Rəşad Mahmudov: Qüdrətimiz qarşısında bütün maneələr kiçik görünür
24.12.2022 23:50

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü gələcəyə yönələn simvolik anlam kəsb edirdi. Hər kəsin yadındadır ki, illər öncə dövlət başçısı öz doğum gününü məcburi köçkünlərlə birgə keçirərək, bir gün doğma yurdlarımıza qayıdış mesajını vermişdi. Bu gün ölkəmizdə o qayıdış böyük sevinc və coşqu ilə qeyd olunur. İndi də eyni gündə Prezidentin Qərbi Azərbaycandan olan ziyalılarla görüşü qədim torpaqlarımıza dönüşümüzün ilkin işartıları sayıla bilər.

 

Görüşdə qədim Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiyasını təhlil edən Prezident bu prosesin Ümummilli Lider Heydər Əliyevin 1987-ci ilin noyabrında sovet rəhbərliyindən uzaqlaşmasından sonra başladığını bildirdi. Ulu Öndərin sovet rəhbərliyində təmsil olunduğu illərdə səslərini belə qaldıra bilməyən nankor qonşularımızın dahi şəxsiyyət vəzifədən gedəndən sonra əl-qolu açılmışdı.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

Deputat vurğulayıb ki, həmin hadisədən iki həftə sonra erməni millətçiləri səslərini qaldırdılar və ovaxtkı Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. Moskvanın nəinki susqun qaldığı, hətta dəstək verdiyi deportasiya nəticəsində azərbaycanlılar tarixi torpaqları olan Zəngəzur, Göyçə, İrəvan vilayətlərindən zorakılıqla çıxarıldı.

 

Prezident İlham Əliyev çıxışında tarixi statistikanı da xatırladaraq qeyd etdi ki, Ermənistan adlanan ərazidə, hətta o vaxt 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Eyni zamanda, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı, təqribən 200 min soydaşımız öz dədə-baba yurdlarından çıxarıldı, xeyli sayda azərbaycanlı işgəncələrə məruz qaldı, öldürüldü və bütün bu cinayətlər sovet hökumətinin gözü önündə baş verirdi. Bütün bunlar azmış kimi, Qarabağda da xalqımıza qarşı cinayət törədildi.

 

Rəşad Mahmudov deyib ki, Azərbaycan Prezidentinin çıxışında xüsusi diqqət çəkən məqam ermənilər tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı idi. Bununla əlaqədar dövlətimizin başçısı informasiya mübarizəsinin mühüm əhəmiyyətinə toxunaraq, İkinci Qarabağ müharibəsində olduğu kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını ən önəmli vəzifə kimi qarşıya qoydu və Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyətinin gücləndirilməsini, Azərbaycanın diaspor təşkilatları ilə birgə fəaliyyət həyata keçirilməsinin zəruriliyini qeyd etdi.

 

Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu əməli ilə sübuta yetirib. Zəfər savaşında tam hərbi üstünlüyə malik olduğu zamanda belə ölkəmiz müharibəni dayandırıb, torpaqların mərhələli şəkildə azad olunmasına razılıq verdi. Amma Ermənistan bu humanizmi yetərincə dəyərləndirmədi və kapitulyasiya aktından sonra da hərbi siyasi təxribatlarını davam etdirdi. Prezidentimizin bildirdiyi kimi, bu ilin sentyabrında son təxribatlara Azərbaycan cavab verməyə məcbur oldu.

 

Beləliklə, Ermənistan yenidən hərbi iflas yaşadı və nəticədə bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir və sentyabr toqquşmaları həm də ermənilər üçün daha bir dərs olmaqla yanaşı, bizi gələcəkdə böyük problemlərdən sığortaladı.

 

Ölkəmizin başçısı vətəndaş cəmiyyəti üzvlərinin Xankəndi-Laçın yolunda təşkil etdiyi aksiyaya münasibət bildirərək ictimaiyyət nümayəndələrinin tələblərinin haqlı, təbii sərvətlərimizin istismarının qəbuledilməz olduğunu bildirdi.

 

Rəşad Mahmudov sonda qeyd edib ki, Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər ideoloji xəritə kimi hər birimizin qarşısına ciddi məsuliyyət qoyur. Hədəf və məqsədimiz aydın, Azərbaycan naminə fəal olmalı və birgə addımla tarixi ədaləti bərpa etməliyik. Necə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sədləri aşaraq Qarabağı azad etdik. Hədəf Qərbi Azərbaycandır! Kiminsə şübhəsi olmasın, biz Prezident İlham Əliyevin liderliyi ilə buna da nail olacaq, elə Müzəffər Komandanın bildirdiyi kimi, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik. Qüdrətimiz qarşısında bütün maneələr kiçik görünür! Yaşasın böyük Azərbaycan!

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib