Qazaxıstanın Töregeldi Şarmanov adına Astana Tibb Universitetinin 10 həkim-rezidenti Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) iki həftəlik akademik təcrübə proqramında iştirak edib.
Aztibb.az xəbər verir ki, proqram müddətində qazaxıstanlı rezidentlər beş müxtəlif ixtisas üzrə institutun müvafiq kafedra və klinik bazalarında nəzəri biliklərini artırıb, praktiki bacarıqlarını təkmilləşdiriblər. Təcrübə mübadiləsi zamanı gənc mütəxəssislər yerli həmkarları ilə birgə klinik müzakirələrə qatılıb və praktiki proseslərdə fəal iştirak ediblər.
Rotasiya proqramını uğurla tamamlayaraq vətənlərinə qayıdan rezidentlərin təcrübə mübadiləsinin yüksək səviyyədə təşkilinə görə Astana Tibb Universitetinin rəhbərliyi tərəfindən ADHTİ-nin rektoru, professor Nazim Pənahova rəsmi təşəkkür məktubu ünvanlanıb. Məktubda yaradılan şəraitə, göstərilən peşəkar dəstəyə və səmimi qonaqpərvərliyə görə institutun rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıq ifadə olunub, eyni zamanda gələcəkdə iki ali təhsil ocağı arasında bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

