Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında radiologiya, insult və neyrovaskulyar müdaxilələrin aktual məsələlərinə həsr olunmuş iki günlük beynəlxalq elmi-praktik tədbirlər keçirilir.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, “Yeni nəsil radioloqlar – Elmdən klinik təcrübəyə” adlı elmi-praktik simpozium öz işinə başlayıb.
Tədbirin açılışında çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan simpoziumun əsas məqsədinin gənc radioloqların elmi fəaliyyətə marağını artırmaq, onların tədqiqat bacarıqlarını inkişaf etdirmək, elmi biliklərini klinik təcrübə ilə əlaqələndirmək və peşəkar inkişaflarına dəstək vermək olduğunu bildirib.
Prorektor müasir dövrdə elmi-tədqiqat fəaliyyətinin yalnız mütəxəssislərin fərdi inkişafı baxımından deyil, həm də onların çalışdıqları tibb müəssisələrinin və ali təhsil ocaqlarının elmi nüfuzunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb. Bu baxımdan simpozium rezidentlərin elmi araşdırmalara cəlb olunması, tədqiqat nəticələrini elmi ictimaiyyətlə bölüşməsi və gələcək akademik fəaliyyətləri üçün əlverişli platforma yaradır.
M.Sultan radiologiya ixtisası üzrə ATU-da rezidentura təhsili alan gənc mütəxəssislərin universitetin məzunları olduğuna da xüsusi diqqət çəkib. Onların müxtəlif tibb müəssisələrində uğurla fəaliyyət göstərməsi, eləcə də bir qisminin təhsillərini doktorantura səviyyəsində davam etdirməsi universitetdə formalaşdırılan təhsil və elmi inkişaf mühitinin mühüm nəticəsi kimi dəyərləndirilib.
Süni intellektin (Sİ) radiologiyanın gələcəyinə təsirinə də toxunan prorektor bildirib ki, bu texnologiya diaqnostik proseslərin sürətləndirilməsi, görüntülərin təhlili və klinik qərarların dəstəklənməsində mühüm imkanlar yaradır.
Daha sonra ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov, beynəlxalq əlaqələr üzrə prorektoru, professor Orxan İsayev, Tədris Terapevtik Klinikanın İnvaziv Ürək-Damar şöbəsinin müdiri İlyas Həsənov, Almaniyanın Troisdorf şəhərində fəaliyyət göstərən Radiologiya, Nüvə Təbabəti və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin Tibb fakültəsinin üzvü professor Nuran Abdullayev, Doktorantura və dissertantura şöbəsinin müdiri, professor Rizvan Məmmədov, Rezidentura və magistratura departamentinin rəhbəri, dosent İlhamə Mustafayeva da çıxış edərək tədbirin elmi və praktiki əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda radiologiyanın müasir tibbin müxtəlif istiqamətlərində mühüm rol oynadığı, bu sahədə innovativ texnologiyaların tətbiqinin, elmi yeniliklərin mənimsənilməsinin və qabaqcıl beynəlxalq klinik təcrübənin öyrənilməsinin vacibliyi diqqətə çatdırılıb.
Simpozium çərçivəsində MRT və KT müayinələrinin diaqnostik imkanları, neyrodegenerativ xəstəliklərin radioloji qiymətləndirilməsi, süd vəzi xərçənginin radioloji xüsusiyyətləri, aorta aterosklerozunun ultrasəs müayinəsi ilə dəyərləndirilməsi, iltihabi bağırsaq xəstəlikləri, kəskin pankreatitlər, endometrioz, eləcə də ağciyərlərin xroniki infeksion xəstəliklərinin radioloji diaqnostikası kimi aktual mövzularda məruzələr təqdim olunub.
Qeyd edəki ki, bu qəbildən olan beynəlxalq tədbirlər elmi biliklərin klinik praktikaya inteqrasiyası, gənc mütəxəssislərin tədqiqat potensialının inkişafı və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan DİM 3 – Sağlamlıq və rifah, DİM 4 – Keyfiyyətli təhsil və DİM 9 – Sənaye, innovasiya və infrastruktur məqsədlərinin prioritetləri ilə uzlaşır. Bu istiqamətdə elmi biliklərin inkişafı, innovativ diaqnostik texnologiyaların tətbiqi və yüksəkixtisaslı tibbi kadrların hazırlanması səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

