Azərbaycan Tibb Universitetində görkəmli alim, pediatriya elminin inkişafında müstəsna xidmətləri olmuş akademik Ədilə Namazovanın 100 illik yubileyinə həsr edilən “Elmi məktəb, milli irs və xalqa xidmət: Akademik Ədilə Namazova və Azərbaycan pediatriyası” adlı elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) birgə təşkilatçılığı ilə baş tutub.
Aztibb.az xəbər verir ki, konfransın açılışında səhiyyə naziri Anar Bayramovun salamlarını çatdıran nazir müavini İlqar Qasımov Ədilə Namazovanın Azərbaycan səhiyyəsi və pediatriya elminin inkişafındakı misilsiz xidmətlərini vurğulayıb, zəngin yaradıcılığı yolu keçdiyini, elmi məktəb formalaşdırdığını qeyd edib. Onun çoxşaxəli elmi fəaliyyətləri sırasında, uşaq kardiologiyasının xüsusi yer tutduğunu, bu istiqamətdə həm nəzəri, həm də klinik cəhətdən böyük əhəmiyyət daşıyan çoxsaylı elmi əsərlər ərsiyə gətirdiyini deyib. Nazir müavini, həmçinin ana və uşaq sağlamlığının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və xəstəliklərin profilaktikasının daim diqqətdə saxlanıldığını bildirib. Çıxışının sonunda İlqar Qasımov alimin yaratdığı elmi ənənələrin gələcək nəsil həkimlər üçün örnək olaraq daim yaşayacağına əminliyini ifadə edib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli akademik Ədilə Namazovanın zəngin elmi irsindən, onun yaratdığı fundamental pediatriya məktəbinin Azərbaycan tibb elminin inkişafına, milli səhiyyə ənənələrinin formalaşmasına və beynəlxalq elmi əlaqələrin genişlənməsinə verdiyi töhfələrdən bəhs edib. Qeyd edib ki, görkəmli alimin çoxillik elmi-pedaqoji fəaliyyəti ölkəmizdə pediatriyanın inkişafına, uşaq sağlamlığının qorunması sahəsində müasir yanaşmaların təşəkkülünə, elmi biliklərin yeni nəsillərə ötürülməsinə və beynəlxalq elmi dialoqun dərinləşdirilməsinə mühüm töhfə verib.
Milli Məclisin deputatı Müşfiq Məmmədov isə üç komitə sədrinin təbriklərini və xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, Ədilə Namazovanın həyat və fəaliyyətinin insan əzminin, zəhmətkeşliyin və qarşıya qoyulan strateji məqsədə çatmaq iradəsinin parlaq nümunəsi olduğunu vurğulayıb. Deputat Ağdamın Seyidli kəndində dünyaya göz açan sadə bir kənd qızının öz əzmi, cəsarəti və çalışqanlığı sayəsində Azərbaycanın ən aparıcı elm xadimlərindən birinə çevrilməsinə diqqətəlayiq həyat nümunəsi kimi dəyərləndirib.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Ədilə Namazovanın şəxsiyyətində həkimlik, alimlik, müəllimlik və ictimai fəaliyyət kimi dörd mühüm keyfiyyətin birləşdiyini bildirib, onun xüsusilə gənclər və gənc xanımlar üçün örnək olduğunu deyib. Vurğulayıb ki, akademik Ədilə Namazovanın uzun illər ərzində həkim-pediatrların yeni nəslinin yetişdirilməsi, yüksəkixtisaslı elmi və tibbi kadrların hazırlanması, pediatriya elminin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və uşaq sağlamlığının etibarlı şəkildə qorunması naminə göstərdiyi misilsiz xidmətlər Azərbaycan tibb elminin tarixində silinməz iz qoyub və bu gün də öz bəhrəsini verməkdədir.
Tədbirdə akademik Ədilə Namazovanın yetirməsi, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə alimin elmi, pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.
Proqram çərçivəsində akademik Ədilə Namazovanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransda akademik Ədilə Namazovanın ailəsi adından bacısı Tamella Namazova çıxış edərək, Ədilə xanımın əziz xatirəsinin yaşadılmasına göstərilən diqqətə, konfransın yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə, təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Dövlət qurumlarının, elmi müəssisələrin nümayəndələri, tanınmış alimlər, tibb ictimaiyyətinin təmsilçiləri və akademik Adilə Namazovanın yetirmələrinin iştirak etdiyi konfrans öz işini pediatriyanın aktual problemlərinə həsr olunmuş panel iclaslarla davam etdirib.
Konfransın elmi proqramı çərçivəsində təşkil olunan “İnnovativ pediatriyanın aktual istiqamətləri və gələcək inkişaf perspektivləri” adlı ilk paneldə müasir uşaq xəstəliklərinin genetik, profilaktik, klinik və deontoloji aspektlərini əhatə edən məruzələr dinlənilib. Panel iclasında müxtəlif elmi-tədqiqat və klinik istiqamətlər üzrə aparılan araşdırmaların nəticələri təqdim olunub.
İlk sessiyada Daşkənd Dövlət Tibb Universitetinin “Ailə təbabətində uşaq xəstəlikləri” kafedrasının professoru, t.e.d., Umida Zokirova “Uşaqlarda təkrarlanan bronxial obstruksiyanın inkişafında və farmakoterapiyasında ADRB2 geninin rs1042713 polimorfizminin rolu” mövzusunda məruzə ilə çıxış edərək tənəffüs yollarının obstruktiv patologiyalarında fərdi genetik yanaşmanın və farmakogenetik göstəricilərin klinik əhəmiyyətini diqqətə çatdırıb.
ATU-nun I Uşaq xəstəlikləri kafedrasının professoru, t.ü.f.d. Səbinə Qarayeva “Bətndaxili həyatdan yetkin yaş sağlamlığına; DOHaD konsepsiyası” mövzusunda çıxış edərək erkən inkişaf mərhələsində formalaşan metabolik və fizioloji proqramlaşmanın sonrakı yaş dövrlərində sağlamlığa təsir mexanizmlərini elmi əsaslarla şərh edib.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Təranə Tağı-zadə “Gələcək həkimlərin etik kompetensiyalarının formalaşmasında klinik bioetika tədrisinin rolu” mövzusundakı məruzəsində tibbi təhsildə bioetik prinsiplərin mənimsənilməsinin həkim peşəkarlığı və pasiyent təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıb.
Sessiya çərçivəsində ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.e.d. Gündüz Əhmədov “Kalsium mübadiləsinin kəskin pozulmaları: diaqnostika və təcili müalicə alqoritmi” mövzusunda çıxış edərək kritik vəziyyətlərdə vaxtında aparılan differensial diaqnostikanın və protokola uyğun təcili müdaxilənin praktik nəticələrini təhlil edib.
Sessiyanı ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Sevda Məmmədova “ASO göstəricisinin klinik əhəmiyyəti və diaqnostik interpretasiyası” mövzusundakı çıxışı ilə yekunlaşdıraraq laborator göstəricilərin klinik nəticələrinin qiymətləndirilməsinin diaqnostik dəqiqliyin artırılmasındakı rolundan danışıb.
İkinci sessiyada ADHTİ-nin Pediatriya kafedrasının müdiri, professor Rəqsanə Məmmədova “İmmun sistem: müdafiə və autoaqressiya arasında tarazlıq”, həmin kafedranın dosenti, t.ü.f.d. Nigar Hacıyeva “Mikrobiota disbalansı zamanı orqanizmdə baş verən patofizioloji dəyişikliklər”, ATU-nun ΙΙ Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Lalə Hidayətova “Uşaqlarda xroniki qarın ağrısına kompleks yanaşma: differensial diaqnostikadan fərdiləşdirilmiş müalicəyə qədər”, dosent t.ü.f.d. Ülviyyə Hacıyeva “Uşaqlarda pnevmoniyaların diaqnostika və müalicəsində klinik çətinliklər, həkim məsuliyyəti, klinik keyslərin təhlili”, dosent t.ü.f.d. Səbinə Cəfərova “HLA sistemi və multisistem iltihabı sindrom: genetik assosiasiyaların xəstəliyin inkişafındakı rolu”, t.ü.f.d. İradə Səfərova “Usaqlarda kəskin qastroenterit klinikası, ağırlaşması və müalicəsinə müasir baxış” həmin kafedarın assistenti Qosqar İsmayılov “Uşaqlarda tənəffüs yollarının xəstəlikləri zamanı kalprotektin timulin və sink mikroelementləri arasında olan immunoproteogenetik əlaqənin öyrənilməsi”, t.ü.f.d. Nərgiz Hacıyeva “Geomaqnit qasırğası aktivliyi ilə atmosfer havası cirkləndiriciləri arasındakı qarşılıqlı əlaqənin öyrənilməsi və bu faktorların Sumqayıt şəhərində anadangəlmə ürək qüsurlu uşaqların hematoloji göstəricilərinə təsirinin qiymətləndirilməsi” və ATU-nun Allerqologiya və immunologiya kafedrasının assistenti Həmidə Ağarəhimova “Pollinoz xəstəliyində molekulyar allerqodiaqnostikanın rolu və tətbiqi” mövzusunda təqdimat ediblər.
Konfrans çərçivəsində təşkil olunan “Tibbdə rəqəmsal texnologiyalar və süni intellektin klinik innovasiyaları”, “Müasir səhiyyədə tibb bacısının/qardaşının rolu: yeni vəzifələr, kompetensiyalar və peşəkar inkişaf perspektivləri” və “Müasir tibbdə morfofunksional, molekulyar mexanizmlər: yeni tədqiqat yanaşmaları” panellərində tibbin müxtəlif sahələrində əldə olunan elmi nailiyyətlər, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, rəqəmsal transformasiyanın səhiyyəyə təsiri, eləcə də elmi tədqiqatların klinik praktikaya inteqrasiyası məsələləri müzakirə olunub.

