Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə İtaliyanın “Chiesi Farmaceutici” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru “Biotriumph Rarecare” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, memorandumun məqsədi ictimai səhiyyə sahəsində institusional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyət imkanlarının genişləndirilməsidir.
Memorandum İSİM-in baş direktoru Səbinə Babazadə və “Biotriumph Rarecare” MMC-nin direktoru Aygün Abasquliyeva tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinin təbliğinə həsr olunmuş elmi-praktik tədbirlərin, həmçinin milli, regional və beynəlxalq səviyyəli konfransların, simpoziumların, forumların, seminarların birgə təşkili, eləcə də xəstəliklərin, o cümlədən nadir xəstəliklərin erkən aşkarlanması, diaqnostikası və müalicəsi üzrə əhalinin və tibb işçilərinin məlumatlılığının artırılması üzrə maarifləndirilmənin həyata keçirilməsi və s. fəaliyyətlər nəzərdə tutulur.

