Böyrək zədələnmələrinin ağırlığına görə əlamətləri və müalicəsi
14.03.2024 14:09

Beynəlxalq Nefroloqlar Cəmiyyəti (ISN) və Beynəlxalq Böyrək Alyansının (WKA) birgə təklifi əsasında 2006-cı ildən başlayaraq, hər il mart ayının 2-ci cümə axşamı (bu il 14 mart) Ümumdünya Böyrək Günü (World Kidney Day) kimi qeyd olunur. Əsas məqsəd orqanizm üçün böyrəklərin rolu haqqında insanları daha çox məlumatlandırmaq, böyrək xəstəliklərinin rastgəlmə tezliyi və onların sağlamlığımıza təsirini azaltmaqdır.

Aztibb.az xəbər verir ki, xroniki böyrək çatışmazlığını şəkərli diabet və ürək-damar xəstəliyi olan yaşlı adamlarda əlilliyin və ölümün başlıca səbəbi kimi xarakterizə edən ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktoru Əlimərdan Bağışov bildirib ki, böyrəklərin xroniki xəstəliklərinə gətirib çıxaran və xroniki böyrək çatışmazlığı ilə nəticələnən mühüm amillərdən biri zədələnmələrdir: “Digər üzvlər kimi böyrəklərin də zədələnmələri qapalı (dərialtı) və açıq ola bilər. Qapalı zədələnmələr zamanı orqanı örtən səthlərin (dəri, piy toxuması və s.) tamlığı pozulmur. Açıq zədələnmələrdə isə həmin səthlər defektə məruz qalır. Orqanın yalnız özünün zədələnməsinə izolə olunmuş, digər üzvlərin də zədə amilinin təsirinə məruz qalmasına isə kombinə olunmuş zədələnmə deyilir”.

Onun sözlərinə görə, çox müxtəlif amillər – zərbə, təzyiq, hündürlükdən bərk əşya üzərinə düşmək, sağrı-bel nahiyəsinin, yaxud bütün bədənin əzilməsi böyrəyin zədələnmələrinə səbəb olur. Digər daxili orqanların kəskin yerdəyişməsi zamanı da böyrək sıxılıb zədələnə bilər. Ən nəhayət, tibbi alətlərlə müayinə vaxtı böyrəyin zədələnməsi mümkündür: “Böyrəyin qapalı zədələnmələri ağırlıq dərəcəsinə görə fərqlənir. Belə zədələnmələrə böyrəyin piy və fibroz kapsulasının zədələnməsi (kontuziyası), böyrəyin kapsulaltı hematoması, böyrək kasacıqlarının və ləyəninin tamlığı pozulmadan böyrək parenximasının zədələnməsi və böyrək parenximası ilə bərabər kasacıqların və ləyənin tamlığının pozulması daxildir. Böyrəyin parçalanması və öz damar ayaqcığından qopması isə ən dərin (ağır) zədələnmədir ki, çox vaxt ölümlə nəticələnir.

Böyrəyin qapalı zədələnməsinin əsas əlamətləri bel nahiyəsində ağrılar, şişkinlik və sidikdə qanın olmasıdır. Ağrılar küt, kəskin və tutma şəklində ola bilər. Bel nahiyəsində şişkinlik böyrək ətrafı toxumada qanın (hematoma), yaxud sidiklə qanın (urohematoma) yığılması nəticəsində əmələ gəlir. Sidikdə qanın olması ya gözlə aydın görünür (makrohematuriya), ya da mikroskopik müayinə ilə aydınlaşdırılır (mikrohematuriya). Birinci və ikinci qrup zədələnmələr zamanı böyrəkətrafı toxumada hematoma əmələ gəlməzsə, yəni daxili qanaxma yoxdursa, xəstənin ümumi vəziyyəti normal qala bilər. Bu zaman bel nahiyəsində ağrılar əmələ gəlir və bəzən ağrılar tutma şəklində olur. Böyrəyin daha dərin zədələnmələri bel nahiyəsində güclü ağrıların yaranmasına, qan təzyiqinin aşağı düşməsinə, nəbzin zəifləməsinə, bədən səthinin avazımasına və soyuq tər ifrazına səbəb olur. Hətta ağır hallarda xəstə ağrı şokundan huşunu itirir. Böyrəyin öz damarından təcrid olunması isə qan təzyiqinin kəskin düşməsinə (kollaps), qan azlığına (anemiya) səbəb olur”.

Cərrah-uroloq vurğulayıb ki, zədələnmə dərəcəsini öyrənmək üçün ekskretor uroqrafiya və kompüter tomoqrafiyasından istifadə edilir: “Ekskretor uroqrafiyanın köməyi ilə kontrast maddənin böyrəyin kasacıq-ləyən sistemi və parenximası hüdudundan kənara yayılıb-yayılmaması təyin edilir. Böyrəyin damarlarının zədələnməsini aşkar etmək üçün böyrək arterioqrafiyası aparılır. Bu zaman kontrast maddə bud, yaxud da bel arteriyalarından aortaya yeridilir. Sonra isə böyrəyin rentgen şəkli çəkilir.

Böyrəyin yüngül zədələnmələri konservativ (qeyri-cərrahi) yolla müalicə olunur. Xəstəyə sakitlik verilir, böyrək nahiyəsinə buz, yaxud soyuq əşyalar qoyulur, qanaxmanı saxlayan maddələr və antibakterial preparatlar təyin edilir.

Ağır zədələnmələrə isə odlu silah yaralanmaları, çapılmış və kəsilmiş yaralar aiddir. Odlu silah yaralanmalarına hərbi dövrdə daha çox rast gəlinir”.

Professor Ə.Bağışov bildirib ki, böyrəyin açıq zədələnmələrinin də əsas əlaməti sidikdə qanın olması və yaradan sidiyin axmasıdır: “Bu zaman hematuriya zəif və güclü (profuz) ola bilər. Profuz qanaxma zamanı qan laxtalanıb sidik axarının mənfəzini bağlayır. Böyrək öz damarlarından qopduqda, yaxud sidik axarının mənfəzi qanla tutulduqda hematuriya olmaya bilər. Bəzən böyrəyin ağır yaralanmasına baxmayaraq, sidikdə qan az olur. Bu halda yaradan axan qan peritonarxası sahəyə, qarın və döş boşluğuna axır (əgər bu boşluqlar böyrəklə bərabər zədələnmişsə). Nəticədə xəstənin vəziyyəti tezliklə ağırlaşır: rəngi avazıyır, qan təzyiqi aşağı düşür və nəbzi zəifləyir. Belə hallarda böyrək nahiyəsində şişkinlik - hematoma və urohematoma əllənir. Böyrəklə bərabər döş və qarın boşluğu da zədələnmişsə qan və sidik həmin boşluqlarlara yığılaraq tənəffüsün çətinləşməsinə, qarında ağrıların yaranmasına səbəb olur. Yaradan sidiyin axması az təsadüf edilir və bu gec başlanır”.

Böyrəklərin açıq zədələnmələrinin təcili cərrahi müdaxilə tələb etdiyini deyən professor, birinci növbədə yara kanalının istiqamətini təyin etməyin vacibliyini diqqətə çatdırıb. Bundan sonra zədələnmənin ağırlığından və xəstənin vəziyyətindən asılı olaraq müxtəlif cərrahi əməliyyatlar (yaraların tikilməsi, böyrəyin, yaxud onun zədələnmiş sahəsinin götürülməsi, zədələnmiş damarlara tikişlərin qoyulması) icra edilir. Bu və ya digər cərrahi əməliyyatın tətbiq edilməsində təbii ki, həkimin təcrübəsi böyük rol oynayır.

Cərrah-uroloq böyrək zədələnmələrinin xroniki pielonefrit, böyrək daşlarının əmələ gəlməsi, böyrəyin büzüşməsi (nefroskleroz) və nefroqen aprterial hipertoniya ilə nəticələnə biləcəyini, bu proseslər hər iki böyrəyə aid olduqda, adətən xroniki böyrək çatışmazlığının inkişaf etdiyini söyləyib və hər kəsi böyrəklərini qorumağa çağırıb.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir