Müalicəvi mineral sularımız – İkinci yazı
27.07.2021 16:40

Azərbaycanın mineral su bulaqları tükənməzdir. Respublika ərazisində 1000-dən çox mineral su bulağı vardır. Bir qayda olaraq, bu bulaqların çoxu respublikamızın dağlıq rayonlarında yayılıb. Düzən rayonlarda təbii su bulaqlarına az rast gəlinir.  

 

Aztibb.az növünə və müalicəvi xüsusiyyətlərinə görə ölkəmizin mineral suları haqqında növbəti yazını təqdim edir.

 

Dəmirli-mərgümüşlü sular müalicəvi xüsusiyyətlərinə görə aktiv farmakoloji təsirə malikdir. Dəmir və mərgümüş çox olduğuna görə suyun müalicəvi xüsusiyyətini artırmış olur. Qeyd olunan elementlərin çoxu dəmirli və sulfatlı olur ki, buna da oksidləşmiş filiz yataqları zonalarında, vulkanik süxurların yayıldığı ərazilərdə rast gəlinir. Ölkədə dəmirli-mərgümüşlü sular Naxçıvan, Kiçik Qafqaz ərazilərində geniş yayılıb.

 

Bu sulardan mədə-bağırsaq və uroloji xəstəliklərin müalicəsində istifadə olunur. Qeyd olunan sulara misal olaraq Şamaxı rayonunda Cabanı, Zarvan, Tovuz rayonunda Donuzdam, Naxçıvanda Nəhəcir bulaqlarını qeyd etmək olar.

 

Ümumiyyətlə, mineral suların mənşəyi və fiziki-kimyəvi xüsusiyyətlərini, xarici və daxili tətbiq zamanı müalicə-profilaktik məqsədlə onların istifadə metodlarını, tətbiqi, tibbi göstərişləri və əksgöstərişlərini tibb elminin bir bölməsi olan balneologiya öyrənir.

 

Balneoloji kurortlarda müxtəlif mənşəli təbii və süni hazırlanmış mineral sulardan müxtəlif xəstəliklərin profilaktikası və müalicəsi üçün xaricdən vanna qəbul etməklə və daxilə içməklə istifadə olunur.

 

Ölkədə olan mineral suların analoqları bir çox ölkələrdə də var. Onlar bu mineral sulardan müalicə sağlamlıq məqsədilə geniş istifadə edirlər. Bu baxımdan Azərbaycanda olan balneoloji ehtiyatların analoqlarının yayılması və istifadəsini müasir vəziyyətə görə təhlil etdikdə məlum olur ki, ölkədəki bu ehtiyatlardan tam istifadə olunmur.

 

Qarabağ vulkanik yaylasında toplanan mineral su ehtiyatları kimyəvi tərkibinin müxtəlifliyinə görə fərqlənir. Azərbaycanda olan mineral suların ümumi ehtiyatının 33%-i Kəlbəcər, Laçın rayonlarının payına düşür. Bu rayonlarda mineral suların ümumi ehtiyatı 7393 m³/gün təşkil edir ki, bunun da 42%-i Laçının, 58%-i Kəlbəcərin payına düşür. Yalnız Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-dən artıq mineral su yataqları var. Kəlbəcər, Laçın və Şuşa rayonlarının ərazisində isti suların temperaturu 60-100ºC-dir.

 

İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Bulağın suyu hipertermal, karbon qazlı, hidrokarbonatlıxloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları istifadə edilən 12 bulaqdan ibarətdir.

 

Mineral su mənbələrinə Yuxarı və Aşağı İstisu, Turxun, Keşdək, Qoturlu (Kəlbəcər), Minkənd (Laçın) və s. aiddir. Bu bulaqların potensial ehtiyatı, yerləşdiyi ərazinin təbiətinin cəlbediciliyi kurort-müalicə kompleksinin yaradılması üçün əlverişli təbii amillərdir.

 

 

Müalicəvi bulaqların zənginliyinə görə Kəlbəcər xüsusilə seçilir. Yalnız Tərtər çayının qolu olan Tutqunçay dərəsində 400-ə qədər müalicəvi sulara rast gəlinir ki, bu da kiçik bir ərazi üçün unikal sayıla bilər. İstisu balneoloji kurortu Qarabağ yaylasının şimal-qərb hissəsində 2200 m yüksəklikdə, Tərtər çayının sağ sahilində alp bitkiləri ilə zəngin ərazidə yerləşir. Suyu hidrotermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur.

 

Müalicə məqsədi ilə içilən və vanna kimi qəbul edilən mineral bulaqların suyu mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsinin pozğunluqlarına, habelə hərəkət orqanları, sinir sistemi və ginekoloji, bəzi uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilərlər.

 

Bulaqların suyundan alınan duzlar xroniki qəbizlik, qaraciyər, ödlük, qastrit və s. xəstəliklərin müalicəsində yararlıdır. Kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə bu sular dünyaca məşhur olan Çexiyanın Karlovı Varı mineral suyuna oxşardır.

 

Həmçinin suyun tərkibi brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Şuşa-Turşsu rekreasiya zonasında yüksək debitli Turşsu, Şırlan, İsabulağı, Zamanpəyəsi, Daşaltı bulaqları vardır. Bunlardan müalicəvi xüsusiyyətləri təsdiq olunanlar Turşsu və Şırlan bulaqlarıdır.

 

Qeyd olunan mineral sular mikroelementlərlə zəngin, əsasən, karbon qazlı hidrokarbonatlı-maqneziumlu-natriumlu-kalsiumludur.

 

Turşsu mineral suyunun tərkibində dəmirin olması anemiyalı xəstələrin də bura¬da müalicə olunmasına imkan verir. Turşsudan, Şirlandan çıxan mineral sular böyük müalicəvi əhəmiyyətə malik olub mədə-bağırsaq, qaraciyəröd kisəsi xəstəliklərində və tərkibində kifayət qədər dəmir olduğuna görə qan azlığında müvəffəqiyyətlə tətbiq edilə bilər.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib