Kran suyunda qəfil yaranan metal dadı onun tərkibində dəmir, mis və digər metalların birləşmələrinin olmasından xəbər verə bilər.
Aztibb.az "Life" portalına istinadən yazır ki, suyun tərkibində təhlükəli qarışıqların olub-olmadığını yalnız dadına görə müəyyənləşdirmək mümkün deyil. Buna görə də suyun keyfiyyətində davamlı dəyişiklik müşahidə edildikdə, səbəbi aydınlaşdırılana qədər onun içilməsindən çəkinmək tövsiyə olunur. Bu barədə kimya üzrə fəlsəfə doktoru Andrey Doroxov açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, metallar suya həm təbii mənbələrdən, həm də su təchizatı sistemindən qarışa bilər. Vaxt keçdikcə borular və birləşdirici hissələr korroziyaya uğrayır, nəticədə suyun tərkibində kənar maddələr yaranır. Bu proses çox vaxt suyun sarımtıl rəng alması, çöküntünün əmələ gəlməsi və santexnika avadanlıqlarında pas izlərinin görünməsi ilə müşayiət olunur.
Həkim bildirib ki, suda həll olmuş ikivalentli dəmir ilkin mərhələdə onun rəngini dəyişməyə bilər. Lakin oksigenlə təmas zamanı oksidləşərək pası xatırladan qəhvəyi birləşmələr əmələ gətirir.
Məhz buna görə də krandan axan su əvvəlcə tam şəffaf görünə, bir müddət sonra isə qəhvəyi rəng ala bilər. Dəmirin konsentrasiyası yüksək olduqda suda xarakterik metal və ya büzüşdürücü dad da hiss edilə bilər.
Kimya mütəxəssisi qeyd edib ki, bu cür dəyişikliklər daha çox temperaturun mövsümi tərəddüdləri fonunda nəzərə çarpır. Bununla belə, problemi yalnız payız mövsümü ilə əlaqələndirmək düzgün deyil. Korroziyanın sürətinə suyun turşuluq dərəcəsi, boruların texniki vəziyyəti və suyun boru sistemində qalma müddəti də təsir göstərir.
Bununla yanaşı, metal dadının hiss edilməsi suyun mütləq zəhərli olması demək deyil. Dəmirin bəzi birləşmələri, ilk növbədə, suyun dadını, qoxusunu və rəngini pisləşdirir. Daha ciddi təhlükə isə qurğuşun da daxil olmaqla, bəzi zərərli maddələrin xarici əlamətlərə əsasən etibarlı şəkildə müəyyən edilə bilməməsidir.
Əgər suda xoşagəlməz metal dadı qəfil yaranıbsa, suyu bir müddət axıtdıqdan sonra da bu dad qalırsa, üstəlik bulanıqlıq və çöküntü müşahidə edilirsə, Ekspert müvəqqəti olaraq həmin sudan içmək və yemək hazırlamaq üçün istifadə etməməyi tövsiyə edir. Suyun dəqiq kimyəvi tərkibini və təhlükəsizlik səviyyəsini yalnız laborator müayinəsi vasitəsilə müəyyənləşdirmək mümkündür.

