COVID-19 pandemiyası qlobal səhiyyə sistemlərinin səmərəli olmadığını sübut edib - BMT-nin Baş katibi
26.10.2020 15:13

COVID-19 pandemiyası ilə bağlı böhranın aradan qaldırılması üçün fövqəladə hallara daha yaxşı hazırlaşmaq, alimlərin fikrinə qulaq asmaq və həmrəylik ruhunda birgə fəaliyyət göstərmək lazımdır.

 

BMT-nin Xəbərlər saytında bildirilir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu fikirləri səhiyyə üzrə sammitin iştirakçılarına ünvanlanmış videomüraciətdə söyləyib.

 

Oktyabrın 25-də Berlində başlanmış bu sammit Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə keçirilir. Tədbirdə dünya dövlətlərinin, beynəlxalq təşkilatların və elmi ictimaiyyətin 2500 nümayəndəsi iştirak edir. Görüşdə səhiyyənin qlobal problemləri və onların həlli yolları müzakirə ediləcək.

 

Antonio Quterreş videomüraciətində koronavirus pandemiyasının dağıdıcı nəticələrini xatırladıb: 42,5 milyon nəfər koronavirusa yoluxub, təqribən 1 milyon 147 min nəfər bu xəstəlikdən vəfat edib. Baş katibin fikrincə, bu pandemiya qlobal səhiyyə sistemlərinin səmərəli olmadığını, onların fövqəladə hallara lazımi şəkildə cavab verə bilmədiyini sübut edib.

 

Bu günə qədər pandemiya səbəbindən 500 milyona yaxın iş yeri ixtisar edilib. Dünya iqtisadiyyatının hər ay üzləşdiyi itkilər 375 milyard dollara yaxındır. Qadınlara qarşı zorakılıq halları kəskin şəkildə artıb, psixi xəstəliklər isə “böhran daxilində böhran”a çevrilib. Təqribən 24 milyon uşaq təhsil almaq imkanından məhrum olub.

 

“COVID-19 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf gündəliyində nəzərdə tutulanları həyata keçirmək imkanından uzaqlaşdırır”, - deyən BMT rəhbəri daha sonra əlavə edib ki, “biz bu çağırışa hazır deyildik”.

 

Quterreş xatırladıb ki, səhiyyənin əlçatanlığı hüququ dünyada milyardlarla insan üçün əslində əlçatmaz olub. Tibbi xidmətlərin yüksək dəyəri səbəbindən insanların çoxu bu xidmətlərdən istifadə edə bilmir. Baş katibin fikrincə ümumi tibbi sığorta tibbi xidmətin hər kəs üçün əlçatan, keyfiyyətli və ədalətli olmasının yeganə yoludur.

 

BMT-nin Baş katibi əmindir ki, bu gün elmə güvənmək, birlik və həmrəylik ruhunda fəaliyyət göstərmək həmişəkindən daha çox zəruridir. Onun fikrincə, məhz bu vasitələr, bir də virusun qarşısını almaq üçün yoxlanılmış vasitələr - maskalar, fiziki məsafə və əllərin gigiyenası pandemiyaya qalib gəlməyə kömək edə bilər.

 

Hər bir mərhələdə qlobal həmrəylik lazımdır. İnkişaf etmiş ölkələr resursların çatışmadığı ölkələrdə səhiyyə sistemlərini dəstəkləməlidirlər”, - deyən Quterreş vurğulayıb ki, səmərəli vaksin yaradılmasına diqqəti artırmaq və onun hamı üçün əlçatan olmasını təmin etmək lazımdır.

 

BMT-nin rəhbəri deyib: “Vaksinlər, diaqnostika və səmərəli müalicə üsulları insanları xilas etmək tədbirləri olmaqla bərabər, pula qənaət etməyə və cəmiyyəti xilas etməyə kömək edəcək. Onun fikrincə, təkcə bir istiqamətdə fəaliyyət göstərməklə virusa qalib gəlmək mümkün deyil. Baş katib bu problemi kompleks şəkildə həll etməyə çağırır, müasir tədqiqatları səhiyyə sahəsində baza əhəmiyyətli tədbirlərlə əlaqələndirməyi təklif edir.

 

Baş katib vurğulayıb ki, yalan məlumatın yayılması öldürücü virusun müttəfiqidir. Onun sözlərinə görə virus, şayiələr və yalan birləşdikdə yoluxma və ölüm halları artır, sosial gərginlik və zorakılıq geniş yayılır. O deyib: “Əgər biz şayiələrin sui-qəsd və yalan nəzəriyyələrinin qarşısını almasaq, bütün səylərimiz puç olacaq”. Quterreş BMT-nin COVID-19 pandemiyası ilə bağlı yalan informasiyanın yayılmasına qarşı mübarizəyə yönəlmiş “Yoxlanılmışdır!” kampaniyasını xatırladıb və beynəlxalq birliyi COVID-19-a qarşı vahid cəbhə şəklində çıxış etməyə çağırıb.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbir keçirilib