Gündəlik həyatda insanların çoxu müntəzəm fiziki məşqləri həyata keçirmir. Belə həyat tərzi əzələlərin zəifləməsinə, oynaqlarda kalsifikasiyanın meydana gəlməsinə, boyun yırtığının formalaşmasına səbəb olur. Tədricən əzələ-skelet sistemi və ürək-damar sistemi xəstəlikləri yaranır.
Aztibb.az elmi əsaslarla sübut edilmiş yeni nəsil fiziki müalicə metodu olan kinezioterapiya haqqında yazını təqdim edir.
Kinezioterapiya reabilitologiyanın bir hissəsi olub xəstələrin və əlillərin bərpası zamanı kompleks terapiyada istifadə olunur. Latın dilindən tərcümədə kinezioterapiya termini “hərəkətlə müalicə” deməkdir. Kinezioterapiya, əzələlərin normal funksiyasının dəstəklənməsi və ya bərpası üçün passiv və ya aktiv hərəkətlər dəstidir. Odur ki, əzələ və sümük sistemi hərəkət pozğunluqlarının müalicəsində əvəzolunmaz müalicə üsuludur. Kinezioterapiya ənənəvi tibbdən fərqli olaraq, əzələ-skelet sistemi xəstəliklərinin əsas səbəblərinə doğru yönəlir.
Kinezioterapiya texnikası kifayət qədər sadədir. Onun tətbiqinin ən əhəmiyyətli praktik əsası, insanın öz əzələ sistemini sərbəst idarə etmək qabiliyyəti hesab olunur ki, bu, orqanizmin sərbəst idarəetməyə tabe olan yeganə böyük sistemidir. Uyğunluqda iki bu xüsusiyyət kifayət qədər geniş hüdudlarda insan orqanizminə məqsədyönlü təsiri həyata keçirməyə imkan verir.

Kinezioterapiyanın təməlində ölçülü ağırlıqlar ilə iş planı vardır. Xəstəyə fiziki müalicə mütəxəssisi tərəfindən təyin olunan məşq proqramı, fizioterapevt nəzarətində tətbiq olunur. Kinezioterapiya müddətində yaxşılaşma doğru müsbət nəticə alına bilməsi üçün, digər fiziki müalicə üsullarının da tətbiq olunması lazımdır.
Düzgün hərəkətlərlə müalicə, hər bir pasiyent üçün mütləq olaraq fərdi şəkildə təyin edilərək, onun yaşı, fizioloji və digər xüsusiyyətləri və əsas xəstəliyi müşaiyət edən xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunur. Düzgün hərəkətlərin tədricən təlimi neyro-reflektor və insanın sümük-əzələ sistemində maddələr mübadiləsinin bərpasına gətirib çıxarır. Müalicə əksər hallarda xüsusi müalicə-bərpa trenajorlarının, məsələn, asma slinq-sistemlərin köməyi ilə həyata keçirilir.
Asma və digər trenajorlarda müalicə və ya bərpa kinezioterapevtik kursun keçirilməsi üçün əsas tələblərdən biri düzgün tənəffüsdür, əks halda, məşğələlər proqramı çərçivəsində yerinə yetirilən hər bir hərəkət öz müalicə effektini itirir.
Əslində bədən özünü sağaltma ehtiyatlarına sahibdir. Şəxs bunu bilirsə və ya bu məsələdə köməkçi olarsa, o, tətbiq edəcəyi fərdi məşqlərlə bəzi narahatlıqları dayandırmaq, gecikdirmək və ya yaxşılaşdırmaq üçün kömək edə bilər. Amma xəstənin və ya şəxsin fizioterapevt və reabilitasiya mütəxəssislərinin nəzarəti olmadan xəstəliyin səbəbi ilə məlumatsız məşq etməsi düzgün deyil.

Kinezioterapiya müalicəsindən əvvəl əzələ-skelet sisteminin bağları müayinə olunmalı və daha sonra hər xəstəyə xüsusi müalicə proqramı tərtib edilməlidir.
Kinezioterapiya müalicəsinin fayda təmin etdiyi xəstəliklər bel və boyun bölgəsində kirəcləşmə, kəskin və xroniki bel ağrısı, bel yırtıqları, onurğa ağrıları, artrit və osteoartrit, oynaq degenerativ xəstəlikləri, onurğa əyriliyi, əzələ, oynaq və onurğa nizamsızlıqları, çıxıqlarda oynaq balanslaşdırılması, onurğa revmatizmasi, donmuş çiyin, revmatoid artrit kimi xəstəliklərdə olduqca təsirli bir reabilitasiya və müalicə üsuludur.
Hərəkət ilə müalicə oynaq sıxılmaları, səbəbi bilinməyən şiddətli çiyin ağrıları, çiyin çıxıntıları, bel, əzələ və qarın əməliyyatları sonrası reabilitasiya, bağ plastikası və diz qapağı əməliyyatları sonrası, bel, omba və diz protezi əməliyyatları sonrası reabilitasiya müalicələrində də tətbiq olunur.
Kinezioterapiya ilə nitq aparatında əzələ tonusu ilə bağlı problemlər olduğu zaman effektiv nəticələr əldə etmək mümkündür. Əzələ tonusu ilə bağlı problemlər daha çox uşaq serebral iflici, daun sindromu, dizartriya, afaziya və bir sıra nitq qüsurlarında özünü göstərir. Terapiya müddətində bədəndə olan gərginliyin aradan qalxması, sinir sisteminin işinə müsbət təsir etməsi araşdırmalar zamanı öz təsdiqini tapıb.

Passiv kinezioterapiya xəstənin passiv iştirak etdiyi, iradi hərəkətlər icra etmədiyi formaları və vasitələri əhatə edir. Hərəkət, ya başqa bir şəxs tərəfindən əl vasitəsi ilə və ya fizioloji hərəkətləri imitasiya edən xüsusi aparatların və qurğuların köməyi ilə icra edilir və yaxud xüsusi olaraq masaj, əl manipulyasiyaları, mexanoterapevtik prosedurlar, suyun altında masaj və s. köməyi ilə bədənin ayrı-ayrı hissələrinin və ya toxumalarının hərəkətləri icra edilir.
Passiv kinezioterapiya oynaqlarda hərəkətlərin məhdudiyyəti, əzələlərin ağrılı yığılması və digər əsaslı amillər zamanı tətbiq edilir. Nəticədə oynaqlarda hərəkətliliyin,vətərlərin möhkəmliyinin artması, hərəkətlərin həcminin sürətli bərpası müşahidə edilir, əzələ atrofiyasının qarşısı alınır.

