Arı mumunun faydalı xüsusiyyətləri
20.07.2022 16:36

Arı mumu - işçi arılar tərəfindən sintez olunan, xarakterik bal qoxusuna malik, yağabənzər, çoxkomponentli bərk maddədir. Sarı, ağ və ya ağımtıl rəngdə olur. Sarı arı mumu birbaşa pətəkdən, digərləri sarı bal mumundan əldə edilir.

 

Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin əməkdaşları Seyidxanım Seyidova və Rəna Kəngərlinin hazırladığı elmi məqalədə bəhs olunur.

 

Arılar mumu tüpürcək vəzilərinin şirəsində həll edərək şanın toxunması prosesində ondan yararlanırlar. Ana və erkək arılarda mum ifrazat vəziləri olmur. 13-18 günlük arıların qarnındakı mum vəziləri tərəfindən ifraz olunan maye mum ciblərində toplanır. Həmin maye hava ilə təmas nəticəsində bərkiyərək, yarımşəffaf lövhəciklər əmələ gətirir. Həmin lövhəciklərdən “tikinti materialı” kimi istifadə edən işçi arılar şanı yığmaq, ana və erkək arılar isə sürfə çıxarmaq, həmçinin nəsil artırmaq üçün üskükvari yuvalar düzəldirlər.

 

Arılar 1 qram mum istehsal etmək üçün 10 qram bal yeməlidir. Arı ailəsi yaz-yay mövsümündə 3-5 kiloqrama qədər mum hasil edə bilir. Sarı rəngli təmiz mumun normal çəkisi 20 dərəcə C-də 0,959 qrama bərabərdir. Temperaturun yüksəlməsi mumun sıxlığını azaldır və 62-68 dərəcə C-də əriyərək istənilən formanı alır. Ərimə temperaturunun yüksək olması mumun keyfiyyətinə müsbət təsir göstərir.

 

Arı mumu mürəkkəb biokimyəvi tərkibə malik olub, özündə sadə və mürəkkəb efirlər, sərbəst yağ turşuları, karbohidratlar, karbohidrogenlər və digər maddələr də daxil olmaqla 300-dən çox komponenti birləşdirir. Mumun tərkibindəki mürəkkəb efirlər digər maddələrlə kimyəvi reaksiyaya girmir və bu da mumun uzun müddət (hətta yüz illərlə) öz keyfiyyətini saxlamasına səbəb olur.

 

Arı mumu ətraf mühit amillərinə - havanın temperaturuna və nəmliyinə qarşı çox davamlıdır və ona görə də oksidləşmir, çəkisi isə dəyişməz qalır.

 

Zəngin tərkibə malik arı mumundan tibdə, kosmetologiyada və digər sahələrdə geniş istifadə olunur. Qeyd edək ki, Avropa ölkələrində qida əlavəsi kimi qeydiyyata alınan arı mumu bioloji aktiv məhsul kimi güclü antiseptik təsirə malikdir. Belə ki, mumun tərkibinin A və C vitaminləri, antibakterial maddələr, həmçinin antioksidantlarla zənginliyi yara və kəsiklərin tez sağalmasında, iltihabı proseslərin qarşısının alınmasında mühüm rol oynayır. Antibakterial xüsusiyyətlərinə görə mum bağırsaqların mikroflorasını normallaşdırır, disbakteriozu aradan qaldırır, orqanizmi toksinlərdən və ağır metallardan təmizləyir.

 

Mütəmadi olaraq arı mumu çeynəmək immun sistemini gücləndirir. Bu arıçılıq məhsulundan stomatologiyada qəliblərin hazırlanması məqsədilə də istifadə edilir. Mum elektrotexnika, poliqrafiya, ağac emalı, toxuculuq və şüşə sənayesi üçün qiymətli xammaldır. Müasir kosmetologiya və farmakologiyada isə krem, dodaq boyaları, göz qələmləri və dezodorantların istehsalında mumdan geniş istifadə olunur.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib