Orqanizmin təbii şəfa sistemi – Kök hüceyrələr İkinci yazı
11.09.2021 19:21

Kök hüceyrə müalicələri son illərdə dermatoloji xəstəliklərdə və kosmetik sahədə də istifadə edilməyə başlanıb. Ən çox dəri cavanlaşma müalicəsində, sızanaq izlərinin müalicəsində və yaraların sağalmasında tətbiq olunmaqdadır.

 

Aztibb.az kök hüceyrə nəqli və ya sümük iliyi nəqli olaraq bilinən, anadangəlmə xəstəliklərdən, xərçəng növlərindən bir çox ölümcül xəstəliklərə qədər istifadə olunan kök hüceyrə müalicəsi haqqında növbəti yazını təqdim edir.

 

Kök hüceyrə müalicəsində istifadə edilən fibroblast deyilən hüceyrələrdir. Bu hüceyrələr cildimizin orta təbəqəsində yerləşir. Fibroblastlar dəriyə elastiklik təmin edən kollagen və elastik liflərin istehsalında rol oynayır, dərinin cavanlaşmasını təmin edir. Fibroblastlar dərinin bərpa edilməsini təmin edən bəzi maddələrin istehsalında da köməkçi olurlar. Bu xüsusiyyətləri ilə cildin yenidən qurulması və dəridəki zədələnmələrin sağalmasına səbəb olurlar.

 

Kosmetik sahədə kök hüceyrə müalicəsi zamanı günəş görməyən bədən hissəsindən, qulaq arxasından 3 mm diametrində bir dəri nümunəsi və bir miqdar qan alınır. Dəri nümunəsi və alınan qan xüsusi bir laboratoriyaya göndərilir. Bu laboratoriyada dərinin orta təbəqəsində olan fibroblast hüceyrələri ayrılır və çoxaldılır. Əldə edilən fibroblast hüceyrələri dərinin orta təbəqəsinə xüsusi iynələrlə inyeksiya edilir. Ayda bir dəfə olmaq üzrə ümumi 3 seans tətbiq edilir.

 

Texnologiyanın və tibb elminin inkişafı nəticəsində son zamanlarda sümük iliyindən alınan kök hücəyrələrin, bir başqa insana nəqli sayəsində çox fərqli xəstəlik növü müalicə edilir.

 

 

Hematopoetik (qanyaradıcı) kök hüceyrələr ən çox qan müalicəsində istifadə olunan kök hüceyrələrdir. Uşaqlarda hematopoetik sümük iliyi köçürülməsi zamanı istifadə olunan hüceyrələr üç müxtəlif mənbədən – sümük iliyindən,  damarlardakı qandan (periferik qan) və yeni doğulmuş uşağın göbək ciyəsindən alınan qandan əldə edilir.

 

Sümük iliyi nəqli də qan köçürmə proseduruna bənzər şəkildə aparılır. Transplantasiyadan əvvəl sağlam olmayan hüceyrələr əvvəlcə kimyəvi terapiya ilə yox edilir və ardından sağlam bir hüceyrə nəqli edilir. Prosedur venadaxili olaraq edilir.

 

Leykemiya kimi qan xərçəngləri, bir çox miyeloma, aplastik anemiya, xəstə anemiyası, talassemiya, immun çatışmazlığı və avtoimmun xəstəlikləri, neuroblastoma və digər bu kimi şərtlər sümük iliyi nəqli tələb edə bilər.

 

Kök hüceyrə ilə bağlı yeni mülahizələr

 

Son iyirmi beş il ərzində aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, kök hüceyrələrin sərbəst buraxılmasına səbəb olan təbii bitki ekstraktları var. Bu bitkilərdəki komponentlər kök hüceyrənin sümük iliyindən ayrılmasını təmin edir və hər gün daha çox kök hüceyrəni dövriyyəyə buraxa bilir. Kök hüceyrələrin sərbəst buraxılması mexanizmi beş xüsusi bitkinin – göy yosunlar, qəhvəyi yosunlar, ağtikan, aloe və burkill bitkisinin (phanax notoginsengin) birləşməsi ilə aktivləşir.  

 

Sonra isə lazımi hüceyrə miqdarı əldə edilir. Beləliklə, həyat keyfiyyətiniz yüksəlir, sağlam və xəstəliksiz yaşlanmadan zövq ala bilərsiniz.

 

Yeni doğulan uşaqlarda hər 10 min hüceyrədən biri kök hüceyrə ikən, 65 yaşındakı bir insanda hər 1 milyon huceyrədən yalnız biri kök hüceyrədir. 15 yaşında kök hüceyrələrin təxminən 80%-nə sahib olmaq imkanımız varkən, 30 yaşında kök hüceyrələrin təxminən 4 - 5 %-nə sahib oluruq. Sadə dillə desək, yaşlandıqca kök hüceyrələrini yaradan qırmızı ilik sarı iliyə və ya yağ iliyinə çevrilir. Yaşın artması ilə əlaqədar olaraq kök hüceyrə miqdarının azalması səbəbi ilə zədələnən toxuma və orqanlar lazımi qədər bərpa olmur. 

 

Bu çox normal bir fizioloji prosesdir. Beləliklə, 30 yaşımıza çatanda bir növ orqanizmin təmir sistemi əvvəlki kimi işləmir. Başqa sözlə desək, yaralar əvvəlki kimi tez sağalmır. Bu zaman problem yaşa bağlı sağlamlıq problemləri hesab edilir. Buna görə kök hüceyrə ilə müalicə ölümlə nəticələnən bir çox xəstəliklərin müalicəsində olduqca vacibdir.

 

Kök hüceyrə tətbiqlərində inyeksiya materialının təmini üçün səhiyyə nazirliyi tərəfindən təsdiq edilmiş və bu mövzuda təcrübə sahibi olan xüsusi laboratoriyalar tələb olunur. 

 

Ümumilikdə kök hüceyrə müalicəsi artrozlar, artritlər, poliartrit, diz ağrıları, koksartroz, bağ zədələnmələri, oynaq xəstəlikləri, onurğa xəstəlikləri, fəqərəarası disk qabarması, protruziyası, yırtığı, onurğa beyin zədələnmələri, ağrıları, İmpigement sindromu, boyun, çiyin, kürək, bel, bud-çanaq oynağı ağrıları, üz, boyun və əllərin cavanlaşması prosedurları, çapıqların müalicəsi, diabetik ayaq yaraları, dağınıq skleroz, uşaq serebral iflic müalicəsi, insultlar, bəzi xərçəng növləri, saç tökülməsinin müalicəsi və digər xəstəliklərin müalicəsində effektivdir.

 

 

 

Kök hüceyrə ilə koronavirusu müalicə etmək mümkündürmü?

 

Mezenkimal kök hüceyrələr (MKH) orqanizmdə bərpa gücünə malik çox sayda hüceyrəyə çevrilə bilən və özünü yeniləmə xüsusiyyətinə sahib ana hüceyrələrdir. Bəzi xəstəliklərin müalicəsində istifadə olunan MKH göbək ciyəsindən, sümük iliyindən, yağ toxumasından əldə edilir. MKH immun sisteminin tənzimləyici hüceyrələrinin sayını artırmaqla yanaşı, T və B hüceyrələrinə təsir edərək onların davranışlarını dəyişdirir.

 

Bundan əlavə, antibiotiklər virusların çoxalmasına mane olur və bədəndən xaric olmasını artırır. Bu xüsusiyyətini əsas gətirərək pandemiyada ümidverici müalicə metodu olaraq istifadə edilir. Mezenkimal kök hüceyrələr yaşlı, ağır xəstələrə damar yolu ilə verilərək həm immun sisteminin, həm də ağciyərlərin fəaliyyətini gücləndirəcəyi iddia edilir.

 

Sümük iliyi nəqli müalicəsinin ən vacib mənbəyi könüllü donorlardır. 18-50 yaş arasında sağlamlığı yerində olan hər kəs kök hüceyrə donoru ola bilər. Bu üsul, əsasən, qan verməyə bənzəyir. Donor həmin gün xəstəxanadan gedə bilər, riskli deyil. İkinci donor olmaq üsulu isə sümük iliyinin toplanmasıdır. Donor anesteziya ilə yatırılır, pelvis sümüyündən kök hüceyrə alınır. 

 

Pandemiya dövründə könüllü sayında azalma olduğundan müalicə üçün lazım olan qan məhsullarına çatmaq çətinliyi yaranıb.