Azərbaycan Tibb Universitetinin (ATU) Data-Analitika və Süni İntellekt laboratoriyasında ABŞ-nin Genomik Tibb üzrə Cekson laboratoriyasının professoru, tanınmış immunoloq Derya Unutmazla görüş keçirilib.
ATU-dan Aztibb.az-a verilən məlumata görə, tədbirdə laboratoriyanın və ATU-nun Elmi tədqiqatların idarə olunması departamentinin əməkdaşları, magistrantlar və tələbələr iştirak ediblər.
Görüşdə professor immunologiya, genomika, gerontologiya, sağlam qocalma və süni intellektin biotibbi tədqiqatlarda tətbiqi ilə bağlı təcrübəsini bölüşüb. Laboratoriyanın fəaliyyətini yüksək qiymətləndirən Derya Unutmaz birgə tədqiqat layihələrinin həyata keçirilməsi ilə bağlı arzusunu da ifadə edib.
Görüşdə aparılan müzakirələr ATU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə geniş fəaliyyətini də əks etdiri. Belə ki, tədbir bu məqsədlərdən DİM 3 (Sağlamlıq və rifah; DİM 17-yə (Məqsədlər naminə tərəfdaşlıq) uyğundur.
Qeyd edək ki, professor Derya Unutmazın elmi fəaliyyəti insan immun sisteminin öyrənilməsini və süni intellektin biotibbi tədqiqatlarda tətbiqini əhatə edir. ARDD 2026 beynəlxalq konfransının təqdim etdiyi məlumata görə, Derya Unutmazın h-indeksi – 77, elmi nəşrlərinə istinadların sayı isə 31 mindən çoxdur.

