“Omikron”la bağlı əsas narahatlıq onun daha yoluxdu­rucu olmasıdır -  Anestezioloq-reanimatoloq
18.02.2022 13:01

Son günlərin statistikası göstərir ki, COVID-19-un yeni ştamı olan "Omikron" ölkəmizdə çox sürətlə yayılır. Koronavirusun bütün dünyada yayılan və ölkəmizdə də qeydə alınan “Omikron” ştamı  insanlarda qorxu yaradır. Sağlam yaşamaq, zəmanəmizin bəlası sayılan bu yoluxucu xəstəliyin ağır fəsadları ilə üzləşməmək üçün isə peyvəndlənmə əsas vasitədir.

 

Aztibb.az xəbər verir ki, bu barədə  Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiz terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Mehdi Əliyev məlumat verib. 

 

Onun sözlərinə görə, XXI əsrin  bəlası – COVID-19 infeksiyası  və yeni yaranmış ştamları dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və  insan tələfatı ilə nəticələnməsi dövlətləri ciddi tədbirlər görməyə sövq edir. COVID-19-un pandemiya elan olunduğu ilk günlərdən bu yoluxucu xəstəliyin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmiş tədbirlərlə yanaşı, dövlətimiz  virusun geniş yayılmaması, daha çox təhlükəli fəsadlar yaratmaması üçün  insanları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır. Bu çağırışın əsasında isə ölkə əhalisinin peyvəndlənməsi durur.

 

Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvəndlənməsi prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Və bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında peyvəndləmə səviyyəsi baxımından birinci yerlərdən birini tutan  respublikamızda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş Sinovac, AstraZeneca, Sputnik və.s kimi geniş vaksin seçimi yaranmış və vaksinasiya prosesi  könüllü olaraq dövlət hesabına aparılır.

 

Dünyada  müşahidə olunan tendensiyalar COVID-19 pandemiyası ilə mübarizə üsullarının  təkmilləşdirilməsini və qabaqcıl tədbirlərini  görülməsini zəruri edir. Belə ki, peyvəndlənmədən bir müddət sonra  qorunma səviyyəsi zəiflədiyindən immunitet reaksiyasını yenidən gücləndirmək, peyvəndin effektivliyini artırmaq lazım gəlir. Bu mənada, vaksinin üçüncü dozası olan Buster dozası effektliyi  ilə seçilir. Yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID -19-la bağlı hospitalizasiya və ölümləri azalda bilən üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. ÜST-ə və Kanadanın  müvafiq qurumuna əsasən  Buster dozasının  istifadəsi  immunsupressiv hallarda və ən çox həssas  qruplarda  məqsədəuyğun hesab olunur. Buster dozanın əhəmiyyətini ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin  və İngiltərənin Milli Səhiyyə Xidməti də təsdiqləyir. Tədqiqatlara  görə Buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma  isə 19 dəfə artmışdır.

 

M.Əliyev pandemiya ilə mübarizədə peyvəndin rolu, koronavirusun yeni ştamları ilə mübarizə  yolları barədə məlumat verərək bildirdi ki, COVID-19 infeksiyası  əleyhinə istifadə edilən peyvəndlər orqanizmi bu virusdan qoruyan anticimlər yaradır. Lakin müəyyən vaxt keçdikdən sonra anticisimlər azalmağa başlayır. Bu səbəbdən  iki doza vaksin aldıqdan 6 ay sonra növbəti doza-“Buster”  vurulmalıdır. Bununla yanaşı, koronavirisin yeni ştamına yoluxmamaq üçün, özünüzü, ailə üzvlərinizi  və ətrafınızda olan insanları qorumaq üçün karantin qaydalarına ciddi riayət etmək lazımdır. Yeni növ koronavirusun istənilən ştamı ilə mübarizə üsulları eynidir : qapalı və toplu insanlar olan məkanlarda maska taxmaq, əl gigiyenası qaydalarına ciddi riayət etmək, ara məsafəsinin saxlamaq,  peyvəndlərin vaxtında vurdurmaq. Əgər 6 ay tamam olubsa bu halda buster dozanın vurulması çox  vacibdir.

 

Xüsusilə qeyd etmək istəyirəm ki, peyvəndin birinci və ikinci dozaları kimi, üçüncü - Buster dozanın tətbiqi olduqca önəmlidir.  İnsanlar vaxtında gücləndirici dozaları vurdurmaqla özlərini koronavirusun yeni ştamlarından qoruya bilir və ya yoluxduqda ağırlaşma olmadan ev şəraitində müalicə almaqla əvvəlki həyat şəraitinə dönə bilirlər.

 

Bu gün çox geniş yayılan, koronavirusun yeni ştamı olan “Omikron”un yüngül keçməsində peyvəndin böyük rolu var. Peyvəndlənmə sayəsində  xəstələr daha çox evdə müalicə alırlar.  Qeyd edim ki, artıq dünyanın 40-dan çox ölkəsində yayılan “Omikron”un yeni yarımnövü - BA.2 də çox yolxucudur. BA.2  çox sürətlə hətta “Omikron”dan da sürətlə yayılır.

 

Ümumdünya Səhiyyə Təşkilatının virusun gələcək həftələrdə daha şiddətli xarakter alacağı, daha geniş yayılacağı ilə bağlı xəbərdarlığı yenidən peyvəndləmənin vacibliyini aktuallaşdırır. Çünki peyvənd olunmuş insanlarda artıq koronavirusa qarşı immunitet yaranır  və bu səbəbdən onlar virusa yoluxma halında xəstəliyi ya asimptomatik, ya da çox asanlıqla keçirəcəklər.

 

“Omikron”la bağlı qorxu onun daha yoluxdu­rucu olmasıdır. Əvvəl bir xəstə 10 nəfərin arasında birini yoluxdururdusa, indi bu say 5-8 nəfərə çatır.  Eyni zamanda, bədənimizdə COVID–19 virusuna qarşı yaranmış anticisimlər bir qədər də rezistentlik qazanıb. Qısa müddətdə yoluxma sayında yüksək artım  hamıda təşviş doğurmağa başlayıb. Lakin bu ştammın törətdiyi xəstəlik ağır gedişə malik olmur. Yuxarı tənəffüs infeksiyalarında bir çox klinik əlamətlər oxşardır. Həkimlər ona soyuqlama əlamətləri deyirlər. “Omik­ron” nisbətən yüngül gedişə malik olması ilə xarakterizə olunduğundan onu qripdən fərqləndirmək bir qədər də çətinləşib.

 

Onun COVID-19 olub-olmadığını yalnız xüsu­si testlərlə müəyyən etmək mümkündür. Əslində, xəstənin hansı ştamma yoluxması­nın klinik cəhətdən əhəmiyyəti yoxdur. Testin pozitiv olması kifayətdir.  Hamı bilməlidir ki, yuxarı tənəffüs yollarının infeksiyaları qışda aktivləşir. Bu, soyuq havanın təsiri altında bizim yuxarı tənəffüs yollarımı­zın yerli müdafiə qabiliyyətinin azalması ilə əlaqəli olan təbii bir prosesdir. Özünü qoruyan insanlarda respirator infeksi­yalar müşahidə olunmur. Bunun üçün  maska taxmaq vacib şərtdir.

 

Lakin koronovirusla mübarizənin ən optimal yolu peyvənd olunmaqdır. Virusa yoluxanların arasında yalnız peyvənd olunanlar xəstəliyi yüngül keçirirlər. Buna görə də hər kəs vaksin vurdurmaq barədə ciddi düşünməlidir.

 

Vətəndaş PCR testinin müsbət nəticəsini aldıqdan sonra evdə özünü təcrid etməlidir. Xəstəlik boyu mümkün qədər çox maye içmək lazımdır. Yüksək temperatur varsa, qızdırmanı aşağı salan dərmanlar qəbul etmək tövsiyə olunur. Öskürək əleyhinə dərmanlara gəlincə, onları nisbətən qısa müddətə qəbul etmək olar. Heç bir dərman vasitəsi ilə keçməyən yüksək hərarətiniz varsa, döş qəfəsində ağrılar ,  nəfəs darlığı və hava çatışmazlığı hiss edirsinizsə, dəriniz mavi rəngə çevrilibsə, dərhal həkimə müraciət  etməlisiniz.

 

Virusun yayılma həcmini azaltmaq istiqamətində dövlət tərəfindən görülən tədbirlərə  dəstək verməyin tək yolu Buster dozanın qəbul edilməsidir. Əks təqdirdə  iki doza peyvənd  vurulmuş şəxslərin virusa yoluxmaq ehtimalı getdikcə artır. Çünki dozaların qəbul edilməsi üçün aradakı  maksimum müddətin (6 ay) bitməsi qanda anticisimlərin artıq sıfır səviyyəyə düşməsinə səbəb olur. Bu baxımdan Buster dozanın vaxtında vurulmaması dalğanın geniş vüsət almasına, yenidən ağır fəsadların müşahidə edilməsinə gətirib çıxara bilər.  

 

Koronavirusun yeni "Omikron" ştamının ciddi fəsadlar törətməsinə şərait yaratmamaq, bu ştamdan da daha az itkilərlə yaxa qurtarmaq üçün Buster dozanın vurulması vacibdir. Nəzərə alsaq ki, Ümumdünya Səhiyyə Təşkilatı  mart ayına Avropa əhalisinin yarıdan çoxunun "Omikron" ştamına yoluxacağını proqnozlaşdırır, o zaman ümumi qlobal riskin çox yüksək olduğu bu ştamdan yeganə xilas yolu qısa zamanda Buster – üçüncü  dozanı vurdurmaqdır.

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Sümük bulyonu arıqlamağa kömək edir
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq