Traksion terapiya dayaq-hərəkət aparatın travmaları və xəstəliklərinin və onların nəticələrinin bərpa müalicəsi metodlarındandır. Hippokrat dövründən bəri istifadə edilən bir müalicə növüdür.
Aztibb.az fiziki müalicə proqramının bir hissəsi kimi icra olunan traksion terapiyanın faydaları haqqında yazını təqdim edir.
Terapiya qayışlar, bloklar, halqalar və digər xüsusi qurğuların köməyi ilə onurğanın passiv və aktiv traksion dartılması ilə tətbiq olunur. Bu üsulun mahiyyəti dartılma zamanı diskin içində yaranan boşalmadan ibarətdir, hansı ki nüvənin öz fizioloji yerinə qayıtmasına şərait yaradır.
Başqa sözlə, onurğa üzərindəki sıxılmanı aradan qaldırmaq üçün dartma, çəkmə hərəkətləri icra edilir. Bu üsul əllə və ya qurğuyla tətbiq oluna bilər.
Traksion terapiya qeyd olunduğu kimi manual terapevt tərəfindən və ya fəqərəarası yırtığın müalicəsi üçün nəzərdə tutulmuş xüsusi trenajorların köməyi ilə həyata keçirilir. Məqsəd onurğaya, əzələlərə, bağ aparatına, vətərlərə və oynaqların kapsullarına təsir, funksional bloklarının çıxarılması, onurğanın dərin əzələlərinin zəiflədilməsidir.
Qısa müddətli və ya uzun müddətli dartı qüvvəsi əzələ retraksiyasının öhdəsindən gəlməyə, bədənin bu və ya digər sahəsinə tədricən dartan təsirin hesabına kontrakturaları və ya deformasiyaları aradan qaldırmağa imkan verir.

Bundan başqa, zədələnmiş toxumaların qan dövranı və trofikası yaxşılaşır, onurğanın hərəkət stereotipi normallaşır. Traksion uzadılmalardan öncə osteopatik masaj yerinə yetirilə, miorelaksasiya preparatları tətbiq edilə bilər.
Adətən 18-20 dərəcəyə qədər olan skoliozlara yalnız mualicəvi idmanlar tətbiq olur. Daha irəli dərəcələrdə fizioterapevtik prosedurlar, reabilitasiya proqramı tərtib olunur ki, onlardan biri də traksion terapiyadır. Bu fizioterapiya növü onurğa dartılması ilə onurğa üzərindəki təzyiqi azaltmağa yönəlmiş olur.
Traksion terapiya bel yırtığı, boyun yırtığı, onurğa kalsifikasiyası, sinir kökünün sıxılması (radikulopatiya) və digər aşağı bel problemlərində tətbiq oluna bilər.
Bel və boyun yırtıqlarında sümüklər arasındakı disklərdə həddindən artıq yük ola bilər. Dartma, yırtıq diskdəki yükü azaldır və bununla da müalicəyə kömək edir.
Xüsusilə boyun ətrafında bu metodun təsirli olmasının səbəbi var. Çünki bir çox vacib damar və sinirlər bu bölgədən keçir. Həmin damar və sinirlərin funksional şərtləri yaxşılaşdıqda beyin funksiyaları da yaxşılaşır.
Əl çəkməsində terapevt əllərini istifadə edərək onurğa üzərindəki yükü azaldır və fəqərələr arasındakı boşluğu artırmaq üçün əlləri ilə əzələlərə və oynaqlara güc verir. Dartma üçün xüsusi qurğulardan da istifadə olunur və bu zaman fərqli üsullar tətbiq edilir. Onurğa xarici qüvvə və ya bədən çəkisi ilə dartılır.

Dartma nisbətən aşağı qüvvə ilə uzun müddət, məsələn, bir neçə saat ərzində və ya daha qısa müddətdə, lakin daha böyük qüvvə ilə tətbiq oluna bilər. Çəkmə davamlı və ya müəyyən aralıqla aparılır. Bunun üçün kompüterlə idarə edilən müasir qurğular da mövcuddur.
Müalicə müddəti seçilmiş üsula görə dəyişir. Orta hesabla 10-15 seans və hər seans da 15-60 dəqiqə davam edir.
Boyun dartılması xəstə üzərində oturaraq və ya kürəyi üstə uzanaraq icra edilir. Orta hesabla 11,5-13,5 kq çəkmə qüvvəsi tətbiq olunur. Sinir kökünün sıxılması varsa, boyunun 25-30 dərəcə irəli əyilmə mövqeyində olması məsləhət görülür.
Lomber dartma, cazibə qüvvəsinin təsirindən faydalanmaq üçün uzanmış vəziyyətdə, başı aşağıya doğru dik və ya mayili vəziyyətdə saxlamaqla tətbiq oluna bilər. İlk seanslara 10-15 kq kimi aşağı qüvvə ilə başlanılır və sonrakı seanslar 30-50 kq-a qədər artırılır. Bütün bunlar xəstənin vəziyyətinə görə dəyişir.
Ümumiyyətlə traksion terapiya onurğa ağrısını aradan qaldırmaq üçün qeyri-cərrahi müalicə üsuludur. Əksər insanları şikayətlərindən qurtulmağa kömək edir.
Tətbiq olunan qüvvə ilə bel bölgəsindəki əzələlər və bağlar uzanır və bu bölgədəki onurğa oynaqları normal vəziyyətinə gətirilir. Əzələ və ətraf toxumalardan qaynaqlanan ağrı varsa, xəstənin ağrısı azalır və ya yox olur. Disklər və sinir boşluqları genişlənir, disklərdəki yük azalır və disk həcmi artır.
Eyni zamanda, bel və boyun yırtığı olan xəstələrdə təzyiq altında olan sinirlər çəkilərək rahatlaşdırılır, əllərdə və ayaqlarda keyimə, güc itkisi və duyğu itkisi müalicə olunur. Həmçinin onurğa əzələlərindəki spazmlar aradan qaldırılır və spazmın yaratdığı ağrılar müalicə nəticəsində tədricən yox olur.
Uzunmüddətli və geniş istifadə olunan bir müalicə olmasına baxmayaraq, elmi tədqiqatlar dartmanın kəskin və ya xroniki bel ağrısında effektiv olduğunu göstərə bilməyib.

Onurğa dartma terapiyası çox vaxt daha geniş fiziki müalicə proqramının bir hissəsi kimi icra olunur. Traksion terapiya hər kəs üçün uyğun olmaya bilər. Bu səbəbdən fiziki müalicə və reabilitasiya mütəxəssisi əvvəlcə müayinə aparır. Rentgen, MRT, kompüter tomoqrafiyası kimi görüntüləmə apararaq riskli bir vəziyyətin olub-olmadığı qiymətləndirilir. Sümük rezorbsiyası, onurğa ilə əlaqəli xərçənglər, onurğa füzyonu əməliyyatı keçirmişlər, spondilolistez və s. hallarda traksion terapiyanın tətbiq olunmaması şərtdir.
Traksion terapiya ilə müalicə nəticəsində ağrı və əzələ spazmı kimi əks təsirlər qısa müddət ərzində görülə bilər.

