Tibbdə geniş tətbiq sahəsi olan elektroterapiya müalicəsi xroniki və ya kəskin ağrılı xəstəliklərdə qan dövranını artırmaq, əzələ spazmını götürmək, ödemi azaltmaq və aradan qaldırmaq, ağrıkəsici təsir yaratmaq üçün istifadə olunur.
Aztibb.az fiziki müalicə və reabilitasiyada geniş istifadə olunan, elektrik cərəyanının sümük-əzələ sisteminə təsiri ilə aparılan elektroterapiya metodları haqqında növbəti yazını təqdim edir.
Cərəyanla müalicən bir üsulu olan elektroforez ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, hipertoniya, hipotoniya, cərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsində, oynaq və sümük patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları), sinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.), vətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromu və pediatriyada geniş istifadə olunur.
Elektroterapiyanın digər növü olan elektrostimulyasiya impulslu cərəyan vasitəsi ilə orqan və toxumaların funksiyasının bərpa edilməsi və aktivliyinin artırılmasıdır. Cərəyanın tezliyinin artıb azalması nəticəsində hüceyrə membranında ionların konsentrasiyasının ani olaraq kəskin dəyişməsi hüceyrənin oyanma qailiyyətinin dəyişməsinə səbəb olur.
Elektrostimulyasiya əzələnin atrofiyasını bərpa edir, yığılma qabiliyyətini, tonusunu, iş qabiliyyətini artırır. Sinir toxumasının keçiriciliyini bərpa edir, hərəki aktivliyini artırır. İmpulslu cərəyanın damar genişləndirici təsiri nəticəsində toxumada qan və limfa dövranı yaxşılaşır, mübadilə sürətlənir, anaerob qlikoliz və oksidləşmə-bərpa prosesləri güclənir.

Toxumanın qidalı maddələrlə təhcizatı artır, parçalanma məhsullarının daşınması sürətlənir. Gemoqlobinin, qlikogenin, kreatininfosfatın miqdarı artır, zülalların parcalanması azalır. Əzələdə ATF-in miqdarı, fermentlərin aktivliyi artır, əzələnin energetik potensialı yüksəlir. Toxumanın trofikası bərpa olunur, regenerasiya sürətlənir.
Elektrostimulyasiya bir növ əzələlərin tonuslandırması üçün aparılan miostimulyasiyadır. Miostimulyasiya bədən əzələlərinin əməliyyatsız dartılmasıdır. Bu da əzələləri çox elastik edir, dəri tonusunun vaxtından əvvəl itirilməsinin qarşısını alır.
Cərəyan impulslarının təsiri altında əzələlərin yığılması sayəsində artıq piylər çıxır, yağların əriməsi prosesi sürətlənir, tədricən sellülit aradan qalxır və əlbəttə ki, əzələ quruluşu inkişaf edir.
Nəticədə bədən arıqlayır və daha qamətli olur. Miostimulyasiya adi şəraitdə yükləmək və inkişaf etdirməyin çox çətin olduğu əzələlərə çatmağa imkan verir. Daha yaxşı təsir üçün miostimulyasiya bürünmə, massaj və digər antisellülit prosedurları özündə birləşdirir.
Qan dövranının aktiv stimulyasiyası sayəsində hərəkətverici əzələlər qaldırılır, yağ mübadiləsi bərpa olunur, qan dövranı tənzimlənir, dərinin quruluşu yaxşılaşır, həmçinin orqanizmdən şlakların çıxarılması da stimullaşdırılır.
Təbabətdə və baytarlıqda istilik üsulu ilə də müalicə qədim zamanlardan istifadə olunur. Lakin bu üsulların hamısı ümumi qüsurlara malikdir. Bədənin daxilinə enerji istilik keçirmə yolu ilə xarici istilik mənbəyindən məsələn, qrelkadan, daxil olur.
Nəticədə toxumalar arasında istiliyin qeyri-bərabər paylanması alınır. Əsas etibarı ilə dəri, dərialtı piy qatı və bədənin səthinə yaxın yerləşən əzələlər isinir. Daxili orqanların temperaturu demək olar ki, dəyişmir. Məsələn, qaraciyəri 1 qızdırmaq üçün bədənin səthinə 70-80 qızdırılmış qrelka toxundurmaq tələb olunur ki, bu da dəridə yanğın əmələ gəlməsinə səbəb olardı.
Yüksək tezlikli cərəyanlarla toxumaların qızdırılmasına əsaslanmış üsullar daha çox effektlidirlər. Belə cərəyanlar orqanizmin daxilində istilik yaradırlar. Cərəyanın tezliyindən asılı olaraq bu üsullar müxtəlif tətbiq oblastlarına malikdirlər.
Diatermiyanın fizioloji effekti, toxumadaxili temperaturun artmasından ibarətdir. Təcrübələr göstərirki, bu temperatur artması prosedur başa çatdıqdan sonra göründüyü cərəyanın təsiri ilə toxumalarda mübadilə proseslərinin güclənməsi hesabına, hətta bir neçə saat müddətinə saxlanıla bilər. Temperaturun diametrik artması bir sıra biokimyəvi proseslərin aktivləşməsinə səbəb olur.
Temperaturun artmasının təsiri ilə toxumaların faqositar və bakterisid xüsusiyyətləri də yüksəlir. Baytarlıqda diatermiyadan tənəffüs orqanlarının xəstəliklərində, nefritlərdə, artritlərdə və sair bu kimi hallarda istifadə olunur.

Elektriklə müalicənin müasir metodlarından biri amplipulsdur. Bu halda xəstəyə kiçik güclü dəyişən sinusoidal modulyasiya edilmiş elektrik cərəyanı ilə təsir edilir. Onlar özündə hüceyrəni hərəkətə gətirmə təsiri olan yüksək və aşağı tezlikli cərəyanın imkanlarını cəmləyir. Bu metod eninə-zolaqlı əzələləri, həm də tənəffüsü, həzm yolunun işini, sidik axarlarının hərəkətliliyini (peristaltika) onların köməyi ilə elektrostimulyasiya etməyə imkan verir.
Yüksək tezlikli dəyişkən cərəyandan digər müalicə üsul olan darsonvalizasiya zamanı da istifadə olunur. Darsonvalizasiya dərinin tonusunu, qan və limfa dövranını yaxşılaşdırır. Quruducu və iltihabəleyhinə təsir göstərdiyindən təmizləmə proseduralarından sonra və sızanaqların müalicəsində istifadə olunur. Qan dövranını yaxşılaşdırdığından saç tökülmənin müalicəsində yaxşı effekt verir.

