Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub  
24.04.2026 10:26

Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə ATU-da Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü, Əməkdar elm xadimi,  AMEA-nın müxbir üzvü, professor Ağabəy Haşım oğlu Sultanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Düşüncənin parlaq işığı” adlı elmi-praktik konfrans keçirilib.

 

Aztibb.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Ağabəy Sultanovun Azərbaycan səhiyyə və psixiatriya elminin inkişafındakı rolunu xüsusi vurğulayıb. Rektor qeyd edib ki, professor Ağabəy Sultanov ölkədə psixiatriya məktəbinin formalaşmasında və elmi-pedaqoji bazanın gücləndirilməsində mühüm xidmətlər göstərib.

   

Professor Gəray Gəraybəylinin sözlərinə görə, Ağabəy Sultanovun rəhbərliyi altında çoxsaylı mütəxəssislər yetişdirilib, mühüm elmi tədqiqatlar aparılıb və əhəmiyyətli nəticələr əldə olunub. O, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı olub. Alimin pedaqoji fəaliyyətində tələbələrə təkcə bilik deyil, həm də həkim etikası, humanizm və məsuliyyət prinsipləri aşılanıb.

   

Rektor professor Ağabəy Sultanovun beynəlxalq elmi əlaqələrin genişləndirilməsindəki rolunu xüsusi qeyd edib. Bildirib ki, onun təşəbbüsləri sayəsində Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm irəliləyişlər əldə edilib.

 

"Professor Ağabəy Sultanovun həkim kimi fəaliyyəti hər zaman insan amilinə əsaslanıb və pasiyentlərə göstərdiyi diqqət və qayğı onun peşəkar yanaşmasının əsas göstəricilərindən olub. Bu ənənə bu gün də onun yetirmələri tərəfindən davam etdirilir. Əminliklə deyə bilərəm ki, Ağabəy Sultanovun zəngin irsi bundan sonra da Azərbaycan tibb elminin inkişafına xidmət edəcək. O, təkcə öz dövrünün deyil, gələcək nəsillərin də yoluna işıq salan şəxsiyyətlərdəndir. Onun elmi fəaliyyəti, yetişdirdiyi kadrlar və insana göstərdiyi həssas yanaşma bu gün də Azərbaycan səhiyyəsində yaşayır”, - deyə Gəray Gəraybəyli əlavə edib.

 

O, görkəmli alimin elmi irsinin Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamaqda davam etdiyini və Ağabəy Sultanovun adının yalnız elmi əsərlərdə deyil, həm də minlərlə insanın yaddaşında şəfa və ümid simvolu kimi yaşadığını söyləyib. Bildirib ki, Ağabəy Sultanov yalnız alim və pedaqoq deyil, eyni zamanda yüksək mənəvi dəyərlərə sahib bir şəxsiyyət olub. Alim tələbələrinə biliklə yanaşı, həkim etikası, humanizm və məsuliyyət hissini aşılayıb.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında Ağabəy Sultanovun Azərbaycan psixiatriya məktəbinin inkişafındakı rolundan bəhs edib. Vurğulayıb ki, alimin yaratdığı elmi məktəb bu gün də öz fəaliyyətini uğurla davam etdirir.

 

Akademik Əhliman Əmiraslanov, həmçinin Ağabəy Sultanovun müəllimlərinə göstərdiyi hörmət, yüksək təvazökarlıq və gənc kadrların yetişdirilməsinə verdiyi dəstəyin onun şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyətlər olduğunu diqqətə çatdırıb.

 

Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə Ağabəy Sultanovun mühazirələrinin tələbələr üçün əsl həyat məktəbi olduğunu bildirib. Onun sözlərinə görə, professor mürəkkəb elmi mövzuları sadə və anlaşılan şəkildə izah edir, tələbələrlə səmimi ünsiyyət qururdu.

   

Nazir müavini Ağabəy Sultanovun yüksək yumor hissinə və ictimai fəallığına da toxunaraq, onun televiziya çıxışlarının və maarifləndirici fəaliyyətinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb.

 

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Ağabəy Sultanovu Azərbaycan psixiatriya elminin formalaşmasında mühüm rol oynamış görkəmli alim kimi xarakterizə edib. Bildirib ki, ölkədə görkəmli alimlərin yubileylərinin keçirilməsi artıq ənənəyə çevrilib və bu, elmi irsin qorunmasına xidmət edir.

 

Vurğulanıb ki, bu ənənənin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də dövlət səviyyəsində davam etdirilir.

 

Daha sonra uzun müddət görkəmli alimlə münasibətdə olmuş akademik Akif Əlizadə, professorlar Nadir İsmayılov və İbadulla Ağayev onunla bağlı xatirələrini bölüşüb, Ağabəy Sultanovun yüksək insani keyfiyyətlərindən və aforizmlərindən söhbət açıblar. 

 

Konfrans çərçivəsində alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

 

Sonda Ağabəy Sultanovun nəvəsi İnarə xanım tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, babası haqqında ailə xatirlərini bölüşüb. 

   

Tədbir plenar iclaslarla işini yekunlaşdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır