Bakıda Türk Dövlətləri I Endouroloji Konqresi və Azərbaycan Endouroloji Cəmiyyətinin III Konqresinin açılış mərasimi keçiirlib.
Urologiya sahəsinin nüfuzlu tədbirlərindən sayılan və Azərbaycan Tibb Universitetinin (ATU) dəstək verdiyi Türk Dövlətləri I Endouroloji Konqresində səhiyyə nazirinin müavini Nadir Zeynalov, ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış ediblər.
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
Bildirilib ki, endourologiya sahəsində yeni müalicə üsullarının və beynəlxalq təcrübənin mütəxəssislər arasında paylaşılması məqsədi daşıyan tədbirdə konqresin sədri, Azərbaycan Endouroloji Cəmiyyətinin sədri, ATU-nun Urologiya kafedrasının müdiri professor Rauf Nağıyev və digər qonaqların da çıxışları dinlənilib.
230-dan artıq azərbaycanlı uroloqun qatıldığı tədbirdə 6 ölkədən 37 tanınmış alim də öz təçrübəsini paylaşıb. Konqres çərçivəsində 21 elmi məruzə üzrə çıxışlarla yanaşı, 2 praktiki kurs da icra edilib. Xüsusən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında gənc həkim və rezidentlər üçün təşkil olunan prostat vəzinin transureteral rezeksiya və sidik axarı daşlarının lazer litotripsiya kursu uğurla keçirilib. Kurslarda 74 rezident və gənc həkim iştirak edib.
Qeyd edək ki, Türk Dövlətlərinin I Endouroloji Konqresi öz əhəmiyyətinə görə xüsusi bir platformadır. Belə ki, endourologiya müasir urologiyanın ən sürətlə inkişaf edən istiqamətlərindən biri olmaqla yanaşı, minimal invaziv cərrahiyyə, yüksək texnologiyaların tətbiqi, innovativ diaqnostika və müalicə metodlarının inkişafı baxımından böyük imkanlar yaradır.
Konqres türk dünyasında tibb elminin inkişafı, qarşılıqlı etimadın gücləndirilməsi və gələcək nəsillər üçün davamlı elmi əməkdaşlıq platformasının yaradılması istiqamətində mühüm bir addım olmaqla yanaşı, türkdilli dövlətlərin alim və həkimləri arasında yeni elmi əlaqələrin qurulmasına, mövcud əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcək.

