“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub
04.11.2022 23:48

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Acta Botanica Caucasica” (“Qafqazda Botanika Elmi”) jurnalının ilk sayının təqdimatı keçirilib.

 

Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva “Acta Botanica Caucasica” jurnalının fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, jurnalın redaksiya heyətində xaricdə fəaliyyət göstərən alimlərin də yer aldığını diqqətə çatdırıb. Professor Səyyarə İbadullayeva jurnalın növbəti nömrəsindən etibarən hər bir məqaləyə DOI-lərin verilməsinin nəzərdə tutulduğunu vurğulayıb, nəşrin Azərbaycan elminin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

 

Daha sonra “Acta Botanica Caucasica” jurnalının baş redaktoru Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov çıxış edərək yeni fəaliyyətə başlamış jurnalın botanika elminin çoxaspektli problemlərinin tədqiqi, analizi, geniş elm ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərəcəyini bildirib. O, jurnalın Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallar siyahısına daxil edilməsinin, eləcə də dünyanın nüfuzlu bazalarında indeksləşməsinə nail olunmasının qarşıda duran əsas hədəflərdən olduğunu deyib. Elşad Qurbanov jurnalda Azərbaycanla yanaşı, bütün ölkələrdən olan alimlərin botanika ilə əlaqəli bütün elm sahələrinə dair tədqiqat işlərinin dərc olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. 

 

Baş redaktor bu günlərdə “Acta Botanica Caucasica” jurnalının veb-saytının fəaliyyətə başladığını da qeyd edərək, jurnalın veb-saytının mövcud olmasının onun beynəlxalq bazalara daxil edilməsi üçün əsas göstəricilərdən biri olduğunu deyib.

 

Elşad Qurbanov çıxışının sonunda mətbu orqanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

Sonra çıxış edən Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov “Acta Botanica Caucasica”nın təsisçilərini botanika elminin problemlərinə həsr olunmuş jurnalın fəaliyyətə başlaması münasibətilə təbrik edib.

 

O, nəfis tərtibatda işıq üzü görmüş jurnalın ilk nömrəsində dərc olunmuş məqalələrinin də vacib elmi problemləri əhatə etdiyini, nəşrdə eksperimental nəticələrin öz əksini tapdığını diqqətə çatdırıb.

 

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov ölkəmizdə Azərbaycanın təbii sərvətlərinin tədqiqinə həsr olunmuş jurnalların fəaliyyətə başlamasının elmimiz, iqtisadiyyatımız üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

 

Azərbaycanın zəngin flora tərkibinə malik olduğunu deyən Tahir Süleymanov bu resursların ölkəmizdə xalq təbabəti və tibbdə geniş istifadə olunması üçün geniş tədqinin zəruriliyinə toxunub. O, “Acta Botanica Caucasica” jurnalın nəşrinin bu istiqamətdə aparılmış tədqiqatların nəticələrinin dərc olunması baxımından vacib olduğunu qeyd edib. 

 

Təqdimat mərasimində, həmçinin Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov, ATU-nun Əczaçılıq fakültəsinin Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiri, əczaçılıq elmləri doktoru Məhbubə Vəliyeva və digərləri jurnalı vaxtında nəşr edilmiş mətbu orqan kimi yüksək qiymətləndiriblər. Çıxış edənlər “Acta Botanica Caucasica” jurnalının fəaliyyətə başlaması münasibətilə təsisçiləri təbrik edib, jurnalın gələcək fəaliyyətində uğurlar arzu ediblər.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib