Ümumdünya Hepatit Gününə həsr edilmiş konfrans başa çatıb - FOTOLAR
29.07.2021 13:41

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, eləcə də bu hospitalın rəsmi tərəfdaşı olan Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə Ümumdünya Hepatit Gününə həsr edilmiş “Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri” adlı onlayn elmi tədbirin bağlanış mərasimi keçirilib.

 

Öncə Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov çıxış edərək tədbirin əsas məqsədinin hepatit xəstəlikləri və qaraciyər transplantasiyası ilə bağlı maarifləndirmə işlərinin aparılması və bu sahədə yeni tədqiqatların təqdim edilməsindən ibarət olduğunu söyləyib. Bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq, Mərkəzi Gömrük Hospitalında tibbi biliklərin təkmilləşdirilməsində böyük rol oynayan bu kimi faydalı tədbirlər davamlı olaraq təşkil edilir.

 

O, konfransın keçirilməsində göstərdiyi dəstəyə görə Elmi-Təcrübi və Tədris Mərkəzinə, eləcə də Florence Nightingale Xəstəxanalar Qrupununa təşəkkürünü bildirib. “Qaraciyər transplantasiyasına multidissiplinar yanaşma” adlı paneldə təqdim olunacaq 12 məruzənin uğurlu olacağına əminliyini ifadə edib.

 

Sonra donor qrupunun rəhbəri, t.ü.f.d. Kamran Beydullayev “Kimlər donor ola bilər” mövzusunda məruzə ilə çıxış edib. O, qaraciyər transplantasiyasının kəskin qaraciyər xəstəliklərində istifadə olunan müasir müalicə metodu hesab edildiyini və bu əməliyyat üçün donorun vacib olduğunu qeyd edib.

 

“Donor orqanları ölmüş insanlardan - meyitdən və canlı insanlardan alına bilər”,  - deyən məruzəçi meyitdən əldə olunan donorların beyin ölümü olan və ürəyi döyünməyən donorlardan ibarət olduğunu söyləyib. Bildirib ki, canlı donorlara xəstəyə genetik və ya emosional bağlılığı olan və alturistik donorlar aiddir.

 

Kamran Beydullayev müasir dövrdə transplantasiya zamanı beyin ölümü donorlarından geniş istifadə edildiyini deyib. Qeyd edib ki, bu zaman kliniki müayinələrlə diaqnoz qoyulur və beyin ölümü olanların orqanları çıxarılır. Canlı donorun üstünlüklərinə gözləmə müddətinin qısalması, marginal donorların daha az istifadə edilməsi, çox qısa işemiş vaxtın olması və s. aiddir.

 

Cərrah-transplantoloq canlı donorların etik aspektlərindən də söz açaraq, canlı donorun ziyan görə bilmək təhlükəsi, donorluğun hər hansı sosial təzyiqdən, maddi maraqdan və ya başqa təsirlərdən kənarda təminatının olmamasından danışıb.

 

O, donorların klinik dəyərləndirilməsinə donordan xəstəyə keçə bilən xəstəliklərə görə müayinələr, donorun əməliyyatı üçün əlavə risklər, eləcə də əməliyyatın texniki mümkünlüyünün təyin edilməsi üçün olan müayinələrin daxil olduğunu söyləyib. Bildirib ki, əməliyyatın planlaşdırılması zamanı kompüter tomoqrafiyası, 3D proqramlarda volumetriya həyata keçirilir. Həmçinin sağ payın çəkisi resipientin çəkisinə uyğun olmalıdır.

 

Kamran Beydullayev qaraciyər donor əməliyyatlarının ağırlaşmaları barədə də məlumat verib. Qeyd edib ki, müxtəlif tədqiqatlarda qaraciyər donorlarında ölüm faizi 0.2-0.5 faizə qədər dəyişir. Ağırlaşmalar isə 10-40 faiz arasında olur.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d. Mircəlal Kazımi qaraciyər transplantasiyası ilə bağlı təcrübələrini bölüşüb. Bildirib ki, hazırda ölkəmizdə qaraciyər transplantasiyası yalnız canlı donorlardan istifadə ilə həyata keçirilir. Lakin gələn ilin yanvar ayından etibarən meyitdən orqan transplantasiyasının icrası mümkün olacaq.

 

Məruzəçi Azərbaycanda ilk dəfə olaraq qaraciyər transplantasiyasının 2008-ci ildə həyata keçirildiyini də nəzərə çatdırıb.

 

Mircəlal Kazımi qaraciyər transplantasiyasının əksər hallarda xroniki qaraciyər xəstəliyi – sirroz və kəskin qaraciyər yetməzliyi zamanı icra edildiyini, həyatqurtarıcı əməliyyat olduğunu bildirib. O, 2008-2021-ci illərdə qaraciyər transplantasiyası sahəsində əldə olunan nəticələrdən danışaraq, bu günədək qaraciyər transplantasiyası tətbiq edilmiş  293 xəstədən 248-nin böyük, 45-nin uşaq, 126-nın qadın, 167-nin kişi olduğunu diqqətə çatdırıb.

 

“Qaraciyər transplantasiyası zamanı anesteziya və reanimasiya” mövzusunda anestezioloq-reanimatoloq Qulam Rüstəmzadə çıxış edərək əməliyyata hazırlıq, əməliyyat prosesi və əməliyyatdan sonrakı mərhələlər haqqında ətraflı məlumat verib. O, reanimasiya ilə bağlı təşkilati problemlərdən söz açıb, buraya xəstələrin cərrahi müalicə üçün gec müraciəti, müraciət etdikdən əməliyyata qədər olan müddətin adətən obyektiv-subyektiv səbəblərdən uzanmasının daxil olduğunu deyib. Bildirib ki, bu faktorlar xəstənin əməliyyat və anesteziya risklərini xeyli artırır.

 

Onun sözlərinə görə, tibbi problemlərə pulmonar hipertenziya, kəskin tubular nekroz, serebral ödem, infeksion fəsadlaşmalar, mədə-bağırsaq qanamaları, anemiya, yanaşı xəstəliklər və s. daxildir.

 

Həkim, həmçinin anesteziyanın 3 mərhələdən ibarət olduğunu söyləyib: preanhepatik, anhepatik, neohepatik. Hər bir mərhələnin həyata keçirilməsi prosesini izah edib.

 

Mərkəzi Gömrük Hospitalının infeksionist-həkimi Mədinə Abdullayeva “Orqan transplantasiyası xəstələrində infeksiyanın qarşısının alınması və nəzarət” mövzusunda məruzə ilə çıxış edib. O, orqan transplantasiyasında infeksiya üçün risk faktorlarından danışıb, əsas xəstəliyə bağlı orqan disfunksiyası - böyrək çatışmazlığı, qaraciyər və tənəffüs çatışmazlığı ilə bağlı məlumat verib. Mədinə Abdullayeva antibiotikdən yanlış istifadə və dərmanların yan təsirlərinin orqan transplantasiyasında infeksiya üçün risk faktorlarından olduğunu söyləyib.

 

Həkim transplant alıcılarında infeksiyaların qarşısının alınması üçün major infeksiya kontrol səyləri, ətraf mühitə nəzarət haqqında da məlumat verib. Transplantasiya otaqlarında pozitiv təzyiqli otaqlara üstünlük verməyin vacibliyini qeyd edib.

 

“Mən necə həyatda qaldım və hazırkı həyat tərzim” mövzusunda çıxış edən, qaraciyər transplantasiyası əməliyyatını keçirmiş pasiyent Absələddin Əliyev öncə onun sağlamlığına qovuşmasında rolu olan bütün həkimlərə dərin minnətdarlığını bildirib.

 

O, xəstəlikdən əvvəlki dövr, xəstəlik, transplantasiyaya hazırlıq və əməliyyat, reabilitasiya və sonrakı sağlam həyat tərzi barədə danışıb. Hər kəsə xəstəliklərin vaxtında aşkarlanması üçün mütəmadi olaraq müəyyən müayinə və analizlərdən keçməyi tövsiyə edib.

 

Daha sonra İzmir Kənd Xəstəxanasının Qaraciyər Transplantasiyası Bölməsinin direktoru, professor Murat Kılıç çıxış edərək təqdim olunmuş bütün məruzələri yüksək qiymətləndirib. Azərbaycanda orqan transplantasiyası sahəsində böyük uğurların əldə edilməsinin sevindirici hal olduğunu söyləyib.

 

M.Kılıç “Qaraciyər transplantasiyası və qaraciyər transplantasiyasına müasir yanaşma” mövzusunda məruzəsini təqdim edərək, öz təcrübəsində qaraciyər transplantasiyası keçirmiş pasiyentlərin xəstəlikdən əvvəlki və transplantasiyadan sonrakı vəziyyətləri barədə məlumat verib. O, qaraciyər transplantasiyasında müasir yanaşmaya dair nümunələr təqdim edib. Həmçinin Türkiyədə həyata keçirilən orqan transplantasiyalarına dair əməliyyatların statistikasını diqqətə çatdırıb.

 

Tədbir öz işini məruzələrlə davam etdirib.

 

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb