Akademik İradə Hüseynova: Zəfər Azərbaycanın milli gücünün, birliyinin və elmi potensialının təntənəsidir  
08.11.2026 13:08

Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş, milli tariximizin axarını dəyişmiş möhtəşəm hadisədir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın sarsılmaz iradəsini, birliyini, Vətənə bağlılığını və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası ilə yanaşı, Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açdı, milli özünəinamı daha da gücləndirdi. Bu gün həmin tarixi uğurun məsuliyyətini dərk etmək, onu ölkəmizin hərtərəfli tərəqqisi ilə möhkəmləndirmək qarşıda duran əsas vəzifələrdəndir.

 

Azərbaycanın tarixi Qələbəsi xalqımızın dövlətçilik ənənələrinə, milli birliyinə, Müzəffər Ali Baş Komandana və öz gücünə inamına söykənən böyük iradənin təzahürüdür. Vətən müharibəsində hərbçilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi, dövlətimizin siyasi iradəsi və güclü idarəçilik strategiyası bu Qələbənin əsasını təşkil edib. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və müharibə iştirakçılarının qəhrəmanlığı Zəfər tariximizin mənəvi dayağıdır. Bu tarixi dərk etmək, onu gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin borcudur.

 

Zəfərdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri tarixi nailiyyətləri davamlı inkişafla möhkəmləndirməkdir. Müasir dünyada dövlətin gücü hərbi-iqtisadi imkanlarla yanaşı, elmi potensialı, texnoloji müstəqilliyi və insan kapitalı ilə müəyyən olunur. Bu baxımdan, elmi tədqiqatların ölkənin strateji inkişaf hədəflərinə yönəldilməsi, fundamental biliklərin innovasiyalara və praktik nəticələrə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın zəngin bioloji sərvətləri, nadir bitki və heyvan növləri, ekosistemləri və genetik ehtiyatları böyük elmi potensiala malikdir. Molekulyar-genetik tədqiqatlar, biotexnologiya, bioinformatika və müvafiq rəqəmsal texnologiyaların imkanlarından istifadə bu sərvətlərin öyrənilməsi, milli genefondun qorunması və davamlı istifadəsi üçün yeni perspektivlər açır. İqlim dəyişmələri, ekoloji problemlər və ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar bu sahələrin strateji əhəmiyyətini daha da artırır.

 

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərində elmin imkanlarından geniş istifadə olunmalıdır. Bu ərazilərin biomüxtəlifliyinin, flora və faunasının, torpaq və su ehtiyatlarının kompleks öyrənilməsi, pozulmuş ekosistemlərin bərpası alimlərin qarşısında duran mühüm vəzifələrdəndir. Yaşıl enerji, ekoloji təmiz kənd təsərrüfatı, təbii resursların səmərəli idarə olunması və ekosistemlərin mühafizəsi regionun dayanıqlı inkişafının əsas istiqamətləri kimi nəzərə alınmalıdır. İ.Hüseynova hesab edir ki, ölkənin elmi gələcəyi gənc tədqiqatçıların yetişdirilməsindən və onların potensialının reallaşdırılmasından birbaşa asılıdır. Gənc alimlərin müasir laboratoriyalara, qabaqcıl tədqiqat metodlarına və beynəlxalq elmi əməkdaşlıq imkanlarına çıxışının təmin edilməsi, təşəbbüslərinin dəstəklənməsi milli intellektual potensialın güclənməsinə xidmət edir. Bu gün gənclərə yaradılan elmi imkanlar Azərbaycanın sabahkı nailiyyətlərinin təməlidir.

 

Elmi diplomatiya da müasir Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm vasitədir. Azərbaycan alimlərinin dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığı, birgə tədqiqatlarda iştirakı, beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi təmsil etməsi milli elmin imkanlarının tanıdılmasına şərait yaradır. Bu əlaqələr qabaqcıl elmi təcrübənin ölkəmizə gətirilməsi, yeni tədqiqat istiqamətlərinin formalaşdırılması və Azərbaycan elminin beynəlxalq elmi məkanda mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Zəfərin tarixi və mənəvi əhəmiyyətinin qorunması da dövlət və cəmiyyət qarşısında mühüm vəzifədir. Bu hadisənin elmi, tarixi və ictimai baxımdan araşdırılması, tarixi həqiqətlərin sənədləşdirilməsi, əldə olunan nəticələrin beynəlxalq elmi və mədəni platformalarda təqdim edilməsi milli yaddaşın möhkəmlənməsinə xidmət edir. Ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və digər araşdırma mərkəzləri bu istiqamətdə fəal iştirak etməli, Zəfərin yaratdığı yeni reallıqların müxtəlif elmi aspektlərini öyrənməlidirlər.

 

Zəfər Günü hər bir azərbaycanlıya qürur yaşatmaqla yanaşı, gələcək qarşısında məsuliyyətimizi də xatırladır. Bu Qələbə xalqımızın nəyə qadir olduğunu göstərdi. İndi həmin iradəni quruculuqda, elmdə, təhsildə, texnologiyada və iqtisadi inkişafda nümayiş etdirmək zamanıdır. Güclü dövlətin təməlində güclü elm, yüksək intellektual potensial, sağlam düşüncə və Vətənə bağlı gənc nəsil dayanır. İ.Hüseynova qeyd edib ki, Azərbaycan xalqının Zəfər salnaməsi gələcək nəsillər üçün əbədi qürur mənbəyi və vətənpərvərlik nümunəsi olaraq qalacaq. Şəhidlərimizin əziz xatirəsinə, qazilərimizin fədakarlığına və xalqımızın tarixi iradəsinə ən böyük ehtiram ölkəmizin inkişafı naminə çalışmaq, milli sərvətlərimizi qorumaq və elmi potensialımızı daha da gücləndirməkdir.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova

 

O əlavə edib ki, Azərbaycan alimləri öz bilikləri, araşdırmaları və yenilikçi ideyaları ilə bu böyük inkişaf yoluna layiqli töhfələr verəcək, Zəfərdən doğan qüruru yeni elmi və intellektual nailiyyətlərlə tamamlayacaqlar.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub