Elektron reseptlə həkimlər vətəndaşlara daha operativ və effektiv xidmət göstərəcəklər - MÜSAHİBƏ
29.02.2024 15:24

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev “Elektron resept” sistemi, onun üstünlükləri, sistemdə yer alacaq dərman vasitələri və bu mövzuda digər suallar ətrafında müsahibə verib.

Aztibb.az müsahibəni təqdim edir:

- Səid müəllim, ilk öncə bilmək istərdik ki, “Elektron resept” sistemi nədir?

- Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. “Elektron resept” sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Eyni zamanda, “Elektron resept” sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək.

- Bu sistem vasitəsilə reseptdə yazılan dərman vasitələrini vətəndaşlar necə əldə edə bilər?

- Həkim müayinəsi və ya tibbi konsultasiyadan sonra vətəndaşlara elektron resept vasitəsilə təyin edilən dərman vasitələrini ölkəmizdə fəaliyyət göstərən istənilən aptek təşkilatından əldə etmək olar. Bunun üçün elektron reseptin qeydiyyat nömrəsini və ya elektron reseptin üzərindəki QR kodu əczaçıya təqdim etmək lazımdır. Elektron resepti əczaçıya istər pasiyentin özü, istərsə də elektron reseptini həvalə etdiyi şəxs təqdim edə bilər.
Həmçinin, vətəndaşlarımız “Reseptim” mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə biləcək.

- Elektron resept sisteminin hansı üstünlükləri var?

- Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Eyni zamanda, vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir.

Bundan əlavə, elektron resept reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verəcək.
Elektron Resept sisteminin tətbiqi daha əvvəl qeyd etdiyim üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Dərman vasitələrinin daim yenilənən reyestri isə ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman vasitələrini kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta və qeydiyyatsız məhsulların yayılmasının qarşısını alacaqdır.

- “Reseptim” mobil əlavəsini haradan yükləmək olar?

- Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən “Elektron Resept” sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az və nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet resursu olan pharma.az portallarında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın şəkildə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər. Eyni zamanda, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə “Reseptim” mobil əlavəsini İOS və Android tipli mobil telefon istifadəçiləri tərəfindən yükləmək mümkündür.

- Hansı dərman vasitələri “Elektron resept” sistemində yer alacaq? Bioloji fəallığa malik qida əlavələri də elektron reseptə daxil ediləcəkmi?

- “Elektron resept” sistemi mövcud qanunvericiliyə əsasən yalnız dövlət qeydiyyatına alınan, Tarif Şurası tərəfindən qiymətinin yuxarı həddi müəyyən edilən, ölkəmizə idxal olunan və son istifadə müddəti bitməyən dərman vasitələrinin bazası əsasında tərtib edilib.

- Dövlət qeydiyyatına alınmayan dərman vasitələrini elektron reseptə yazmaq mümkündürmü?

- "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanunun 12-1-ci maddəsinə (Dərman vasitələrinə reseptlərin yazılması) əsasən:

12-1.5. Klinik protokollara əsasən, xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.;

12-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2 (iki) iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir;
12-1.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi bu Qanunun 9.4-cü və 9.6-cı maddələrinə uyğun olaraq ölkəyə gətirilə bilər.

- “Elektron resept” sistemi ilə bağlı suallar yaranarsa hara müraciət etmək lazımdır?

- Vətəndaşlarımız tərəfindən “Elektron Resept” Sistemin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Çağrı Mərkəzi ilə (tel: (012) 596 07 12) əlaqə saxlaya bilərlər.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub