Fərrux Sədirov: Peyvənd olunanlar arasında koronavirusa yoluxma faktına nadir hallarda rast gəlinir
10.08.2021 15:30

Hazırda COVID-19 patogeninin “delta” variantı dünyada yeni dalğalara səbəb olur. Mütəxəssislərin ilkin rəyinə görə, “delta” ştamı klassik COVID-19 variantına görə daha sürətli yayılma və enfektogen, yəni daha çox insanı yoluxdurma qabiliyyətinə malikdir. Xəstəliyin ağırlıq dərəcəsi ilə əlaqədar hələ ki, yetəri qədər çalışmalar yoxdur. Ona görə də “delta” variantına yoluxanların xəstəliyi daha ağır keçirməsinə dair bir fikir ortaya qoymaq mümkün deyil. Şəxsi müşahidəmə əsasən deyə bilərəm ki, son bir neçə gün ərzində gördüyüm xəstələrdə klinik gedişat nisbətən yüngüldür. Lakin bu, sadəcə mülahizə səviyyəsindədir. Klinik araşdırma nəticəsi, rəqəmlər, statistik göstəricilər əlimizdə yoxdur. Teorik olaraq “delta” variantının daha yoluxdurucu olduğunu nəzərə alsaq, yoluxma saylarında artım ehtimalı var.

 

Aztibb.az xəbər verir ki, Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

 

“Bu günə qədər infeksion xəstəliklər zamanı, virus mənşəli epidemiyalar, pandemiyalar, endemiyalarda virusun yoluxduruculuğu, yəni mutasiyaların artması ilə öldürücülüyün azalması arasında bir əlaqə müəyyən edilə bilib. Təbii ki, burada da bəzi istisnalar var. Məsələn çiçək xəstəliyinin həm yoluxduruculuğu, həm də öldürücülüyü çox yüksək idi. Lakin, ümumilikdə, virus yaşaması üçün müxtəlif şəkildə mutasiyalar etməyə məcbur qalır. Həmin mutasiyalar zamanı ya patogenliyi, ya da virulentliyi seçir. Virulentlik yoluxdurma, patogenlik isə ağır xəstəliktörətmə qabiliyyətidir. Sadəcə bunu nəzərə almaq lazımdır ki, COVID-19 yeni virusdur. Bizim üçün yeni olduğu kimi, bədənimiz üçün də yenidir. Onun orqanizmimizə alışmasına müəyyən zaman lazımdır. Düşünürəm ki, həmin zamandan sonra COVID-19 nəticə etibarilə hər zaman gördüyümüz mövsümi qrip kimi xəstəliklərə bənzər bir xəstəlik halında qalacaq. Hazırda bir-birimizi “kəşfetmə” mərhələsindəyik. Buna görə də sıx-sıx mutasiyalar qeydə alınır”, - deyə Fərrux Sədirov bildirib.

 

Onun sözlərinə görə, hazırkı yoluxma saylarının artmasının əsas səbəbi məhdudiyyətlərin bir qisminin aradan qaldırılması nəticəsində təmasların da nisbətən artmasıdır. Digər səbəb “delta” ştamının klassik koronavirusa görə daha sürətlə yayılmasıdır. Üçüncü səbəb isə vaksinasiyadan keçməyənlərin sayının da kifayət qədər çox olmasıdır. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Peyvənd olunanlar arasında da yoluxma halları mövcuddur, lakin çox nadirdir. Burada digər məqam vaksinasiyadan keçənlər arasında maarifləndirmə aparılmasıdır. Hər kəs bilməlidir ki, ilk vaksin dozasından sonra qoruyuculuq yaranmır. Qoruyuculuq ikinci dozadan yalnız iki həftə keçdikdən sonra əmələ gəlir. Yəni tam vaksinasiya olunduqdan iki həftə sonra vücudumuz antitel istehsal edir. Həmin antitellər bizi 100 faiz qorumur. Belə ki, vaksinasiya yoluxmanın qarşısını 100 faiz ala bilməsə də, xəstəliyi ağırkeçirmə və ölüm halından 100 faizə yaxın qoruyur. Yoluxma hallarında artım olsa da, əvvəlki dövrlə müqayisədə hospitalizasiya və reanimasiya ehtiyacında o qədər artım müşahidə olunmur. Bu da peyvənd olunanların xəstəliyi daha yüngül keçirməsinin nəticəsidir.

 

F.Sədirov vətəndaşları daha diqqətli olmağa, qızıl qaydalara etinasız yanaşmamağa və pandemiya ilə mübarizədə məsuliyyətli davranmağa səsləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər