Səhiyyə Nazirliyinin eksperti: "Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır"
13.09.2022 17:20

Ümumdünya Səhiyyə Təşkilatı payız aylarında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım olacağını proqnozlaşdırır. İyundan etibarən ölkəmizdə yoluxma saylarında müəyyən artımlar var. Doğrudur, yoluxma halları 500-700 səviyyəsində stabilləşib. Hətta son günlər infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstələyir. Əvvəlki dalğalarda da bunu müşahidə etmişik. Payız mövsümü yaxınlaşır və havalar soyuyur. Bu zaman təkcə COVID deyil bütün hava-damcı infeksiyalarına yoluxma faktlarında müəyyən artımlar, respirator alovlanmalar olur. Pandemiya təcrübəsinə baxsaq görərik ki, 2020-2021-ci illərdə də eyni halı yaşamışıq. Çünki həmin dövrdə infeksiyaların yayılması üçün əlverişli şərait yaranır. Havalar soyuq olduqda insanlar daha çox qapalı mühitlərdə toplanırlar, yaxın təmasların sayı artır, otaqların havalandırılması azalır. Digər tərəfdən isə vətəndaşlar infeksiyaya yoluxma hallarının az olduğu vaxtlarda arxayınlaşaraq fərdi qoruyucu vasitələrdən, maskadan istifadə etmirlər, qaydalara laqeyd yanaşırlar. Bir yandan da payız aylarında insan immunitetinin təbii olaraq zəifləməsi, ikinci tərəfdən isə vaxt keçdikcə istər vaksinasiya, istərsə də xəstəliyi keçirmə nəticəsində koronavirusa qarşı əldə olunmuş immunitetin zəifləməsi baş verir. Bütün bu faktorlar infeksiyanın ötürülməsini daha da asanlaşdırır. Bunu əyani olaraq gündəlik yoluxma hallarında görürük. Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır. Ona görə də bu ərəfədə diqqətli olmalı və qabaqlayıcı tədbirləri görməliyik.

 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

Mütəxəssis-ekspert bildirib ki, əvvəllər stasionarın izafi yüklənməsi baş verdiyindən dövlət müəyyən qapanmalara getməyə məcbur olurdu. İndi isə yüksək yoluxma halları olanda belə yüngül xəstələrin sayının çox, stasionar yatışların sayının az olması səbəbindən izafi yüklənmə qeydə alınmır: “Belə olan halda sərt qapanmalara getməyə ehtiyac olmur. Odur ki, verilən qərarlar ancaq tövsiyə xarakterlidir, yəni maskanın taxılması, məsafə saxlanılması ilə bağlıdır. Düşünürəm ki, belə də davam edəcək. Ehtimal olunur ki, izafi yüklənmə olmayacaq”.

 

T.Eyvazovun sözlərinə görə, dünyada hazırda COVID-19-un “omikron” ştamının bir-birindən müəyyən qədər fərqlənən alt tipləri üstünlük təşkil edir və yayılır. Yeni bir ştamın əmələ gəlməsi isə nəzəri olaraq mümkündür.

 

“Qonşu ölkələrə nəzər salsaq, görərik ki, onlarda artımlar bizdən əvvəl başlayıb və yoluxanların sayı kifayət qədər çoxdur. Azərbaycanda COVID-19-la əlaqədar epidemioloji vəziyyət nisbətən stabil və nəzarətolunandır.

 

Pandemiya təcrübəsi bizə pandemiya davranışını öyrədib. Bilirik ki, alovlanmalar vaxtı nələrə riayət etməliyik, özümüzü necə gözləməliyik. Bir qədər diqqətli olmaq lazımdır. Etinasızlığın ağır nəticələrə gətirib çıxardığına bir neçə dəfə şahid olmuşuq”, - deyə T.Eyvzaov bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib