Vərəmlə mübarizədə yeni strategiyalar müzakirə edilib
18.03.2025 11:11

Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) “Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər: nailiyyətlər, problemlər və gələcəyə baxış̧” mövzusuna həsr olunan növbədənkənar geniş iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Qlobal Fondun, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə yerli və beynəlxalq ekspertlər iştirak ediblər.

 

İclasda açılış nitqi ilə çıxış edən səhiyyə naziri, Ölkə Əlaqələndirmə Komissiyasının sədri Teymur Musayev vərəmlə mübarizənin qlobal məsələ olduğunu bildirib. Teymur Musayev qeyd edib ki, “Vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 2000-ci ildə qəbul olunub. Həmçinin, 2023-cü ildə Səhiyyə Nazirliyinin dəvəti ilə tanınmış beynəlxalq ekspertlər tərəfindən Azərbaycanda vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirlərin qiymətləndirməsinin aparılması diqqətə çatdırılıb.

 

Tədbirin mahiyyətini vurğulayan səhiyyə naziri bildirib ki, ölkədə vərəmlə mübarizə sahəsində həyata keçirilən addımlar, əldə olunan nailiyyətlər və mövcud problemlərin müzakirəsi, eyni zamanda qlobal və regional çağırışlar nəzərə alınaraq, gələcək strategiyalar iclasın nəticəsi kimi müəyyən ediləcək.

 

Öz çıxışlarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vərəmə qarşı aparılan profilaktik tədbirlərin, dərmana davamlı vərəmlə mübarizənin, infeksiyanın erkən aşkarlanması və müasir müalicə üsullarının, risk qrupları arasında maarifləndirmə işlərinin və qlobal təcrübələrin ölkəmizdə tətbiqinin vacibliyini vurğulayıblar.

 

Ölkə Əlaqələndirmə Komissiyasının növbədənkənar geniş iclasında Səhiyyə Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın “Azərbaycanda vərəmlə bağlı cari vəziyyət”, TƏBİB-in Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanovun “Vərəmlə mübarizə sahəsində TƏBİB-in gördüyü işlər”, ÜST-nin Avropa Regional Bürosunun Vərəm üzrə regional meneceri Askar Yedilbayevin “Vərəmlə mübarizə sahəsində ÜST Avropa regionunda olan cari vəziyyət” mövzularında təqdimatları, həmçinin Səhiyyə siyasəti və islahatları sahəsində ÜST-nin beynəlxalq eksperti Akaki Zoidzenin “Azərbaycanda vərəmlə mübarizə fəaliyyətinin qiymətləndirilməsinin hesabatı” dinlənilib.

 

Tədbirin sonunda müvafiq tövsiyələr qəbul edilib və gələcək fəaliyyət planı müəyyənləşdirilib. Qərara alınıb ki, Milli Vərəm Proqramının (MVP) idarəçiliyi və təkmilləşdirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılsın. Eyni zamanda, Vərəmlə mübarizədə iştirak edən digər əsas maraqlı tərəflərlə əlaqələndirmə ilə bağlı Azərbaycanda vərəmə nəzarətin idarə edilməsi və əlaqələndirilməsi üzrə mövcud mexanizmlərin qiymətləndirilməsi tövsiyə olunub.

 

İclasda vərəmli xəstələrə yardımın göstərilməsi sahəsində sistem miqyasında əldə olunan nailiyyətlər və əməliyyat çətinlikləri haqqında dəyərli məlumatlar verilib. Eyni zamanda, vərəmlə mübarizə xidmətlərinin ilkin səhiyyə sistemi ilə əlaqələndirilməsinin və inteqrasiyasının təkmilləşdirilməsinin məqsədəuyğunluğu nəzərdən keçirilib. Səhiyyə Nazirliyinin vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsi və əhalinin sağlamlığının yaxşılaşdırılması üzrə strateji prioritetləri müəyyən edilib.

 

Təqdimatlardan sonra iclasın nəticələrinin yekun xulasəsi ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, tədbirdə səsləndirilən fikir və təkliflər vərəmlə mübarizədə gələcək fəaliyyətlərdə öz töhfəsini verəcək.

 

Qeyd edək ki, Vərəmlə Mübarizə üzrə Çoxsahəli Əməkdaşlıq və Hesabatlılıq Mexanizminin yaradılması nəzərdə tutulub. Belə ki, Əməkdaşlıq və Hesabatlılıq Mexanizmi BMT-nin 2030-cu ilə qədər vərəmə son qoyulması üzrə Yüksək Səviyyəli İclasının Bəyannaməsində müəyyən edilən məqsədlərin və meyarların həyata keçirilməsini dəstəkləmək məqsədilə 2026-2030-cu illəri əhatə edən vərəmə son qoymaq üçün Milli Strateji Planı və 2026-2027-ci illər üçün nəzərdə tutulan əməliyyat planının hazırlaması nəzərdə tutulub. Həmçinin, sənəd 2026-2030-cu illər üçün Vərəmlə Mübarizə üzrə Milli Strateji Planın qəbulundan əvvəl və sonra vərəmə cavab vermək üçün səhiyyə sektorunda və ondan kənarda idarələrarası fəaliyyət üçün ümumi əlaqələndirmə çərçivəsinin təmin edilməsi, habelə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Milli Vərəm Proqramı (MVP) üzrə əlaqələndirici orqan kimi rolunun müəyyən edilməsi kimi məsələləri özündə ehtiva edir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər