UZİ-yə daha çox hansı xəstələr müraciət edirlər? - MÜSAHİBƏ 
05.03.2021 14:59

Günümüzdə elə bir xəstəlik yoxdur ki, radiologiyadan istifadə edib onun diaqnostikasını aparmaq mümkün olmasın.

 

Radiologiya son illərdə xeyli inkişaf edib və əvəzedilməz  müayinə üsulu kimi tibbə daxil olub. Əvvəllər çox çətin müəyyənləşdirilən xəstəliklərə indi daha dəqiq diaqnoz qoymaq mümkündür.

 

Aztibb.az ultrasəs müayinəsi (USM) üzrə mütəxəssis, həkim Samirə Şirinova ilə müsahibəni təqdim edir:

 

- Doktor, adətən insanların çoxu USM-in orqanizmə zərər verəcəyindən narahatdırlar. Ümumiyyətlə, USM müayinəsi nədir və zərərlidirmi?

 

- Tibbdə ən əsas məqsəd xəstəyə ya zərər verməmək, ya da ən az zərər verərək diaqnoz qoymaqdı. Bu baxımdan radioloji müayinələr arasında daxili orqanların və digər səthi toxumaların görüntülənməsində yüksək tezlikli səs dalğaları ilə ultrasəs müayinənin rolu əvəzsizdir. Hazırda səs dalğalarının texnologiya və tibb aləmində bir çox istifadə sahəsi mövcuddur. Bunlardan biri olan Ultrasonoqrafiya, yəni tibbi görüntüləmə metodudur. Bu, səs dalğaları vasitəsilə daxili orqan və toxumaların görüntülənməsidir. Bu metodla insan qulağının eşidə biləcəyindən çox daha yüksək tezliyə malik səs dalğaları bədənə (orqan və toxumalara) verilərək geri dönmə zamanı hesablanır və yoxlanılan bölgəyə aid bir radioloji görüntü əldə olunur. Deyə bilərəm ki, ultrasəsin bir çox xəstəliklərin diaqnostikasında, bəzi xəstəliklərin isə müalicəsində mühüm payı mövcuddur. Eyni zamanda, biopsiya məqsədilə, histoloji müayinə üçün materialların götürülməsində geniş istifadə olunur.

 

Digər radioloji görüntülənmə metodlarından fərqli olaraq radiasiyaya-şüalanmaya səbəb olan X şüaları istifadə edilmir. Bu da onun zərərsiz bir metod kimi geniş istifadə olunmasına şərait yaradır. Hamiləlik təqiblərində, yeni doğulmuş və uşaq xəstəliklərində etibarlı və zərərsiz bir vasitə kimi geniş istifadə imkanlarına malikdir.

 

Ultrasonoqrafiya müayinəsi zamanı əldə edilən görüntülərin dəqiqliyi müayinə edilən bölgəyə görə fəqlənir. Həm müayinə, həm də əldə edilən radioloji təsvirlərin araşdırılaraq rəy yazılması bu sahədə təhsil almış radioloji mütəxəssislər - yəni şüa diaqnostikası üzrə ixtisas almış həkimlər tərəfindən aparılır. Cihaz isə əsas iki hissədən ibarətdir. Bunlardan biri dəriyə təmas etdiriləcək olan transdyuser-ötürücü, digəri isə səs dalğalarını görüntüyə çevirərək monitora ötürən mərkəzi işləmə vasitəsidir. Ötürücünün təmas etdiriləcəyi, görüntülənmək istənilən bölgəyə səs dalğalarının tam ötürülməsi üçün xüsusi bir gel çəkilir. Həmçinin müayinə zamanı əldə edilən görüntülər radioloq tərəfindən monitora ötürülərək kontrol edilir. Qeyd edim ki, ultrasəs dalğaları müayinə edilən orqanın və ya lezyonun (ocağın) ölçülərinə, sıxlığına, eynicinsli olub-olmamasına və s. bir çox faktorlara bağlı olaraq yayılma, dağılma, əks olunma və udulmaya məruz qalar. Bu səbəbdən də əldə edilən radioloji təsvirlər-görüntülər sadalananlar nəzərə alınaraq dəyərləndirilir. Bir daha xatırladım ki, ultrasəs müayinə zərərsiz və əlçatandır. 

 

- Son bir ildə pasiyentlər ən çox hansı şikayətlərlə müraciət edir? Onlarda daha çox hansı xəstəliklərin əlamətləri müəyyən olunur?

 

- Deyə bilərəm ki, son bir ildə pasiyentlər müayinə üçün daha çox bel ağrıları, sağ qabırğa altı, göbək ətrafı nahiyənin ağrıları şikayəti ilə müraciət ediblər. Bu ağrıların səbəbini böyrək, öd kisə daşı və mədəaltı vəzi patalogiyaları ilə əlaqələndirmiş olsalar da, müayinə zamanı şikayətlər hər zaman öz təsdiqini tapmır. Çünki sadalanan nahiyədəki ağrıların səbəbi həmişə bilavasitə yuxarıda adı çəkilən orqanların xəstəlikləri ilə əlaqəli olmur. Digər tərəfdən qadın sağlamlığı baxımından ginekoloji orqanların və doğumların hər zaman var olduğunu nəzərə alsaq, hamiləliklə bağlı yoxlanışlar daha çox müayinə səbəbləri arasındadır.

 

- Bir insan ildə neçə dəfə USM müayinədən keçməlidir?

 

- Normal qayda olaraq ildə ən az iki dəfə ultrasəs müayinəsindən keçmək tövsiyə olunur. Lakin ehtiyac olduqda baş verən problemə görə 3 aydan bir, 1 aydan bir,  hətta qısa zaman aralığında da müayinə olunma üçün göstərişlər olur. USM vasitəsilə qalxanvari vəzi, qara ciyər, öd və öd yolları, mədəaltı vəzi, böyrəklər və böyrəküstü vəzilər, sidik kisəsi, ürək, limfatik düyünlər, süd vəziləri, prostat vəzi, uşaqlıq, yumurtalıqlar və s. bu kimi orqan və sistemləri müayinə edilə bilir.

 

- Süd vəzisi nahiyəsi ağrıları olanlar USM müayinəsi edilməlidirmi? Bu yolla dəqiq müəyyənləşmə aparmaq mümkündürmü?

 

- Süd vəzi nahiyəsi ağrıları olanlara tövsiyə olunur ki, öncəliklə bir mamoloq mütəxəssisi tərəfindən yoxlanılsın, klinik şikayətlər dinlənilsin. Daha sonra ultrasəs müayinəsindən keçərək ağrılara səbəb ola biləcək patoloji halın olub-olmaması araşdırılır. Tək Ultrasəs müayinəsi ilə süd vəzisində 100 faizlik  patoloji halın olub-olmaması təsdiq olunmur. Bəzən əlavə yardımçı müayinələrin (süd vəzi MRT müayinəsi, mammoqrafiyası) tətbiq edilməsi zəruri olur. Müayinələr bir-birini tamamlamalı olur. Çünki hər bir müayinənin özlüyündə və digərlərinə nisbətdə üstün və çatışmayan cəhətləri var. Nəticə etibarilə, bəzən diaqnozu təsdiq etmək üçün bu müayinələrin eyni zamanda tətbiq edilməsinə ehtiyac duyulur.

 

Əlavə olaraq, süd vəzisi xəstəliklərinin əsas müalicə və diaqnostika prinsiplərini qeyd etmək istəyirəm. Bunlar ultrasəs və digital mammoqrafiya müayinəsidir. Hansı ki, 40 yaşdan yuxarı bütün qadınlarda ildə bir dəfə aparılmalıdır. Göstəriş üzrə daha cavan yaşlarda da aparılır. Ultrasəs və mammoqrafiya vasitəsilə süd vəzilərin tru-cut biopsiya və punksion biposiyaları deyilən müayinəsi aparılır. Mastit və laktostazın müalicəsi, kist və fibradenomaların cərrahi yolla müalicəsi zamanı xəstəyin müalicə sonrası gedişatını, sağalma tempini, əməliyyat çapığının vəziyyətini qiymətləndirmək üçün yenidən ultrasonoqrafiya müayinəsinin aparlması mütləqdir.

 

- Bəs onkoloji xəstəliklərdə USM müayinəsi nə dərəcədə effektivdir? Xəstəliyin ən ilkin mərhələsini müşahidə edə bilirsizmi?

 

- Əvvəla onu bildirim ki, ultrasəs müayinəsi oluna bilinən və oluna bilməyən orqanlar var. Müayinə oluna bilinən orqanlardakı erkən patologiyalar, eləcə də onkoloji xəstəliklərin ilkin mərhələləri ultrasəs müayinəsi vasitəsilə aşkar oluna bilir. Bu səbəbdən də ildə iki dəfə utrasəs müayinəsindən keçməklə orqanlardakı baş verə biləcək patalogiyaların erkən diaqnostikası aparılır. Onkoloji xəstəliklərin təqibi məqsədilə ən münasib müayinə metodu kimi ultrasəs müayinəsi əvəzedilməzdir. Həm ağrısız, qeyri-invaziv, həm də zərərsiz və əlçatan olduğu üçün ultrasəs müayinəsini ən çox istifadə olunan müayinə hesab etmək olar.

 

Lakin bəzi orqan və toxumalarda, məsələn, böyrək parenximası, süd vəzi toxuması və s. yaranan lezionun (ocağın) quruluşu ətraf toxuma ilə oxşar olduğu və ya sərhədləri qeyri-dəqiq izləndiyi, ətraf toxumalardan çətin differensiasiya olunduğu üçün bu cür şiş toxumalarını erkən aşkarlamaq çətin olur. Qeyd edim ki, bu ocaqların xoş və ya bəd xassəli əlamətləri olmasının radioloji təsvirdə  rəylərimizdə qeyd edirik. Yekun nəticə isə histoloji müayinənin (aşkar olunmuş ocaqdan biopsiya edilmiş materialın yoxlanılması) yekun rəyinə əsasən əldə edilir. 5 mm-dən kiçik ölçülü şişlərdə demək olar ki, bopsiya etmək mümkün olmur.

 

İstəyirəm bir həkim kimi insanlara kiçik müraciət edim. Mümkün olduğu qədər insanlar sağlamlıqlarına fikir versinlər, səhlənkarlıq etməsinlər. Bəzən pasiyentlər şiddətli ağrılarla müraciət edirlər. Əvvəlcədən baş verən xırda narahatlıqlara əhəmiyyət vermirlər. Yaxşı olar ki, imkan daxilində ildə iki dəfə müvafiq yoxlanışlardan keçsinlər. Unutmaq olmaz ki, sağlamlığımıza qarşı etinasızlıq bəzən daha ciddi fəsadlara yol aça bilər. Hər kəsə sağlamlıq arzulayıram.