Azərbaycanda urologiyanın qısa tarixi – İkinci yazı
30.08.2021 11:36

Azərbaycanda 1970-ci illərdə mürəkkəb damar müayinələri xüsusilə professor Sudeyf İmamverdiyevin nəzarəti ilə aparılırdı. Seldinger üsulu ilə qarın aortoqrafiyası, venokavoqrafiya və digər damar müayinələri kafedrada ilk dəfə onun tərəfindən həyata keçirilib.

 

Aztibb.az Azərbaycanda urologiyanın qısa tarixi və bu sahədə xidmətləri olan görkəmli alimlərin həyat yolu və elmi fəaliyyətləri haqqında növbəti yazını təqdim edir.

 

Onun iştirakı ilə 1979-cu ildə Qafqazda ilk dəfə olaraq böyrək arteriyasının ekstrakorporal rezeksiyası və böyrəyin autotransplantasiyası əməliyyatı müvəffəqiyyətlə icra edilib.

 

Sidikliyin bədxassəli şişlərinin ağır formalarının müalicəsində əldə olunmuş müvəffəqiyyətlər respublikamızda S.İmamverdiyevin adı ilə bağlıdır. Sidikliyin yayılmış və residiv şişlərində yaxın və uzaq nəticələri effektli olan sistektomiya, ureterosiqmostomiya, ureterokutaneostomiya kimi radikal əməliyyatlar Azərbaycanda ilk dəfə onun tərəfindən həyata keçirilib.

 

Uroloji praktikada geniş yayılmış xəstəlik olan “Prostat vəzinin adenoması”nın (prostat vəzinin xoşxassəli hipertrofiyası) cərrahi müalicəsi və ondan sonrakı dövrdə baş verən qanaxma və irinli septiki ağırlaşmalar aktual problem olaraq qalırdı. Alimin bu sahədə apardığı tədqiqatlar elmə yenilik kimi daxil oldu. Prostat vəzinin xərçənginin diaqnostikasında punksion biopsiyanın və radikal prostatektomiyanın tətbiqi də Azərbaycanda ilk dəfə olaraq 1995-ci ildə S.B.İmamverdiyev tərəfindən həyata keçirilib.

 

 

 

Professor S.İmamverdiyevin 1991-ci ildə “Veziko-vaginal fistulaların transperitoneal plastikası” üsulu bu patologiyanın bəzi ağır formalarının cərrahi müalicəsinin müvəffəqiyyətlə başa çatdırılmasını və əməliyyatdan sonrakı nəticələrin effektli olmasını təmin edir.

 

Son 20 ildə S.İmamverdiyevin bu xəstələrdə apardığı əməliyyatlar 100% sağalma ilə nəticələnib.

 

Uroloji praktikada yayılmış xəstəliklərdən biri olan böyrək sallanmasının cərrahi müalicəsi problemi də aktual olaraq qalmaqdadır. Professor S.İmamverdiyev böyrəkdə və ətraf toxumalarda olan dəyişikliklərin xüsusiyyətlərini nəzərə alaraq üç nefropeksiya üsulu təklif edib. Əməliyyatların yaxın və uzaq nəticələri haqqında Türkiyədə (Ankara,1994), Sankt -Peterburqda (2002) və respublikamızda məqalələr çap olunub. Bu üsula da ixtira kimi müəlliflik şəhadətnaməsi əldə edilib.

 

Alimin bu sahədə apardığı tədqiqatlar 2011-ci ildə V.Y.Əbdürrəhimova ilə birlikdə yazdığı "Nefroptozun cərrahi müalicəsi" adlı kitabında geniş şərh olunub.

 

2012-ci ildə Abu Nahleh ilə birlikdə dərc edilmiş "Хирургическое лечение гидронефроза» adlı kitabda bu cətin patologiyalı xəstələrin cərrahi müalicəsinin aspektləri və uzaq nəticələr geniş əks olunub. Hazırda bu kitab ingilis və ərəb dillərinə tərcümə edilib. 2013-cü ildə R.N.Nağıyev ilə birlikdə "Böyrək xəstəliklərində laparoskopik cərrahiyə" adlı metodik vəsait nəşr olunub.

 

Böyrəklərdə (bir ya iki tərəfli) mərcanvari və çoxlu daşlar zamanı, uşaqlarda və böyüklərdə sidik sistemi üzvlərində bərpa edici plastik və rekonstruktiv əməliyyatlar qadınlarda ağır fəsad sayılan urogenital fistulaların cərrahi ləğvi kimi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi S.B.İmamverdiyevi müstəsna cərrahi məharətə və savada malik olan bir mütəxəssis kimi xarakterizə edir.

 

1999-cu ildən başlayaraq onun tərəfindən aşağı sidik yollarının xoş və bədxassəli şişləri zamanı TUR (transuretral rezeksiya) əməliyyatları da müvəffəqiyyətlə tətbiq olunmaqdadır.

 

Alimin Azərbaycanda andrologiyanın inkişafında da böyük xidmətləri olub.

 

Uroloji praktikada priapizm, Peyroni xəstəliyi ağır xəstəlik sayılaraq, cavan və orta yaşlı insanlarda erektil disfunksiya ilə nəticələnir. Azərbaycanda bu xəstəliklər zamanı ilk dəfə olaraq yaxın və uzaq nəticələri qənaətbəxş olan böyük həcmli əməliyyatları S.İmamverdiyev həyata keçirib.

 

Son illərdə alimin bu sahədə gördüyü işlər böyük əhəmiyyət kəsb edir. S.İmamverdiyevin Azərbaycanda laparoskopik urologiyanın inkişafındada böyük xidmətləri var. Hazırda bir sıra uroloji xəstəliklərin cərrahi müalicəsi laparoskopik üsulla aparılır.

 

Ölkəmizdə ilk laparoskopik uroloji əməliyyat 2010-cu ilin noyabr ayında prof. S. İmamverdiyev və olun tələbəsi t.e.n. R.N. Nağıyev tərəfindən aparılıb. Hazırda bu işlər S.İmamverdiyevin rəhbərliyi altında t.e.n R.Nağıyev tərəfindən davam etdirilir. Professor S.İmamverdiyev işlədiyi müddətdə Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daima çalışıb, öz bilik və bacarığını əsirgəməyib.

 

 

 

Universitetein Uroloji kafedrası 2006-cı ilin yanvar ayına kimi 2 bazada, 2006-cı ilin fevral ayından isə M.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının uroloji şöbəsinin bazasında fəaliyyətini davam etdirib. 2009-ci ilin may ayından fəaliyyətini yenə 2 bazada - M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının və Mərkəzi Dənizçilər xəstəxanasının urologiya şöbəsinin bazasında davam etdirir. Hazırda kafedrada professor, dosent, tibb üzrə fəlsəfə doktorları, elmlər doktorları, laborant və rezidentlər çalışır.

 

Kafedra Azərbaycanda urologiyanın bütün sahələri üzrə ən ağır və çeşidli əməliyyatların aparılması ilə fərqlənir. Burada müasir urologiyanın istər diaqnostik, istərsə də cərrahi müalicəvi yönündə ən uğurlu  işlər aparılmaqdadır, urologiya şöbəsində ən müasir endoskopik, laporaskopik, açıq  və androloji müayinə və müalicə üsulları geniş tətbiq edilməkdədir.

 

Ölkəmizdə uroloqlar arasında özəl və dövlət xəstəxanalarında çalışan ixtisaslaşmış yetərincə mütəxəssislər var. Azərbaycanda həmçininn qadın urologiyası və uşaq urologiyası, pediatrik urologiya üzrə ixtisaslaşmış ayrıca klinikalar və uroloqlar da  fəaliyyət göstərməkdədir.

 

Hər il Azərbaycan uroloqları müxtəlif yerli və beynəlxalq elmi-praktik konfranslarda iştirak edirlər. Aparıcı uroloji cəmiyyətlərə üzv olan Azərbaycan uroloqları öz təcrübələrini xarici və respublika həkimləri ilə bölüşürlər.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib