elmi işçi kimi fəaliyyət göstərirəm.
Göstərdiyi etimada görə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə təşəkkür edirəm. Normal fiziologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Arif Məmmədova, eləcə də kafedranın professor-müəllim heyətinə və bütün əməkdaşlarına səmimi qarşılanmaya görə minnətdaram.
Elmi və klinik təcrübəmi tələbələrimlə bölüşmək mənim üçün xüsusi məna daşıyır. Tələbələrim və həmkarlarımla həm nəzəri dərslərdə, həm də praktik məşğələlərdə keçirdiyimiz vaxtı çox dəyərli hesab edirəm. Xüsusən də tələbələrin dərsdə öyrəndiklərinin klinikada necə tətbiq olunduğunu görməsi və bunun ətrafında yaranan müzakirələr mənə böyük zövq verir".

