"Uşaqlarda vərəm” mövzusunda regional vebinar keçirilib
26.03.2021 13:42

COVID-19 virusunun uşaqlara təsiri az olsa da, vərəm onlardan yan keçmir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vərəmlə bağlı 2020-ci il hesabatına əsasən, 2019-cu ildə dünyada 1.2 milyon 15 yaşadək uşaq vərəmlə xəstələnib. Vərəm qarşısı alına bilən və müalicə edilə bilən xəstəlik olsa da, dünya miqyasında uşaq ölümlərinin ilk səbəblərindən biridir. Vərəm ən çox gənc və həssas insanlara təsir edir: Uşaqlarda vərəmdən ölümlərin 80 faizi beş yaşdan kiçik uşaqlar arasında baş verir. Buna görə uşaq vərəminə son qoymaq, yeni doğulmuş körpələrin və beş yaşınadək uşaqların ölümlərinə son qoymaq 2030 Davamlı İnkişaf Məqsədlərinin mərkəzində dayanır.

 

Martın 25-də Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş “Uşaqlarda vərəm” mövzusunda regional vebinar keçirilib.

 

Aztibb.az xəbər verir ki, vebinar "Sağlamlığa Xidmət" İctimai birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu və, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə, TB REP proqramının dəstəyi ilə təşkil olunub. Vebinarın məqsədi “Uşaqlarda vərəm” mövzusu ilə bağlı digər ölkələrlə təcrübə mübadiləsinin aparılması, bu istiqamətdə bilik və bacarıqların artırılması; Türkiyə, Latviya, Azərbaycan və ümumilikdə beynəlxalq təcrübə ilə tanış olmaq idi.

 

Vebinarı giriş nitqi ilə açan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru professor Həqiqət Qədirova Ümumdünya Vərəmlə Mübarizə Gününün qeyd olunmasının və uşaqlarda vərəm mövzusuna dair məlumat mübadiləsinin aparılmasının əhəmiyyətli olduğunu bildirib və vebinarın təşkilatçılarına öz minnətdarlığını bildirib.

 

Daha sonra 1 saylı vərəm dispanserinin baş həkimi professor Yavər Şıxəliyev çıxış edərək ölkəmizdə uşaqlarda vərəmin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

 

Vebinarda çıxış edən Türkiyə, Bezmialem Fond Universiteti, Tibb Fakültəsi, Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə və xüsusilə, Uşaq Ağciyər Xəstəlikləri üzrə ixtisaslaşmış professor Erkan Çakır uşaqlarda vərəmin profilaktikası, diaqnostikası və müalicəsində Türkiyə təcrübəsi haqqında təqdimatla çıxış edib, tədbir iştirakçılarının bu mövzuda suallarını cavablandırıb. O bildirib ki, Türkiyədə vərəmlə mübarizədə “Vərəm Savaş Dərnəyi” və digər vətəndaş cəmiyyəti təşkilatları səhiyyə maarifi işində aktiv fəaliyyət göstərərək, Səhiyyə Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirirlər.

 

Daha sonra vebinarda çıxış edən Latviya Uşaq Kliniki və Şərqi Riqa Kliniki Universitet Xəstəxanalarının həkim pnevmonoloqu, ÜST-ün Uşaq vərəmi üzrə məsləhətçisi professor İveta Ozere Latviyada pediatrik vərəmin aşkarlanması, profilaktika, müalicə və qayğı haqqında təqdimatla çıxış edib. Professor həm də ÜST tərəfindən tövsiyə edilən uşaqlarda vərəmin profilaktika və müalicəsi haqqında da ətraflı məlumat verib.

 

Vebinarda uşaqlarda vərəmin profilaktikası, diaqnostikası və müalicəsində Azərbaycan təcrübəsi barədə isə 1 saylı Vərəm Əleyhinə Dispanser, uşaq şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Mənzər Ağayeva və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyənin Təşkili və İctimai Sağlamlıq üzrə həkim-mütəxəssisi Vəfa Ağayeva təqdimatla çıxış edərək ətraflı məlumat veriblər.

 

Daha sonra çıxış edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, proqram koordinatoru Mətanət Qaraxanova Uşaqlarda vərəm və COVID-19: ictimai tədbirlərin əhəmiyyəti barədə çıxış edib, vərəmlə mübarizə istiqamətində qeyri-hökumət təşkilatlarının əhəmiyyətli rolu, bu günədək görülmüş işlər, dərc olunmuş məlumat xarakterli kitabçalar haqqında məlumat verib.

 

Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvü və Sağlamlığa Xidmət İctimai birliyinin (İB) icraçı direktoru Pərvanə Vəliyeva Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar ölkəmizdə Sağlamlığa Xidmət İB tərəfindən təşkil olunmuş silsilə aksiya və tədbirlər barədə məlumat verib. O bildirdi ki, 24 mart günü şəhərin bir neçə məşhur tikilisi, o cümlədən, 12-ci əsrin tarixi-memarlıq abidəsi “Qız qalası” və “Bakı Olimpiya Stadionu” qırmızı rəngə boyanıb və məqsəd vərəmlə mübarizəyə diqqət çəkmək olub. Bununla da, 2017-ci ildən bütün dünyada keçirilən bu təşəbbüsə bu il Azərbaycan da qoşulub.

 

Vebinarda ümumilikdə 147 nəfər iştirak edib, onlardan 32 nəfəri xarici izləyicilər olub. Vebinar, eyni zamanda, rus dilində də təqdim olunub.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub