Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları müzakirə olunub  
02.04.2024 10:17

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə “Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva giriş nitqi ilə çıxış edərək bugünkü tədbirin insan hüquq və azadlıqlarının müdafiəsi baxımından əhəmiyyət kəsb edən bir sahəyə  - ölkəmizdə fiziki sağlamlığın və psixiatriya müəssisələrində müalicə alan pasiyentlərin hüquqlarının təmini sahəsindəki mövcud problemlərin müzakirəsinə həsr olunduğunu deyib. Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilən sağlamlığın qorunması hüququnun təmini hər kəsin fiziki və ruhi sağlamlığının mühafizəsinə və tibbi yardımla təminatına imkan verir. Fiziki sağlamlığın qorunması və ixtisaslaşmış tibbi yardımın göstərilməsi də bu hüququnu əhatə etdiyi məsələlərdəndir. Milli insan hüquqları təsisatı olaraq tərəfimizdən sağlamlığın qorunması hüququnun təmininə ciddi önəm verilir.

 

Qurumun səlahiyyətləri daxilində araşdırmalar aparıldığını, aşkar edilmiş problemlərin həlli, eləcə də ölkəmizdə əhalinin müxtəlif qruplarının psixi vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görüldüyünü vurğulayan Ombudsman qeyd edib ki, psixi sağlamlıq sahəsində milli strategiyaya da yenidən baxılması məqsədəuyğun olardı: “Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilir. Ombudsman təsisatı bu sahədə müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri, proqram və layihələri davamlı olaraq izləyir, müvafiq təhlillər aparır. Hesab edirəm ki, toplanmış məlumatlar əsasında Psixi sağlamlıq sahəsində Milli Strategiyaya da yenidən baxılması düzgün olar. Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə peşəkar və ixtisaslaşmış tibbi, o cümlədən psixiatrik yardımla təmin olunmaları ən vacib məsələlərdən biri kimi qeyd edilməlidir. Ombudsman təsisatı olaraq bu məsələ də diqqətimizdədir”.

 

S.Əliyevanın sözlərinə görə, müşahidə və araşdırmalar göstərir ki, psixiatriya xəstəxanalarında bir qayda olaraq, farmakoterapiya ilə məhdudlaşan müalicə tətbiq edilir. O bildirib ki, xarici ölkələrin müsbət təcrübəsi və müasir yanaşmalar nəzərə alınmaqla izolyasiya təcrübəsindən tədricən imtina edilməsi, icma əsaslı xəstəxanaların, müalicə-istehsal sahələrinin yaradılması, əmək reabilitasiyası təcrübəsinin tətbiqi tərəfimizdən tövsiyə olunur: “Təəssüf ki, bir sıra psixiatriya xəstəxanalarında, xüsusilə regionlarda yerləşən müəssisələrdə maddi-texniki baza və şəraitlə bağlı nöqsanlar mövcuddur ki, onların aradan qaldınıması məqsədi ilə tərəfimizdən müvafiq təklif və tövsiyələrlə Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edilib”.

 

Psixoloqların bəzi hallarda psixiatr kimi müvafiq müalicə aparmaq cəhdlərinin qəbuledilməz olduğunu söyləyən Səbinə Əliyeva təəssüflə bildirib ki, bu gün ölkəmizdə uyğun təhsili və təcrübəsi olmadan psixoloq kimi fəaliyyət göstərən şəxslərin də sayı az deyil: “Tədbirdə aidiyyəti qurumların nümayəndələrinin iştirakını nəzərə alaraq daha vacib bir məsələyə də toxunmaq istərdim. Son vaxtlar mətbuatda vaxtaşırı intihar halları ilə bağlı məlumatlar dərc olunmaqdadır. İntihar və zorakılıq hallarının yetkinlik yaşına çatmayanlar və gənclər arasında da baş verməsi narahatlıq doğurur. Buna səbəb olan hallar ciddi şəkildə tədqiq edilməlidir. Xüsusilə, təhsil müəssisələrində bu kimi hadisələrə yol açan halların aradan qaldırılması üçün kompleks tədbirlər görülməli, sosial şəbəkələrin, internet şəbəkə oyunlarının və digər internet resurslarının bu kimi hallara təsir imkanları araşdırılmalı, preventiv tədbirlər həyata keçirilməlidir. Məktəbi bitirmiş, lakin imtahanda uğur qazana bilməyən, risk qrupuna daxil olan abitruyentlərin müəyyən edilməsi, regional təhsil idarələri, habelə Gənclər və İdman Nazirliyinin tabeliyində olan gənclər evlərinin psixoloqları tərəfindən həmin abitruyentlərin ailələri ilə koordinasiyalı şəkildə müvafiq işin aparılması da zəruridir. Təklif edərdim ki, müvafiq sahədə fəaliyyətimizin operativliyini təmin etmək məqsədilə qurumlarımızda əlaqələndirici şəxsləri müəyyən edək. Bu, fəaliyyətimizin təkmilləşdirilməsi ilə yanaşı, mövcud problemlərin daha çevik həllinə də imkan verəcəkdir. Əminəm ki, birgə əməkdaşlığımız, eləcə də fəaliyyətimizin koordinasiya olunmuş qaydada düzgün və effektiv təşkili hüquq və azadlıqların müdafiəsinə əlverişli zəmin yaradacaq”.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə görülən tədbirlərdən danışıb. T.Musayev tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü addımların atıldığını, Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanmasının gələcəyə yönəlik planlardan biri olduğunu söyləyib.

 

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov son vaxtlarda psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan şəxslərin əksəriyyətinin bu sahə üzrə təhsili olmadığını bildirib, bu sahəyə ciddi nəzarətin əhəmiyyətini vurğulayıb. Ə. Əmiraslanov, həmçinin ölkəmizdə həkimlərin və pasiyentlərin hüquqlarını qoruyacaq yeni qanun layihəsinin hazırlandığını da diqqətə çatdırıb.

 

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, müasir dövrdə uşaqların virtual məkanda daha çox vaxt keçirmələrinin onların psixologiyasına ciddi təsir göstərdiyini qeyd edib. Komitə sədri əhali arasında sağlam həyat tərzinin təbliğinin, eyni zamanda, valideyn məsuliyyətinin artırılması ilə bağlı işin aparılmasının vacibliyini diqqətə çatdırıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı psixi xidmətlərə əlçatanlığın təmininin ölkəmiz üçün ən əhəmiyyətli məsələlərdən biri olduğunu, psixi sağlamlıq mövzusunda maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

 

Azərbaycan Tibb Universitetinin rektoru, prof. Gəray Gəraybəyli dövlət tibb müəssisələrində çalışan psixiatrların sayı ilə bağlı mövcud problemlərdən, kadr çatışmazlığından danışıb. Cəmiyyətdə psixi sağlamlıq anlayışı ilə psixi xəstəliyin bəzən eyni mənada başa düşülməsinin mənfi nəticələrinə toxunan professor Gəray Gəraybəyli xatırladıb ki, psixi sağlamlıq əslində psixi xəstəliyin olması demək deyil: “Burada dəfələrlə səsləndiyi kimi, çox geniş anlayışdır. Yəni sosial, hüquqi, ictimai, iqtisadi, fəlsəfi mahiyyət daşıyır. Məsələn, intihar halları ən çox olan ölkələrdən biri Şotlandiyadır. Orada intihar hallarına həsr olunmuş bir konfransda çox maraqla bir rəqəm açıqlandı ki, intihar hallarının profilaktikasında məsuliyyət cəmi 10 faiz tibb mütəxəssislərinin üzərinə düşür. Qalan 90 faiz cəmiyyətin digər təbəqələrinə aiddir”.

 

Həmçinin son dövrlər gənclər arasında aqressiya, depressiya hallarının artdığını və bu halların aradan qaldırılması istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğulayan G. Gəraybəyli psixi sağlamlıq haqqında 2001-ci ildə qəbul olunmuş qanunda və onun sonradan işlənən əlavələrində əksini tapan məsələlərin reallıqda tətbiqindən də danışıb. G. Gəraybəyli bir çox xəstəxanalarda xəstələrin uzun müddət saxlanılmasının məqbul saymır. Çünki onların hamısının aylarla, illərlə xəstəxanada qalmasına göstəriş yoxdur. Halbuki, bizim qanunumuzda qeyd olunub ki, 3 həkimdən ibarət komissiya xəstəni qohumunun istəyindən asılı olmayaraq evə yaza bilər. Ancaq həkimlər xəstənin qohumları tərəfindən şantaj edildikləri üçün bunu edə bilmirlər. Qeyri-könüllü stasionarlaşma, sosial problemlərə də diqqət çəkən professorun sözlərinə görə, əksər xəstələrə “ağıl zəifliyi” diaqnozunun qoyulmasının səbəbi digər ağır psixi xəstəliklərə əlillik dərəcəsinin düşməməsidir.

 

O, çıxışının sonunda kliniki psixoloqlar məsələsinə də toxunaraq onların işlə təmin edilməsinin və akkreditasiyasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

 

Azərbaycan Psixiatrlar Asossasiyasının prezidenti Nadir İsmayılov çıxışında əsas diqqəti psixiatriya sahəsində kadr azlığına, psixi xəstələrin cinayət törətməsinə, psixi xəstəliklərin diaqnostikasında obyektiv metodun olmamasına yönəldərək təkliflərini səsləndirib.

 

Tədbirdə digər çıxış edənlər tibbi xidmətə əlçatanlığın yüksəldilməsi üzrə işlərin görülməsi, həmçinin ölkədə psixi sağlamlığın təmini sahəsindəki mövcud problemlərin həlli istiqamətində təklif və tövsiyələrini bildiriblər.

 

Dəyirmi masada Ombudsman Aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixiatr və ekspertlər, media nümayəndələri iştirak ediblər. Mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib