Rio-de-Janeyro Federal Universitetində (UFRJ) doktor Tatiana Koelyu de Sampayunun rəhbərlik etdiyi braziliyalı alimlər 25 illik elmi araşdırmaların nəticəsi olaraq Polylaminin adlı preparat hazırlayıblar. Plasenta zülallarından əldə edilən preparatın zədələnmiş onurğa beyninin regenerasiyasını stimullaşdırmaq potensialına malik olduğu bildirilir.
Aztibb.az "Apple’s Bite" nəşrinin məlumatına istinadən yazır ki, preparat 2025-ci ilin sentyabrında təqdim edilib və implantlardan istifadə etmədən onurğa beyni zədələnmələrinin nəticələrini aradan qaldırmağa yönəlmiş yeni müalicə üsulu kimi diqqət çəkib.
Polylaminin yeni aksonların – sinir hüceyrələrinin impulsları ötürən uzun çıxıntılarının inkişafını stimullaşdırır, həmçinin yetkin neyronların funksional bərpasına kömək edir. Preparat minimal invaziv müdaxilə üsulu ilə birbaşa onurğa nahiyəsinə yeridilir. İlkin klinik sınaqlarda paraplegiya (aşağı ətrafların iflici) və kvadriplegiyadan (dörd ətrafın iflici) əziyyət çəkən bəzi pasiyentlərdə nəzərəçarpan irəliləyiş müşahidə olunduğu bildirilir. Onlardan bəziləri hərəkət qabiliyyətini tam bərpa edib, digərlərində isə bədənin gövdə hissəsinə nəzarət və motor funksiyalar əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Ümidverici nəticələrə baxmayaraq, preparatın geniş istifadəsinə hələ icazə verilməyib. Onun Braziliyanın Milli Sağlamlıq Nəzarəti Agentliyindən (Anvisa) müvafiq tənzimləyici təsdiq alması gözlənilir. Məlumata görə, San-Paulu şəhərindəki xəstəxanalar icazə verildikdən sonra müalicəyə başlamaq üçün hazırlıq görürlər.

