Hicama müalicəsində istifadə olunan bəzi ləvazimatlar var. Bunlar tibbi pambıq, şüşə banka və ya küpələr, çərtmək üçün neştər, dezinfeksiyaedici, yaraları bağlamaq üçün bant və s. ləvazimatlardır. Dərini daha yaxşı tutmaq üçün şüşə küpələrə üstünlük verilir.
Aztibb.az hicama üsulu ilə bədənin təmizlənilməsi və müalicəsi, onun xəstəliklərə faydası haqqında növbəti yazını təqdim edir.
Qanalma ilə müalicənin digər üsulu olan yaş hicama metodunun tətbiqiylə bir növ filtrasiya prosesi həyata keçirilir. Yəni yüksək təzyiq yaradaraq sorulmuş qanın həcmi artır, həmçinin, kapilyarların filtrasiyası hesabına hüceyrə arası maye təmizlənir. Qan axımı yaxşılaşır, toxumaların oksigen təchizatı və perfuziyası artır, toksinlər xaric olur, neyroendokrin (sinir-hormonal) balans bərpa olunur.
Hicama zamanı mənfi təzyiq hesabına hiperemiya (doluqanlılıq) yaranır və həmin nahiyədə olan iltihablanmış, toksinlərlə zəngin trombositlər (qan lövhəcikləri), çox aşağı sıxlıqlı lipidlər, yağlar və digər zərərəli maddələrlə dolu qan atılır.
Qanalma proseduru bir neçə nahiyədən aparılır. Başdan olunan həcəmət qulaqların arxasından, əmgək ətraflarından, alının üst tərəfindən, ənsə nahiyəsinin üstü və təpədən aparılır. Qeyd olunan nahiyələrdən qanalma yaddaşsızlıq, diqqət zəifliyi, təzyiq, şəkər, qulaqlarda səs-küy, depressiya, vitiliqo, xərçəng və xərçəngin profilaktikası, miqren, baş ağrısı, göz xəstəlikləri, zəif görmə, əsəbilik, panik tutma, psoriaz, saç tökülməsi, başgicəllənmə, Alzheymer, üz siniri iflici kimi xəstəliklərə qarşı edilir.

Kürək tərəfdən, ürəyin üstünə hicama ürəkdöyünmə, ürəkdə ritm pozulması, panik tutma, psixi xəstəliklər, həyəcanlanmalara qarşı istifadə olunur.
Kürəklərin arasına tətbiq edilən hicama tənbəllik, yuxululuq, halsızlıq, yüksək xolesterin, stress, kürək və üzdəki sızanaqlar, təzyiq, ağciyər, mədəaltı vəz xəstəlikləri üçün istifadə oluna bilər. Həmçinin müxtəlif köpmələr, cinsi zəiflik, sonsuzluq, qulunc olmalar, əllərin, qolların keyiməsi, kürəkdə iynəbatma və ya qarışqa yeriməsinin hiss edilməsi, bədəndə müxtəlif səpgilər, sızanaqlar zamanı faydalıdır.
Onurğa fəqərələrinin üstünə hicama boyun, döş, bel fəqərələrinin yırtığı, fəqərələrin osteoxondrozu, ağciyər xəstəlikləri, təngnəfəslik, astma, bronxit, qırmızı qurdeşənəyi, mədə xəstəlikləri, qaraciyər piylənməsi, böyrək xəstəlikləri, sidik saxlaya bilməmək, qaşıntı, ekzema, psoriaz, vitiliqo, ishal və qəbizlik üçün istifadə oluna bilər.
Bel və büzdüm nahiyəsinə hicama bel yırtığı, radikulit, sonsuzluq, cinsi zəiflik, qadınlarda aybaşı pozulması, klimaks dövrü pozulmaları, oturaq sinir iltihabı, damar daralması, babasil zamanı tətbiq olunur.
Qol və ayaq nahiyəsinə edilən həcəmət revmatizm, revmatoid poliartrit, əllərdə, qollarda, ayaqlarda qıcolmalar, qol və ayaqlarda ağrılar, burxulmalar, oynaqlarda maye toplanması və ya oynaq mayesinin azalması, varikoz genişlənmələr, ayaqlarda sağalmayan trofik yaralar, şəkər xəstəliyinə qarşı istifadə oluna bilər.
Qanalmanı çox kiçik yaş və heraitrik (çox yaşlı) insanlara tətbiq etmək olmaz. Xərçəng xəstələrinə göstəriş olmadan təyin edilmir. Hər hansı qan laxtalanmasıyla bağlı problemi olanlarda isə qanda D-dimer səviyyəsinə baxılmalıdır. Bütün hallarda ümumi qan analizinə diqqət edilməlidir.
Hicama profilaktik məqsədlə ildə 2 dəfə (yazda və payızda), müalicə məqsədilə isə ayda 2-3 dəfə tətbiq edilə bilər. Qanalma nəticəsində orqanizmdə yenilənmə və cavanlaşma prosesləri işə salınır, qan təmizlənir, qanyaranma prosesləri sürətlənir, yeni qan yaranır. Həcəmət dərini gözəlləşdirir, çünki qan dövranı yaxşılaşır. Həmçinin insanın əhvalına müsbət təsir edir, çünki qan toksinlərdən təmizlənir.
Həcəmət hipertoniya zamanı çox effektlidir. Həcəmətlə qan təzyiqini tam normada saxlamaq olur. Həcəmət etdirən insan heç vaxt infarkt və insult keçirmir. Həmçinin bu effekt uzun müddət – 2 həftədən bir neçə aya qədər saxlanıla bilər.
Hicama müalicəsindən sonra adamda iştah yaranır. Amma həmin günü çox yüngül qidalarla keçirmək məsləhətdir. İnfeksiyanın qarşısını almaq üçün tətbiqdən 12 saat sonra duş qəbul etmək məqsədəuyğun hesab edilir. Yaraların yaxşılaşması üçün zeytun yağı ilə masaj, yaxud dərini bərpa edən məlhəmlərdən istifadə etmək olar. Protein əsaslı qidalar qanın sürətini zəiflətdiyi üçün hicamadan 1 gün sonra ət və ət məhsulları istehlak edilməlidir.

Bəzi müsəlman ölkələrində keçmişdən gələn ənənə saxlanılmaqla, hicama ilə müalicə ay təqviminin insan orqanizminə olan fizioloji təsirlərinə uyğun olaraq, müəyyən vaxtlarda, hətta xəstələnmə baş vermədiyi halda belə tətbiq olunur. Hədislərə əsasən küpə terapiyasının tətbiqi üçün doğru vaxt, hər ayın ikinci həftəsindən sonrakı günlər hesab olunur.
Təəssüf ki, bu gün xalq təbabəti, dünya tibb elminin dəstəklədiyi müxtəlif növ müalicə üsulları, o cümlədən hicama haqqında nə ali məktəblərdə, nə də orta ixtisas məktəblərində tələbələrə məlumat verilmir, dərsliklərdə bununla bağlı materiallar yer almır. Həkimlərimiz çox nadir hallarda qanalma üsuluna üstünlük verirlər və yalnız həvəskarlar hicama ilə məşğul olur və bəzən ciddi yanlışlıqlara yol vermiş olurlar.

